Dövlət Uşaq Filarmoniyasının böyük bir heyəti - müəllimlər, rəqs qrupu, xalq çalğı alətləri ansamblının üzvləri və vokalçılar yerli icra hakimiyyətinin dəvəti ilə Şəkidə səfərdə olub. Kollektiv maraqlı konsert proqramı ilə çıxış edib.
   
   «Karvansaray» hotelinin həyətində keçirilən konsert II Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 67-ci ildönümü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuşdu. Tədbirdə icra hakimiyyətinin başçısı Elxan Usubov, icra nümayəndələri, veteranlar iştirak edirdi.
   Konserti III Beynəlxalq muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva «Bura vətəndir» mahnısı ilə açdı. Onun ifası tamaşaçıları məmnun etdi. Vokalçı İslam Qasımov «Vətən» nəğməsini və «Arşın mal alan» (Ü.Hacıbəyli) operasında Əsgərin ariyasını ifa etdi. İbrahim Nəsrullayev «Alagöz» (C.Cahangirov), «Sənə də qalmaz» (T.Quliyev), Sədəf Budaqova «Vətən sənindir», «Ay bəri bax», «Azərbaycanım», Əli Hidayətli «Azərbaycan oğluyam» mahnılarını ifa etdilər. Uşaqların ifasında müxtəlif rəqslər də alqışlarla qarşılandı.
   İki saatdan artıq davam edən konsert burada yeni ab-hava yaratmışdı. Bu tarixi şəhərdə uşaqların mənəvi maraqları da unudulmadı. Onlar Şəki Tarix və Diyarşünaslıq Muzeyində, Şəki Xan bağında, Şəki Xan sarayında ekskursiyada olmaqla bahəm görkəmli ədibimiz Mirzə Fətəli Axundzadənin adını daşıyan küçədə Şəki sənətkarları ilə görüşüb, xatirə əşyaları, Şəki şirniyyatları aldılar.
   * * *
   Ötən il Azərbaycanın “Sənətkarlar paytaxtı” olmuş İsmayıllıya səfər də yaddaqalan oldu. Kollektivi İsmayıllı rayon Fazil Əzimov adına incəsənət məktəbinin direktoru Elşən Süleymanov və məktəbin müəllimi Teymur Əhmədov qarşıladı. E.Süleymanov 1968-ci ildə mərhum bəstəkar Qara Qarayevin təşəbbüsü ilə açılmış incəsənət məktəbinin fəaliyyəti barədə məlumat verdi: «Hazırda 350 şagird və 77 müəllimimiz var. İstedadlı uşaqlarımızın inkişafı üçün əlimizdən gələni əsirgəmirik».
   Mədəniyyət evi ağzınacan doludur. Çıxışların böyük ruh yüksəkliyi ilə qarşılanması ifaçıları həvəsləndirir. Onlar alqış sədaları və gül buketləri ilə səhnəni tərk edirlər. Konsertin sonunda rayonun mədəniyyət işçiləri tədbirin təşkili üçün Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskayaya təşəkkürlərini bildirib, ona İsmayıllı sənətkarlarının hazırladıqları, üstü naxışlarla bəzədilmiş vaza hədiyyə etdilər.
   Filarmoniyanın uşaqları rayon tarix və diyarşünaslıq muzeyində də oldular. Bələdçi Qumru Abdullayeva onlara muzeydəki eksponatlar barədə məlumat verdi. Uşaqlar muzeydə Basqal kəlağayıları, Lahıcın misgərlik nümunələri və s. eksponatlarla yaxından tanış oldular.