Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 17-18-də “Qafqaz Resorte” hotelində Qəbələ II Beynəlxalq incəsənət-rəsm sərgisi keçirilib.
   Tədbirdə Azərbaycan, Rusiya və SSRİ-nin Xalq rəssamı, akademik Tahir Salahov, Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov, Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci-Han çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar.
   “Sənət! Həyat! Torpaq!” mövzusuna həsr olunmuş sərgidə 18 ölkəni - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Yaponiya, Çexiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən 116 rəssam və heykəltəraşın 200-dən artıq əsəri nümayiş olunub.
   Sərgidə Azərbaycanın 48 rəssamının 100-dən artıq rəsm əsəri də yer alıb. Xalq rəssamları Tahir Salahovun, Mirnadir Zeynalovun və Xanlar Əhmədovun əsərləri yerli və xarici qonaqların marağına səbəb olub. Sərgidə Koreya, Almaniya, İsrail və Rusiya rəssamlarının əsərləri üstünlük təşkil edib. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq sənətinin nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaradıb.