10 mart - Milli Teatrın yaradılmasının 136-cı ildönümü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında təntənəli tədbir keçirildi. 
    Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan mərasim ittifaqın tamaşa salonunun foyesində təşkil olunan ən yaxşı plakat sərgisinin açılışı ilə başladı. Burada ölkənin əksər teatrları əhatə edilmişdi. 
   

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yaranma tarixi və inkişaf yolu barədə ətraflı məlumat verdi. Milli teatrımızın inkişaf dinamikası, müasir dövrdə bu sənət məbədlərinin cəmiyyətin inkişafında, mənən formalaşmasında əvəzsiz rol oynaması faktını diqqətə çatdıran natiq milli teatrın inkişafına dövlət qayğısından da danışdı. Prezident İlham Əliyevin sırf teatr sahəsinin inkişafı ilə bağlı imzaladığı sərəncamların böyük əhəmiyyətə malik olduğunu deyən Ə.Qarayev, bu qayğının nəticəsi kimi təmir və bərpa olunan teatr binaları haqqında da söz açdı. Nazir dövlət başçısının bu sahənin inkişafına dair imzaladığı həmin sənədlərlə əlaqədar nazirliyin həyata keçirdiyi tədbirləri də sadaladı: «Gördüyünüz kimi, milli teatrımızın inkişafı və bu sənət sahəsində fəaliyyət göstərənlərin əməyinin stimullaşdırılması da daim diqqət mərkəzindədir. Eləcə də bəzi teatr binaları yüksək səviyyədə yenidən əsaslı, dünya standartlarına uyğun təmir və təchiz olunub, teatr sahəsində çalışan gənclər arasında müxtəlif istiqamətli yaradıcılıq müsabiqələri keçirililib. Təbii bu proses bundan sonra da davam etdirilir. Çünki Azərbaycan teatrı xalqın mənəvi xəzinəsinin dəyərli nümunələrindəndir». Xalq artistləri - Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, sənətşünas Məryəm Əlizadə və Abbas Mirzə Şərifzadənin qızı, xalq artisti Firəngiz Şərifzadə və başqaları yubiley münasibətilə həmkarlarını təbrik edərək, mədəniyyətimizin inkişafına, bu sahədə çalışanlara diqqət və qayğısına görə ölkə başçısına təşəkkür ünvanladılar. Sonra teatr sahəsində səmərəli fəaliyyətlərinə, qazandıqları uğurlara görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının mükafatları təqdim edildi. Əvvəlcə nazirliyin xüsusi diplomunun, daha sonra ittifaqın 1992-ci ildə təsis etdiyi "Qızıl Dərviş" mükafatının, "Teatr xadimi" qızıl və gümüş medallarının və "Səhnə işığı" prizinin təqdimatı oldu. Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova Elçinin "Arılar arasında" tamaşasında yaratdığı qadın obrazına, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov "36-dan 6-sı" tamaşasında yaratdığı baş həkim obrazına, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli isə Molyerin "Xəsis" tamaşasının quruluşuna görə "Qızıl Dərviş"ə layiq görüldülər. Bundan başqa, Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətlərinə görə "Teatr xadimi" qızıl medalı SSRİ xalq artisti Firəngiz Əhmədovaya və xalq artisti Yaşar Nuriyə təqdim olundu. "Səhnə işığı" prizi ilə Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov təltif edildi.