Noyabrın 8-də Muzey Mərkəzinin akt zalında "Kukla" art qalereyasının internet saytının təqdimatı keçiriləcək. Cənubi Qafqazda ilk "Kukla" art qalereyası 2013-cü il aprelin 23-də Azərbaycanda açılıb. Qalereyanın əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, işlərinin dünyanın ən yaxşı sərgi salonlarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan "Kukla" art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevrilməkdədir.
Qeyd edək ki, "Kukla" art qalereyası Bakı şəhəri, Yusuf Məmmədəliyev küçəsi 14 ünvanında yerləşir.