Qazax rayon MKS-nin təşkilatçılığı ilə rayon mədəniyyət evinin qarşısında “Kitab bayramı” keçirilib. Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan tədbiri Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı açaraq, hər il respublikanın şəhər və rayonlarında keçirilən ənənəvi kitab bayramlarının əhəmiyyətini qeyd edib. Mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev çıxışında elmin, kitabın, mütaliənin insanın həyatındakı rolu, respublikamızda mədəniyyətin inkişafı barədə danışıb.
   Tədbirdə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”, “Uşaqları kitabla böyüdək”, “Şairlər vətəni - Qazağım mənim”, “Azərbaycan tarixini öyrənək”, “Dilimiz - milli sərvətimizdir”, “28 May - Respublika Günüdür”, “M.F.Axundzadə -200” və s. mövzularda kitab sərgiləri nümayiş etdirilib.
   Şair Barat Vüsal öz çıxışında bildirib ki, kitablar tarixi yaşadır, nəsilləri bir-birinə qovuşdurur, insanın şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. Tədbirdə şair-dramaturq Fuad Babanlının yeni çapdan çıxmış “İnam itməyəndə” və “Haray dağı” kitablarının təqdimatı keçirilib. Qazax şəhər 1 və 2 saylı musiqi məktəblərinin saz sinfinin şagirdlərinin çıxışı, şəhər orta məktəbi şagirdlərinin səsləndirdikləri şeirlər, məktəblilərin əl işlərindən ibarət sərgi maraqla qarşılanıb.