Sənətkarlardan biri deyib: “Əgər mən həmişə cavan və gözəl qalacağıma əmin olsaydım, heç vaxt bu qədər tələsməzdim. Fikirləşərdim ki, yaratdığım sənət nümunələri ilə xalqın yaddaşında gənclik heykəlimi heç bir qüvvə yıxa bilməz. Amma nə yazıq ki, ömür qısadı və insan bu qısa ömürdə Tanrının ona verdiyi istedadı xərcləyib qurtarmağa çalışmalıdır”.
   
   Əlbəttə, bu fikirdə çox böyük həqiqət var. Bu, seçilmişlərin, fitri istedadı olan insanların üzərinə daha böyük məsuliyyət qoyur.
   Musiqili Komediya Teatrı da zəngin tarixi və ənənələri ilə özünün ikinci 100 illiyinə qədəm qoymağa hazırlaşır. Son vaxtlar yaradıcı heyətə yeni, istedadlı gənclər də daxil olmaqdadır.
   Gənclik olan yerdə isə yeni axtarışlar, yeni uğurlar var. Təbii ki, hər şey bəzən rəvan getmir, hər yenilik də alqışlarla qarşılanmır. Tənqidlər, təhdidlər də baş alıb gedir. Amma bu yeniliklə köhnəliyin əbədi mübarizəsində mütləq bir nəfəslik də acılır. Və bu nəfəslikdən içəriyə dolan təmiz hava hər şeyi yoluna qoyur.
   Bu gün sizə kollektivimizin gənc bir solistini təqdim etmək istəyirəm. Hə, söhbət Anar Şuşalıdan gedir. Müğənni Anar Şuşalı teatra Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasında Əsgər obrazını oynamaq üçün dəvət edilib. Azərbaycanın təbii konservatoriyası sayılan Şuşada doğulmuş Anar erkən yaşlarından musiqiyə maraq görsətməsini də təsadüf saymır :
   - Cənnətməkan Qarabağda, ab-havası şəfqət, mühiti möcüzə sayılan Şuşada doğulub boya-başa catmaq, hər addımda yeni bir cəh-cəh eşitmək və oxumamaq ən azı günahdı. Mənim atamın da gözəl musiqi qabiliyyəti olub. Lakin nədənsə bu sənətin dalınca getməyib. Bibimsə fortepiano müəllimidir. Mən həm də məşhur televiziya diktoru, xalq artisti Rafiq Hüseynovun qardaşı oğluyam.
   Anar Şuşalı böyük səhnəyə 1993-cü ildə gəlib. O daha cox işgüzarlığı, seçdiyi mahnılara yaradıcı münasibəti, ədəb-ərkanı, mədəniyyəti ilə yaşıdlarından fərqlənir. Oxuyub məşhurlaşmaq, zəhmətlə qalxdığı bu zirvədə qalmaq istəyən yüzlərlə çavan arasından seçilib çıxmaq o qədər də asan iş deyil.
   -İndi səsi oldu-olmadı hamı oxumaq istəyir. Maşallah, texniki tərəqqinin müasir imkanları da bu işdə əvəzsiz yardımçıdır. Səsin olmasa belə, eyib etməz, qəm yemə, səsyazma studiyalarındakı mütəxəssislər sənin məlahəti olmayan səsini elə gözəl korrektə etsinlər ki, özün də özünü tanımayasan. Amma bu qondarma səslə sən canlı konsertlərdə, el şənliklərində, toyda-mağarda oxuya bilməzsən, onda sənin bütün qüsurların üzə çıxacaq, yalançı pərdə götürüləcək. Tanrıma şükür edirəm ki, məni bu avazla, bu səslə mükafatlandırıb. Həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi qaynaqlarımızdan süzülüb gələn mahnılarımızı, muğamlarımızı tamaşaçılarımıza sevdirə bildiyim ücün xoşbəxtəm.
   Anar Şuşalı Bakı Musiqi Akademiyasını bitirib. Təhsil aldığı illərdə həm də aktyorluq vərdişlərinə yiyələndiyindən, rejissor dostu Elvin Mirzəyev onunla əməkdaşlığa məhz Musiqili Komediya Teatrında başlayıb. Bu teatrda tamaşaya qoyulan “Arşın mal alan” əsərinə rejissor kimi dəvət ediləndə Elvin Mirzəyev Anarı da təkidlə bu əsərdə iştirak etməyə çağırıb.
   - Dahi Üzeyir Hacıbəyovun dillər əzbəri olmuş bu əsərində oynamaq, məşhur aktyorlarla çiyin-çiyinə çalışmaq, qocaman bir sənət məktəbinin ab-havasını duymaq, əlbəttə, çox gözəl bir duyğudur. Həm də böyük bir məsuliyyətdir mənim üçün. Bura ilk gəlişində teatrın direktoru Əliqismət Lalayevlə söhbətimizdən də çox məmnun qaldım. Hiss etdim ki, o teatrın imicini, keçmiş şöhrətini yaşatmaq üçün axtarışlar aparır, istedadlı cavanlara hər cür şərait yaradır. Əlbəttə, Əsgər obrazı həm teatr səhnəsində, həm də böyük ekranda bizim müqtədir sənətkarlar tərəfindən ilhamla, kamil bir ustalıqla oynanılıb. Fikirləşmək olar ki, axı bu insanların hər biri, necə deyərlər, bu rola öz möhürünü vurub, gediblər... bəs biz nə deyə biləcəyik? Amma , məncə, sənət ona görə həmişəyaşardır ki, hər kəs təkrarsız bir fərd kimi öz ürəyinin səsini eşidir, özü kimi sevir, özü kimi qəhrəmanının yaşantılarını ifadə etməyə çalışır. Bu mənada çalışmalıyam ki, mənim də Əsgərim fərqli bir Əsgər olsun. Mən tərəf-müqabillərimdən çox razıyam. Onlar bilirlər ki, bu, mənim teatr səhnəsində ilk rolumdur. Ona görə mənə çox diqqət və qayğı göstərirlər. İlk dəfə aktyor kimi, özü də belə böyük bir obrazın ifaçısı kimi səhnəyə çıxdığımdan sıxılırdım, tez-tez özümü itirirdim. Ancaq ağlım kəsəndən efirdə və səhnədə görüb-tanıdığım, istedadlarına pərəstiş etdiyim görkəmli sənətkarlar, ilk növbədə xalq aristi Afaq xanım Bəşirqızı mənə hamilik elədi. Hər kəsin səmimi, mehriban münasibəti mənim də həyəcanlarımı azaltdı, yavaş-yavaş səhnəyə də, yaradıcı heyətə də, Elvinin mizanlarına, tapşırıqlarına da alışdım. İnanıram ki, tamaşaçılarımız həm çox fərqli bir tamaşa, həm də çox fərqli bir Əsgər görə biləcəklər.
   
   Ağca Muxtarova