“Dələduz”
  
   Fevral ayında Gənc Tamaşaçılar Teatrı Rəşid Behbudov adına Mahnı Teatrında (öz binaları təmirdə olduğuna görə) Nəcəf bəy Vəzirovun “Dələduz” pyesinin tamaşasını tamaşaçılara təqdim etdi.
  
   1915-ci ildə N.Vəzirovun fransız əsərindən təbdil etdiyi bu əsər 4-5 vərəqdən ibarət olsa da, rejissor pyes üzərində dəyişikliklər və əlavələr edərək 25 səhifəlik əsər meydana gətirmişdi. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Loğman Kərimovun tamaşada irəli sürdüyü əsas məsələ hiyləgərliyin, yalanın, fırıldağın və ikiüzlülüyün hakim kəsildiyi dövrdə məsum insanların onların əlində necə bir alətə çevrildiyini göstərməkdir.
   Bu dünyada təmiz və halal ruzu qazanan insanlar azdır. Onları da ki, dövrün dələduzları göz görə-görə soyub talayır, hətta divanbəyi belə pulla həmin fəqir insanların haqqını tapdayır. Loğman Kərimov tamaşanın ritmini daha güclü etməkdən ötrü M.Ə.Sabirin və S. Mənsurun güclü şeirlərindən tamaşada bəhrələnmişdi. Bundan başqa, tamaşada “Azərbaycan folkloru antologiyası”ndan da istifadə edilmişdir. Bu tamaşada kukla teatrı, açıq teatr və meydan teatrı prinsiplərindən istifadə edilmişdir. Teatr ilk dəfə olaraq bu tamaşada kuklalara xüsusi yer ayırmışdı.
   Tamaşada öz parlaq ifaları ilə yaddaqalan obrazlar silsiləsinə Azərbaycan Respublikasının xalq artisti Ağaxan Salmanlı (Məcid), Elnur Kərimov (Mirzədadaş), Günel Məmmədova ( Gülcahan), Eyvaz İbrahimov ( Qurbanəli), Cavid İbrahimov (Divanbəyi, Pəricahan), Ceyhun Məmmədov (Fərraş Əhmədəli, Nurcahan) daxildirlər.
   Tamaşanın rəssamı Orxan Kərimov, musiqi tərtibçisi Elnur Kərimov, tamaşanın plastik həllinin müəllifi Rasim Cəfərovdur.
   Qocaman artist Ağaxan Salmanlının obrazı daxilən saf, hər kəsə inanan, yaşına-başına baxmayaraq, anasından çəkinib, ona hörmət edən sadə insandır. Onun bu saflığıdır ki, Məcid adi bir çoban tərəfindən belə asanca aldadılıb, qarət olunur. Bu bəs deyilmiş kimi ardıyca Mirzədadaş kimi fırıldaqçı vəkilin, pula satılan divanbəyinin əlində oyuncağa çevrilərək aldadılır. Aktyor öz obrazının daxili saflığını, məsumluğunu və paklığını baxışlarıyla elə oynayırdı ki, tamaşaçı onun sanki doğrudan aldadıldığına inanırdı. Ağaxan müəllimin oyunu gənclərin oyunundan bir də onunla daha çox nəzəri cəlb edir ki, o, rolu özününküləşdirərək real boyalardan daha çox istifadə edir. Aktyor mizanlarla rətfarda, tərəf-müqabili ilə münasibətdə daha ədalətli və təmkinli idi. Bu da onun obrazına məhəbbəti artırır.
   Gənc aktyor Elnur Məmmədov həm zahirən, həm də daxilən sənətkarlıq tələblərinə cavab verir. Bir məsələ var ki, aktyor komik ampulada daha uğurludur. O da özünəməxsus istedadı ilə Mirzədadaşın kələkbazlığını, onun hiyləgərliyini, ikiüzlülüyünü mahircəsinə nümayiş etdirir. Elnur-Mirzə Dadaş yalançıdır, gücsüzün, kimsəsizin malını mənimsəməkdən çəkinmir. Əsas odur ki, pul gəlsin. Hardan və necə təfavütü yoxdur. Aktyor öz üzərində əgər daha səylə çalışsa, gələcəkdə dramatik rollarda da uğur qazana bilər.
   Ceyhun Məmmədov! Bu aktyoru mən Nurcahan obrazından sonra heç cür faciə və ya dramatik rolda təsəvvür edə bilmirəm. Çünki daxilən çox komik olan aktyor özünün bu daxili imkanlarını tamaşada o dəqiqə büruzə verir. Ceyhun-Nurcahan çox maraqlı, gülməli və ya kobud da olsa “uğunub gediləsi” qadındır. Kobud, sarımsaq yeməkdən, qarğışdan əl çəkməyən Nurcahan daxilən çox mənəviyyatsızdır. Pula görə hiyləgərlə əlbir olur, bu bəs deyilmiş kimi az qala Məcidi basıb döyəcək dərəcəyə gəlir.
   Bu rolda nə qədər uğurlu olsada, aktyor Fərraş Əhmədəlinin dramatizmini o cür güclü nümayiş etdirə bilmir. Düzdür, bacardıqca uğurlu və real olmağa çalışsa da, daxili yumoru onun bu istiqamətdəki istedadının üzərinə pərdə çəkir. Bu rolu aktyorun dublyoru Niyaz Qasımov daha inandırıcı oynayır.
   Gülcahan obrazında çıxış edən gənc aktrisa Günel Məmmədova da yaddaqalandır. Aktrisa gənc olmasına baxmayaraq tamaşa zamanı maraqlı qadın surəti yaradır. Gülcahan ərinin hiylələrinə göz yumub, ona kömək edən bir kələkbazdır. Qapısına gələn Məcidin qarşısında elə bir həngamə qopardır ki, atalar sözü - “Oğru elə qışqırdı ki, doğrunun bağrı çartladı” - yada düşməyə bilmir. Aktrisa gələcəkdə dramatik cərəyanın maraqlı nümayəndələri sırasına daxil ola bilər.
   Tamaşada iştirak edən Niyaz Qasımov Nurcahan rolunda öz məzəli komizmi ilə yadda qalır. Eynən Ceyhun Məmmədov kimi Niyaz Qasımov da qadın rolunun daxilinin ifşaedici komizmini güclü boyalarla boyayır. Kəndçi qadını hissi aşılayan aktyorun Divanbəyi surəti o qədər də koloritli deyildi. Dramatik rol olan divanbəyini aktyor bir balaca cılızlaşdıraraq zəif oynayır. Divanbəyi öz aliliyini, hökmranlığını nümayiş etməkdə çətinlik çəkir.
   Çoban Qurbanəli rolunu oynayan Eyvaz İbrahimov roluna zahirən yapışırdı. Onun çobanı fırıldaqçı, əmanətə xəyanət edən nankor, bu bəs deyilmiş kimi öz əməllərinin eybini pulla örtən dələduzdur. Qurbanəli də Mirzədadaşın bir tayı, bəlkə ondan daha bic bir insadır. Aktyor rolunu səmimi oynamağa çalışır, ancaq digər obrazlara nəzər yetirsək Eyvaz İbrahimovun, rolunu zəif oynadığına şahid oluruq.
   Rejissorun tamaşadakı növbəti müvəffəqiyyəti onun rol seçimidir. O, obrazların daxili gücünə nəzər yetirərək aktyorların da istedadını ona uyğun istiqamətləndirir.
   Tamaşada istifadə edilən Səməd Mənsurun “Rəngidir” şeiri həzin musiqi sədaları altında təsiredici və ibrətamizdir. Bu da tamaşanın mahiyyətini daha qüvvətli və ecazkar edirdi.
   Tamaşada müasir dövrdə hər addımda rast gəldiyimiz sifətlərin real təsviri ona koloritlik verir. Uşaqlar üçün nəzərdə tutulan tamaşa onların gələcək addımları üçün böyük ibrətdir.
   Biz tamaşanın bütün iştirakçılarına yeni-yeni sənət nailiyyətləri arzu edirik.
  
   Tamilla Yağmur