Oğuz rayonun mədəniyyət müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü silsilə tədbirlərlə yad edilir. Dekabrın 8-də Heydər Əliyev Mərkəzində keçirilən “Sənin yerin görünəcək” adlı ədəbi-bədii gecə də bu tədbirlərdən biri idi.
   
   Gecədə iştirak edənlər ulu öndərin xatirəsini bir daha böyük ehtiramla yad etdilər. Qeyd olundu ki, dahi şəxsiyyətlər heç bir zaman unudulmur, əbədi yaşayırlar. Azərbaycan xalqı da tariximizdə böyük xidmətlər göstərmiş, Azərbaycan dövlətçiliyini xilas etmiş Heydər Əliyevin xatirəsini heç vaxt unutmayacaq.
   Ulu öndər həyatının mənasını xalqa xidmət etməkdə görən böyük bir şəxsiyyət idi. Elə ikinci dəfə hakimiyyətə qayıdışı zamanı söylədiyi “Mən həyatımın qalan hissəsini xalqıma bağışlayıram” sözləri onun həyat qayəsinin ifadəsi idi.
   Heydər Əliyev siyasət nəhəngi, dövlət quruculuğu işinin mahir bilicisi, memarı idi. Eyni zamanda, islahatçı, yenilikçi. İmperiyanın güclü vaxtında da o hər şeyin insanlara xidmət etməsinə çalışırdı. Ulu öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz qoyaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Xalqımızın hələ neçə-neçə nəsli bu böyük məktəbdən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
   Tədbirdə muzeyin əməkdaşları, Oğuz RİH-nin nümayəndəsi Y.Rzayev, gənclər və idman idarəsinin rəisi R.Mahmudov, təhsil şöbəsinin inspektoru R.Nurməmmədov, 2 saylı orta məktəbin direktoru S.Rüstəmova, tarix-diyarşünaslıq muzeyinin əməkdaşı E.Mütübullayeva və başqaları çıxış edərək böyük öndərin həyatı və dövlətçilik fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, insanın ömrü onun əməlləri, gördüyü işlərlə ölçülür. Bu baxımdan Heydər Əliyevin ömrü bitməz və tükənməzdir. Nə qədər ki, Azərbaycan dövləti yaşayır, onun yeri hər zaman görünəcək.
   
   Qəsidə Hüseynova,
   Oğuz