Mayın 3-də Oğuz rayonundakı Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Xalqın qəlbində ucalan mənəvi abidə” adlı ədəbi-bədii gecə keçirilib.
   
   Dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən filmin nümayişindən sonra 3 saylı məktəb-liseyin şagirdləri “Heydər Əliyev və yaratdığı Azərbaycan” mövzulu kompozisiya ilə çıxış ediblər. Mərkəzin direktoru Günel Abdullayeva, mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova və başqaları ulu öndərin Azərbaycanın bugünkü inkişafındakı əvəzsiz rolundan, dünya arenasında öz dahiliyi ilə qazandığı danılmaz şöhrətdən danışıblar.
   Qeyd olunub ki, tarix şəxsiyyəti yaratdığı kimi, şəxsiyyətlər də tarix yaradır. Ümummilli lider xalqın qəlbində əsrlər boyu yaşayacaq əbədi bir abidə yaratmışdır. Dünyanın dörd bir yanında yaşayan 50 milyondan çox azərbaycanlını milli birlik və azərbaycançılıq ideyaları altında birləşdirmişdir. Onun siyasi fəaliyyətinə, əvəzsiz dövlət xadimi kimi gördüyü işlərə nəzər salmaq tariximizin böyük bir salnaməsini qiymətləndirmək deməkdir. Xalqımız gözəl gələcəyə Heydər Əliyevin təməlini qoyduğu inkişaf və yüksəliş yolu ilə gedir. Xalq hər il 10 mayı - öz liderinin doğum gününü bayram etməklə ona sonsuz sayğısını nümayiş etdirir.