Dekabrın 25-də Azərbaycan Dillər Universitetinin Akt zalında tələbələrin ifasında xalq yazıçısı Elçin Əfəndiyevin  “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim” tamaşasının  səhnələşdirilmiş təqdimatı keçirildi.
Universitetın rektoru, Milli Məclisin deputatı Səməd Seyidov qonaqları salamladı və müxtəlif teatrlarda səhnə həyatı yaşamış  bu tamaşanın  tələbələrin ifasındakı özəlliklərindən söz açdı. Daha sonra çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, tamaşanın rejissoru Fəridə Səfiyeva  xalq yazıçısı Elçinin yaradıcılığından danışdı.


Xatırladaq ki, tamaşa Sovet İttifaqının dağıldığı dövrdə insanların çaşqınlığına, cəmiyyətdəki anlaşılmazlıqlara həsr olunan ikihissəli tragikomediyadır. Əsərdəki hadisələr 1991-ci ildə respublikamızda yaranmış ictimai-siyasi vəziyyətin müxtəlif cəhətlərini əks etdirir.
 Rolları Könül Abbasova, Nigar Əliyeva, Pərviz Hətəmov, Ağa Əliyev və başqaları ifa etdilər. Tamaşada əsərin müəllifi - baş nazirin müavini Elçin Əfəndiyev, xalq yazıçısı Çingiz Abdullayev, görkəmli ziyalılar, sənət adamları iştirak etdilər.