Qaxda C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Kitab təfəkkürün aynasıdır” adlı kitab bayramı keçirildi. Rayon mərkəzindəki Heydər Əliyev parkında gerçəkləşən tədbir çərçivəsində “Kitabın inkişaf yolları” adlı dəyirmi masa və “İlin ən yaxşı oxucusu” adlı müsabiqə təşkil olunmuşdu.
   
   Meydanda ulu öndər Heydər Əliyevin sözləri ilə yazılmış transparantlar, dahilərin kitab haqqında məşhur fikirləri yazılmış lövhələr, fotostendlər, kitab sərgiləri diqqəti cəlb edirdi. “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “İlin yubileyləri” (N.Gəncəvi-870, M.Ə.Sabir-150, M.F.Axundzadə-200, Ə.Cavad-120, H.Cavid-130, M.S.Ordubadi-140), ”Dünya uşaq ədəbiyyatı inciləri” və s. mövzularda kitab sərgilərinə böyük maraq vardı.
   Qax Rayon İncəsənət Məktəbinin xoreoqrafiya şöbəsi şagirdlərinin ifası tədbirə xüsusi rəng qatdı. 2 saylı məktəbin, Qum, İlisu kənd kitabxanalarının oxucularının təqdim etdikləri nömrələr hər kəsin xoşuna gəldi. İdman məktəbinin metodisti D.Əhmədova, rayon təhsil şöbəsindən A.Məhərrəmova, 2 saylı orta məktəbin müəllimləri N.Osmanova, G.Seyidova, Qax bələdiyyəsinin üzvü B.Heydərov kitabxanaçıları və oxucuları təbrik etdilər.
   “Qızıl qələm” mükafatı laureatı, şairə S.Əfəndiyeva, şəhər kitabxanasının əməkdaşı, bu günlərdə Şəkidə M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə keçirilən bədii qiraət müsabiqəsində IV yerə layiq görülən Aygül Əşrəfli yaddaqalan çıxışlar etdilər.
   Tədbirin sonunda MKS-nin direktoru G.Əhmədova çıxış edərək “İlin ən yaxşı oxucuları” müsabiqəsinin qaliblərini təltif etdi.
   
   G.Mahalova,
   Qax rayon MKS-nin kitabxana informasiya texnologiyaları üzrə mütəxəssisi