Paytaxtla yanaşı, regionlarda da bu sahədə genişmiqyaslı layihələr həyata keçirilir
   
   Yanvarın 21-də prezident İlham Əliyev Gəncə şəhərinə və Goranboy rayonuna səfər edib. Dövlət başçısı səfər zamanı bir sıra mədəniyyət və istirahət ocaqlarına da baş çəkib, açılışlarda iştirak edib.
   
   Ənənələr və müasirlik: Gəncənin tarixi siması yenilənir
   
   Gəncəyə səfərinə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayan prezident sonra şəhərdə aparılan tikinti-abadlıq, yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı bundan öncəki səfərləri zamanı Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə tövsiyələr verib. Bu tövsiyələrə uyğun olaraq görülən işlər barədə prezidentə məlumat verilib.
   Prezident İlham Əliyev Gəncədəki Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısına aid tarixi tikililərdir. Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı ev, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Xasməmmədov qardaşlarının evi Cavad xan küçəsinin tarixi tikililərindəndir. Küçədəki bütün tarixi binaların üzərinə lövhələr vurulub, dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanıb. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. Binaların dam örtükləri də yenidən qurulub, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanıb. Müxtəlif yerlərdə 7 fəvvarə quraşdırılıb. Küçə boyu milli adət-ənənələri təsvir edən heykəllər qoyulub. Gələcəkdə burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan sənətkarlar üçün xüsusi emalatxanaların tikilməsi nəzərdə tutulur.
   
   Gəncə Dövlət Filarmoniyasının yeni binası inşa edilir
   
   Prezident Gəncə Dövlət Filarmoniyasının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində yeni binanın tikilməsinə qərar verilib. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaq. Binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur.
   
   Nizami irsinə böyük ehtiram
   
   Prezident İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə də tanış olub. Dahi mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Burada 7540 kvadratmetr sahəyə qranit lövhə döşənib, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilib, beş buta qranitlə üzlənib, bir süni göl və körpü təmir olunub. 11 hektar ərazidə yaşıllıq zolaqları salınıb, dekorativ ağaclar əkilib. Məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanıb. Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaq. Muzey Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcək.
   Dövlət başçısı Gəncədəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib. Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilib. “Xəmsə” abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılıb. Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulub.
   
   Möhtəşəm Bayraq meydanı və “Qala” kompleksi
   
   Azərbaycan prezidenti Nəriman Nərimanov parkının açılışında iştirak edib. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulub. Burada salınan yaşıllıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirib.
   Prezident Gəncədəki Bayraq Meydanında görülən işlərlə də tanış olub. Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 100 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Prezident İlham Əliyev dövlət bayrağını qaldırıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
   Sonra dövlət başçısı Gəncədə inşa olunan “Qala” kompleksində işlərin gedişi ilə tanış olub. İnşasına ötən ilin aprelində başlanılan “Qala” kompleksi şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilir. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, qala qülləsinin hündürlüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın Gəncə qapılarının eni 5, hündürlüyü 7 metrdir. Yuxarı hissədə 6 metr diametrində Gəncənin gerbi və gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaq. Qalanın qarşısında “Xəmsə” bulağı inşa ediləcək. Bundan başqa, “Qala” və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur.
   Azərbaycan prezidenti Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur. Mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4500 kvadratmetrdir. Mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan “Zəfər tağı” inşa ediləcək. “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaq.
   Dövlət başçısı Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə də tanış olub. Kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə xeyli iş görülüb. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilib, 5 böyük günbəzin quraşdırılması başa çatmaq üzrədir.    

   Goranboy Mədəniyyət Evi yenidən qurulub
   
   Sonra Goranboy rayonuna gələn prezident əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Prezidentə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verilib.
   Dövlət başçısı Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşmüşdü. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılıb. Binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, onun və prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılıb. Mədəniyyət Evinin zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait var.
   
   Xocalı şəhər 1 nömrəli musiqi məktəbi ilə tanışlıq
   
   Prezident Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib. Sonra prezident məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış olub. Məktəbin foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini, ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələr yaradılıb. Burada ayrıca “Xocalı faciəsi - xalqın qan yaddaşı” adlı fotoguşə də var. Musiqi məktəbində tar, qarmon, nağara və fortepiano sinifləri yaradılıb. Prezident məktəbin zalında Xocalıdan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinləyib, onlarla xatirə şəkli çəkdirib.
   Dövlət başçısı Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına parkın açılışında da iştirak edib. Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşən parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılıb. Abidənin ətrafında şairin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılıb.
   Azərbaycan prezidenti parkda yaradılan şəraitlə tanış olub və burada yaradılmış şəraiti yüksək qiymətləndirib.