Elektron kitabxana və yeni informasiya texnologiyalarının işlədici və işlədicilərinin Beynəlxalq Assosiasiyasının (ELNİT) qərarı ilə Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi müvafiq ərizəyə əsasən bu quruma üzv qəbul edilmişdir. Beynəlxalq Assosiasiyanın prezidenti, texnika elmləri doktoru, professor Y.L.Şrayberqin imzası ilə 633 saylı üzvlük vəsiqəsi bu günlərdə Astara MKS-yə göndərilmişdir.
   
   Rayon MKS-nin beynəlxalq təşkilata üzv qəbul edilməsi elektron kitabxananın fəaliyyəti, informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlərə, qazanılan uğurlara verilən qiymətdir.
   MKS-nin direktoru Nazim Fərəməzov bizimlə söhbətində bildirdi ki, kitabxanalarda elektron xidmət sisteminin yaradılması çox vacib və əhəmiyyətlidir: “Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan olunması bu sahədə bizim də qarşımızda mühüm vəzifələr qoyur. Müasir dövr yeni texnologiyalarla işləməyi, oxuculara xidmətin daha yaxşı təşkilini tələb edir. Mərkəzi kitabxanada elektron xidmət sisteminin yaradılması fəaliyyətimizdə yeni imkanlar açmışdır. Kitabxanamızda 11 kompyuter elektron xidmət sisteminə daxil edilmişdir. Məqsəd respublikamızın ən böyük kitabxanaları ilə əlaqə yaratmaq, elektron kataloq təşkil etmək, elektron sistemi yaxşılaşdırmaqdır. Astara MKS-nin Beynəlxalq Assosiasiyaya üzv qəbul edilməsi bizi daha yaxşı fəaliyyət göstərməyə ruhlandırır”.
   MKS-də elektron xidmətin, informasiya texnologiyalarının tətbiqində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Natəvan Mədətzadənin də böyük əməyi var. Bu sahədəki uğurlarına görə o, ötən ilin dekabrında Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı ilə təltif olunub. Natəvan Mədətzadə 2012-ci ilin yanvarında Rusiyanın paytaxtı Moskvada incəsənət, mədəniyyət və turizm işçilərinin Hazırlıq Akademiyasında “Kitabxanaların fəaliyyətində internet texnologiyası” proqramı üzrə distant təhsil almış və ona xüsusi vəsiqə verilmişdir.

   Sakitağa Kərimov,
   Astara rayonu