Gənc Tamaşaçılar Teatrında çalışqanlığı, fərdi yaradıcılığı və digər keyfiyyətləri ilə seçilən şəxslər çoxdu. Onlardan biri - teatrın ədəbi-dram hissəsinin rəhbəri Rafiq Rəhimli redaksiyamızın qonağıdı.
O, 1956-cı ildə Lənkəran şəhərində anadan olub. Ziyalı ailədə böyüyüb. Atası həkim, anası şəfqət bacısı olub. 1984-1989-cu il tarixdə ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsində oxuyub...

- Sonra necə oldu ki, teatr sahəsinə keçdiniz?

- O vaxt təhsilimi uğurla başa vurduqdan sonra təyinatımı AzTV-yə aldım. On il orada çalışdım. Onu da deyim ki, televiziyada işləyə-işləyə bu sahəyə də meyil edirdim. Yəni jurnalistik fəaliyyətimlə bərabər, teatra aid  ssenarilər yazır,  tərcümələr edirdim. Ona görə də tez-tez Mədəniyyət və Turizm Nazirliyinə gedirdim. Teatr şöbəsindən bəzi tapşırıqlar alırdım. Həmin tapşırıqları böyük maraq və həvəslə yerinə yetirirdim... Bir vaxt gördüm ki, artıq bu sahədə xeyli təcrübə toplamışam.

- Görünür, vaxtilə kimsə sizdə bu sahəyə güclü maraq oyadıb?!

- Qənaətiniz həqiqətən doğrudu. Hələ orta məktəb illərində atam məndə bu sənətə maraq oyadıb. O, məni geniş dünyagörüşlü jurnalist-yazıçı görmək istəyirdi. Ona görə də, mənimlə tez-tez respublikanın tanınmış şair və yazıçıları, aktyorları, memarları və başqaları haqqında maraqlı söhbətlər edərdi. Atam sonra hiss etdi ki, mən teatra daha çox maraq göstərirəm. Ona görə də, bir gün məni yanına çağırdı ki, bu sahədən də məlumatın olsun... Beləliklə o, məni bu sahədən çəkindirmək istədi. Ancaq artıq gec idi. Teatr qəlbimdə özünə yer etmişdi.

- Nə vaxtdan, teatrda çalışırsınız?

- 1997-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə daha sıx əlaqələrim oldu. Sofoklun “Şah Edip” əsərini tərcümə etmək üçün mənə verdilər. Bu işim həm də tərcümə qabiliyyətimin sınağı oldu. Eyni zamanda, italyan dramaturqu Eduardo de Filipponun “Silindir” əsərini tərcümə etdim. Əsər həmin il Estrada Teatrında tamaşaya qoyuldu. 1998-ci ildə isə “Sevgi nağılı” pyesim nazirlik tərəfindən qəbul edildi... 2000-ci lidə İrəvan Dövlət Dram Teatrına yeni rəhbər təyin edildi. Eyni zamanda teatrda 14 yeni iş yeri açıldı. Beləliklə, həmin il teatrda “Ədəbi-dram hissə” rəhbəri işinə dəvət olundum. 2002-ci ildə isə Gənc Tamaşaçılar Teatrında həmin vəzifəyə - ədəbi-dram hissə  rəhbəri vəzifəsinə dəyişildim. Xeyli vaxt Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi bir çox tədbirlərin ssenari müəllifi və quruluşcu rejissoru olmuşam. Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyinə həsr edilmiş rəsmi dövlət tədbirlərinin ssenarisini yazmışam. Nazirliyimiz tərəfindən son on ildə hər il tərcümə işi və kitab sifarişi alıram...

- Hansı səhnə tamaşalarınız, tərcümə işləriniz və əsərləriniz var?

-  “Sevgi nağılı”, “Sənin izinlə”, “Balqabaq” , “Həcər nənənin nağılı” , “ Tənha qadın”, “Sərgüzəşt” və digər səhnə əsərlərini tamaşaya qoymuşam. Bir neçə xarici müəllifin pyesini dilimizə çevirmişəm. Həmçinin özüm də  “Efirin göz yaşları”, “Teatr kraliçası”, “Həmişə təravətli sənət”, “Səhnə səadətimdi” adlı əsərlərin müəllifiyəm. Bu əsərlərimin ikisini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yazmışam. “Rəşq” - yəni dost adlı müstəqil jurnalım da olub. Jurnalda əsasən fiziki məhdudiyyətli şəxslərin bədii yaradıcılığını dərc edirdik... “Aydın gecənin nağılı”, xalq artisti Kamal Xudaverdiyevə həsr olunmuş “Aktyor oyunu meditasiya deməkdi” adlı sənədli televiziya filmlərinin ssenari müəllifi olmuşam. AzTV-də və digər müstəqil  televiziya kanallarında, müxtəlif dövri mətbuatda 1200 dəfədən çox teatr mövzusunda çıxış etmişəm. Onu da qeyd edim ki, Jurnalistlər və Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüyəm. “Qızıl kitab” mükafatı laureatı, iki dəfə “XXI əsr ziyalıları” beynəlxalq layihəsinin qalibi olmuşam.

- Perspektivdə hansı işlər var?

“Küpəgirən qarı” adlı əsərimi tamamlamışam. Uşaq teatrında hazırda əsər səhnələşdirilir. Eyni zamanda, Sofoklun  “Elektra” pyesini yeni variantda işləyib qurtardım. Əsəri bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Xalq rəvayətləri əsasında “Məhəbbət əfsanəsi” və “Yeddi gözəl “pyesləri üzərində hələ işləyirəm. Yaxınlarda Gənc Tamaşaçılar Teatrının 80 illiyi olacaq. Teatrın direktoru əməkdar artist Mübariz Həmidovla birlikdə yubileyə həsr edilmiş kitab üzərində işləyirik...
Sonda onu da deyim ki, indiyədək teatr mövzusunda olan yaradıcılıq işimi özüm üçün bir sınaq - təcrübə hesab edirəm. Söz yox ki, teatr mövzusunda daha maraqlı əsərlərimi bundan sonra yazacağam.

Söhbəti qələmə aldı:
Savalan FƏrƏcov