Qusar rayonunun Çiləgir kənd mədəniyyət evinin bədii özfəaliyyət kollektivi neçə illərdir ki, rəngarəng, maraqlı proqramlarla kənd tamaşaçıları qarşısında çıxış edir.
   
   Əsasən yeniyetmə və gənclərdən ibarət olan kollektiv məlahətli ifa tərzi, kütləvi oyunlarda bacarıqları, milli, eləcə də digər xalqların rəqslərini yüksək səviyyədə tamaşaçılara təqdim etmək məharəti ilə seçilirlər. Mədəniyyət evinin mədəni təşkilatçısı Arzu Məmmədovanın rəhbərliyi ilə yaradılmış qızlardan ibarət "Qönçə" qrupunun ifasında nümayiş olunan rəqslər tamaşaçıların xüsusilə böyük rəğbətini qazanmışdır. Rəqs qrupunun üzvləri Sevil Qurbanova, Ulduz Davidova, Güləsər Ağayeva, Zöhrə Sultanova "Sarı gəlin" xalq mahnısının həzin musiqili sədaları altında ağ-sarı gəlin paltarında durna qatarı kimi süzür, "Ləzginka"da dağlıların mərdliyini, igidliyini əks etdirən iti hərəkətləri məharətlə yerinə yetirir, qaraçı və özbək rəqslərində isə həmin xalqların folklorunu, milli geyimlərini, mənalı rəqs elementlərini özlərinə məxsus formada nümayiş etdirirlər. Kənd tamaşaçıları qarşısında çıxış etməklə kifayətlənməyən kollektiv yay aylarında Qusar şəhərinin general Mahmud Əbilov adına meydanında təşkil olunan konsert və əyləncə proqramlarında zövqoxşayan ifaları ilə böyük rəğbət qazanmışlar.
   Kollektiv bu yaxınlarda Xaçmaz "Regional TV"-nin də qonağı olmuşdur. "Xalq yaradıcılığı: milli folklor" verilişində iştirak edən "Qönçə" rəqs qrupu öz nümunəvi repertuarını təqdim etmişdir.
   
   Cavid Tahirov,
   Qusar rayonu