Prezident İlham Əliyevin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü haqqında” imzaladığı sərəncamına əsasən, Qusar rayonunun mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib. Rəsm qalereyasında “Şuşasız 20 il” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsində fərqlənənlərin 80-dən çox əl işi nümayiş olunub.
   May ayının 7-də rayon icra hakimiyyətinin başçısı Şair Alxasov və rayonun idarə və müəssisələrinin rəhbərləri sərginin açılışında iştirak ediblər. Məktəblilər Şuşanın tarixi abidələrini, təbiət mənzərələrini, işğal nəticəsində dağıdılmış şəhər görüntülərini, təcavüzkar ermənilərin törətdikləri vəhşilikləri şəkillərə köçürüb. Sərgi may ayının 20-dək davam edəcək.