Kəndlərimizin turizm potensialı   
   
   Qax rayonu Azərbaycanın qədim və zəngin tarixi keçmişə malik bölgələrindəndir. Zəngin mədəni irs nümunələrini yaşadan rayonun turizm potensialı da çox genişdir.
   
   Qaxın müxtəlif kəndlərində yaşıl, müalicə və istirahət turizminin, habelə dağ və qış turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Rayonun turizm nöqteyi-nəzərindən seçilən yaşayış məntəqələrindən biri də Qum kəndidir. İlin bütün fəsillərində burada füsunkar təbiətin yaratdığı ekzotika göz oxşayır.
   Qum kəndi Qax rayon mərkəzindən 8 km məsafədə, Böyük Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700 m yüksəklikdə yerləşir. Rayon mərkəzindən kəndə getmək üçün 10-15 dəqiqə sərf etmək lazım gəlir. Kənddə kiçik dağ çayı axır. Dağ ətəkləri sıx meşələrlə əhatə olunub. Meşələr əsasən yabanı meyvə ağaclarından (əzgil, alça, zoğal, meşə alması, meşə armudu) ibarətdir.
   İlin müxtəlif fəsillərində kənddə turistlərə rast gəlmək mümkündür. Adətən turistləri bölgəyə zəngin və füsunkar təbiət, maraqlı tarixi memarlıq və təbiət abidələri cəlb edir. Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizovanın sözlərinə görə, təkcə ötən il Qax rayonuna gələn 15 mindən artıq turistin əksəriyyəti Qum kəndində olub: “Kəndin mənzərəsi çox gözəldir. Burada Qafqaz Albaniyası dövrünə aid tarixi abidələr, təbiət abidələri, məscid var. Turistlərin ən çox maraq göstərdiyi abidə isə qədim Qum bazilikasıdır”.
   
   Qum bazilikası möhtəşəm sənət əsəridir
   
   Qum bazilikası IV-V əsrlərə aid günbəzli alban məbədidir. Qədim Bizans memarlığı nümunəsi olan bazilika latın dilindən tərcümədə “hökmdarın evi” mənasını verir. Bu memarlıq abidəsi bazilika tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası da adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Bazilika Musa Kalankatlının "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Bəzi mənbələrdə xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.
   Bazilika planda 26,5 metr uzunluğa, 19,3 metr enə malikdir. Məbəd üç tərəfdən sütunlardan yaradılmış qalereya formalı örtüklə və nalşəkilli tağlarla əhatə edilib. Qum bazilikası əsas etibarilə tünd yaşıl rəngli iri çay daşlarından hörülüb. Abidə çox möhtəşəmdir. İri daş sütunları və tağları çox incəliklə işlənilib. 2006-cı ildə abidədə bərpa və abadlıq işləri aparılıb.
   
   “Damcılı” maraqlı
   təbiət hadisəsidir
   
   Kənddə üç alban məbədi var. Ən çox ziyarət olunan abidələrdən biri də VI-VII əsrlərə aid edilən Kilsəhəd məbədidir. Kənddə XIX əsrə aid məscid də fəaliyyət göstərir. Kəndə yaxın digər ərazilərdə də maraqlı tarixi memarlıq abidələrinə, təbiət abidələrinə rast gəlmək mümkündür.
   Qum kəndi ərazisində “Damcılı” şəlaləsi də turistlərin diqqətini cəlb edir. Şəlalə maraqlı təbiət abidəsidir. Damcı ilə süzülən su mamır və şibyələrdən keçərək, maraqlı təbiət hadisəsi yaradır. Şəlalənin əhəmiyyəti nəzərə alınaraq dövlət tərəfindən qorunur.
   
   Həftəsonu istirahət üçün gözəl məkan
   
   Yerli turizm şirkətləri Qum kəndinə iki və üçgünlük turlar təşkil edirlər. Yayda buraya həftəsonu istirahətə gələnlər xüsusilə çox olur. Kəndə gələnləri yolboyu füsunkar təbiət mənzərələri əhatə edir. Kənddə mehmanxana olmadığından turistlər kənd evlərində yerləşdirilir. Onlara yerli mətbəxdən yeməklər təklif olunur. Kəndin etnoqrafiyası və məişət həyatı ilə tanışlıq da turistdə maraq oyadır.
   İlisu dövlət qoruğuna aid olan Qum meşəsinə, qonşu Çinarlı kəndində “Ballı bulaq” adlanan yerə, qonşu kəndlərin görməli yerlərinə də gəzintilər təşkil olunur. Qum kəndindən 5 km aralı Çinarlı kəndi ərazisində Qaraçayın ətrafında “Ballı bulaq” ərazisi gözəl mənzərəli və istirahət mərkəzidir.
   
   Ceyhun Zərbəliyev