Azərbaycanın xalq artisti, professor Ramiz Mirişlinin yeni musiqili əsəri yaxın zamanlarda səhnəyə qoyulacaq. Bəstəkarın verdiyi məlumata görə, musiqili operetta "Kürəkən" adlanır. Son illər mahnı yaradıcılığı ritmini bir qədər azaltdığını etiraf edən bəstəkar, aldığı təklifləri bir qədər dondurmaq məcburiyyətində qaldığını bildirdi: "Yaşa dolduqca insanın fəaliyyəti bir qədər zəifləyir. Mən həm də Azərbaycan Milli Konservatoriyasında tələbələr yetişdirirəm. Boş vaxt tapa kimi, musiqi yaradıcılığı ilə məşğul olmağa çalışıram".
   Dini mövzuda da mahnılar yazan bəstəkar hələlik onları ehtiyat boğçasında saxladığını və yaxın ayların birində təqdim etməyi düşünür: "Dini mövzuda yazmaq içimdən gəlirdi. Nəhayət, ömrümün bu çağında arzumu bir yox, bir neçə mahnı ilə gerçəkləşdirə bildim. Lakin bu mahnıların dinləyicilərə kimlərin ifasında çatdırılacağını hələ dəqiqləşdirməmişəm. Yəqin ki, onları mənimlə uzun illərdir əməkdaşlıq edən müğənnilər arasından seçəcəyəm".
   Xatırladaq ki, Ramiz Mirişli neçə-neçə mahnıların, 6 simfonik əsərin və 15 kinofilmə yazılmış mahnıların müəllifidir.