Ötən həftə “İbrus” teatrında yeni tamaşanın premyerası keçirildi. «Tartüf» adlanan tamaşaya rejissor Rüstəm İbrahimbəyov quruluş verib. Fransız ədibi J.B.Molyerin "Tartüf" komediyasını dövrümüzə və məmləkətimizə uyğunlaşdıraraq "Tartüf Ağayeviç" adlı dram əsərini qələmə alan Rüstəm İbrahimbəyov iki hissəli komediyanı çox maraqlı aktyor oyunu üzərində qurub. Ortaboy, bir az gombul, keçəl, və dindar ədalar bizim tartüfümüzün əlamətləridir. Bu əlamətlər də amiranə, israrlı səsi olan aktyor Rafiq Əliyevdə. Rafiq Əliyevin Tartüfü günümüzün reallığı içində boy verən komediya qəhrəmanıdır. Bu Tartüf keçmiş ateist, kommunist, indiki dindar, ateistliyi və kommunistliyi kimi dindarlığı da saxta olan bir fırıldaqçıdır. Adam sadəcə öz istedadına borcludur. Hər ədasını, hər kəlməsini böyük ustalıqla ölçüb-biçmiş, daha doğrusu, bu keyfiyyətlər artıq onda orqanik bir hala gəlmişdir. Tartüf bu qabiliyyəti hesabına dost kimi hörmət, etibar qazandığı ailənin bütün var-dövlətinə sahib ola bilir. Tartüf özünə sanki avtoritar bir rejim yaratmışdır (hərçənd, bu məqam tamaşada bir o qədər də qabardılmır). Daha doğrusu, bu rejim keçmiş deputat olan nənənin səyi ilə Tartüf üçün yaradılmışdır. Ailədə bu rejimə etiraz edənlər də var. Hərçənd bu etirazlar Tartüfün parlaq istedadı və gurultulu reputasiyası, reytinqi yanında küçük mırıltısı kimi cılız və təhlükəsizdir. Hərçənd bu «mırıltılar» sonda bəraət alacaq, amma çifayda...
   Demək, Tartüf obrazı tamaşanın mərkəzi fiqurudur. Tamaşadasa Şükufə Yusupova, Məbud Məhərrəmov, Mələk Abbaszadə kimi aktyorlar sözügedən ailəni təqdim edirlər. Tartüf Ağayeviçin sayəsində bu ailə məyusluğa düçar olur. Bütün tamaşa bu dolu və həm də istedadla dolu, bütün görkəmi ilə Əzimzadənin təsvir etdiyi əsl müsəlman tipi olan aktyorun - Rafiq Əliyevin oyunu üzərində qərar tutub. Zatən Tartüf tamaşanı kaleydoskop kimi çoxüzlülüyü, hər imicində təbiiliyi, hər şəkildən çıxmaq, min dona gətirmək qabiliyyəti ilə komediya etməlidir. Bunu bacarır da. Hərçənd tamaşanı bir təyinlə xarakterizə etmək qeyri-peşəkarlıq kimi yozulur, amma bu yazını resenziya yox, replika rubrikasına aid etsək, tamaşa barədə tək kəlmə bu olacaq: «Tartüf» -Şəhərimizin rusdilli elitası üçün yüngül bir komediya - İngilislərin «Lanç» yeməyi kimi.    

Aliyə