Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əhməd Rüstəmovun 90 illik yubileyi münasibətilə tədbir keçirilib. 
   Tədbir iştirakçıları öncə sənətkarın məzarını ziyarət edib, N.Nərimanov adına Mədəniyyət evinin foyesində onun həyat və yaradıcılığını əks etdirən sərgiyə tamaşa ediblər.
   Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov açaraq Aşıq Əhmədin sinəsində söz çeşməsi gəzdirən, bütün ömrünü saza, sözə bağlayan el sənətkarı olduğunu vurğulayıb. Natiq sənətkarın “Sazımın telləri”, “Əlləriniz yorulmasın”, “Xoş gəlmisən Kürdəmirə, rəhbərim” və s. kitabları haqqında tədbir iştirakçılarına məlumat verərək ustad aşığın 20 dastanının və yüzlərlə şeirinin olduğunu qeyd edib.
   Qeyd olunub ki, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş ustad aşıq şərəfli həyat yolu keçib, daim zəhmətkeşlər və geniş ictimaiyyət qarşısında çıxışlar edərək sazı və sözü ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə öz töhfəsini verib. Çıxışda o da qeyd edilib ki, Əhməd Rüstəmov ulu öndər Heydər Əliyev siyasətinin alovlu təbliğatçısı olub, daima öz yaradıcılığında dövlətə və dövlətçiliyə sədaqəti tərənnüm edib.
   İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun çıxışından sonra aşığın həyat və yaradıcılığından bəhs edən videofilm təqdim olunub.
   Tədbirdə Aşıq Əhmədin xatirə işığına yığışan alimlər, sənətkarlar onun yaradıcılığından məhəbbətlə söz açıblar. Professor Seyfəddin Qəniyev, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, aşıq poeziyasının tədqiqatçısı Elxan Məmmədli, tədqiqatçı Yaqut Əşrəfova, şair Kərəm Kürqıraqlı, Abduləziz Xanəhmədoğlu, Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, aşığın yaxın qohumu Solmaz Mehdiyeva Aşıq Əhmədin yaradıcılığından geniş danışaraq tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
   Tədbirə qatılan sənət adamları Aşıq Əhliman, Aşıq Yanvar, Aşıq Məhəmməd, Aşıq Babək, xanəndə Əvəzxan Xankişiyev, Ağacan Novruzov, Nəsrullah Məmmədov, Elvin Əsgərov, aşığın sonuncu şagirdi Qəlbinur İbrahimli və başqaları görkəmli el aşığı haqqında xatirələrini söyləyib, onun şeirlərini oxuyub, şeirlərinə bəstələnmiş musiqiləri və aşıq mahnılarını ifa ediblər.