Mustafa Mustafayev: «Standart olan hər şey məni qorxudur»
   
   Mustafanı qardaşı Turalın «Şah» tamaşasındakı rəssam işindən tanıyıram. Tamaşa Ə.Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» əsəri əsasında hazırlanmışdı. Bəlkə də, tamaşa daha çox səhnə quruluşunun, səhnə rəssamlığının sayəsində absurd faciəvilik, qılınc kimi kəsən soyuq mütləqiyyət, qaçılmaz labüdlük havası qazanmışdı. Səhnə rəsminin sayəsində bu məşhur şahın üzərində dəhşətli, sərt tale küləyini də hiss etmək mümkündü, diktator psixologiyası da, tənhalıq patolojisi də… Səhnədəsə dar ağaclarına bənzəyən, təkərləri ilə hərəkət edə bilən əcaib dekorlar vardı. Və əgər bu dekorlar olmasaydı, Qacarı Qacar edən çox şeyi sadəcə libidonun fəsadları adlandıracaqdıq. Deməyəsən, daha böyük yozumlar varmış…
    Müsahibimiz «Ələddinin sehrli çırağı», «Əmir Teymurun filmləri», «Şah», «Səhvlər komediyası» (Şekspir) kimi bir sıra tamaşalarının, ümumiyyətlə, Gənc Tamaşaçılar Teatrının rəssamı Mustafa Mustafayevdir.
   

   - Anam teatr aktrisasıdır (Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva), atam da teatr rəssamı idi. Teatr mənə yad deyildi. İstər-istəməz teatrda idim və az qala burada böyümüşdüm. Hərçənd teatr rəssamı olmaq barədə heç vaxt düşünməmişəm. Belə alınıb. Atam dünyadan gedəndən sonra anam məni teatra gətirdi, mən burada işləməli oldum. Əlbəttə, ilk iki il çətin oldu. Təbii ki, heç kim on altı yaşlı gəncin işinə ciddi yanaşmırdı. Amma mən özümdə o potensialı hiss edirdim, bilirdim ki, özümü təsdiq edə bilərəm. O zaman gənc rejissor olan Nicat Kazımov mənə birgə işləməyi təklif etdi. Çətin bir vaxt idi. Bütün cavan adamlarla olduğu kimi onu da qəbul eləmirdilər. Sanki bir avantüra vardı, heç kim onunla işləmək istəmirdi. Amma bir şans yarandı. İşləməyə başladıq. Elə oldu ki, bizim tamaşamız uğurlu alındı. Bu, «Ələddinin sehrli çırağı» tamaşası idi. Bax, bu il bu tamaşanın 10 yaşı tamam olur. Bu ilk işim idi. Əlbəttə, mənə kömək də etdilər. Çünki iş başqadır, mən eskizlər çəkə bilərəm, amma səhnəyə gələndə bu elə də asan olmur. Yeri gəlmişkən deyim ki, adi rəssamla teatr rəssamının fərqi çox böyükdür.
   Sonralar dövlət sifarişləri oldu, artıq 1999-cu ildən teatrda teatr rəssamı kimi işləyirəm. On altı tamaşada işləmişəm, onlardan dördü dövlət sifarişidir.
   - Yalnız teatrdamı işləyirsiniz, yoxsa...
   - Sözsüz ki, başqa işlərim də var. Mən Rəssamlıq Akademiyasının qrafika fakültəsini bitirmişəm. Əvvəl isə İncəsənət Universitetində təhsil almışam. Mən rəsm çəkməklə məşğul oluram.
   - Teatr rəssamları bir elə də tanınmırlar. Səhnə arxasında qalırlar, ya nədəndir. Teatrda rəssam deyəndə yada Tadeuş Kantor kimi böyük bir sənətkar, rəssam-rejissor düşür...
   - Sovet İttifaqında məşhur rəssamlar var idi. Əlbəttə, onlar azdır.
   - Bəlkə, onlar müəllifliyə bu qədər iddialı olmadıqlarındandır ki...
   - Tamaşanın müəllifi rejissordur.
   - Bəlkə, tamaşanın həmmüəllifi? Çünki müasir dünya incəsənətində «müəllifin öldüyü» barədə şayiələr gəzir. Guya əsərin həmmüəllifi rəssam, aktyor, rejissor və hətta oxucu, tamaşaçı və ya dinləyicidir.
   - Çox mübahisəli məsələdir. Siz özünüz də həmmüəllifi dediniz. Teatr rəssamının işi 80 faiz tamaşanın rejissorundan asılıdır. Əgər aparıcı ideya yoxdursa rəssam nə edə bilər? Elə Turalın tamaşasını götürək. Biz onunla yarım il işlədik. Bizim böyük problemlərimiz oldu, mübahisələr etdik, hətta dalaşdıq. Bir ay danışmadıq. Məncə, əsl proses məhz bu zaman yaranır. Turalın köməyi olmasaydı, mən o ideyanı vizuallaşdıra bilməzdim. Əsas rejissorun fikridir. Rəssam ona estetik keyfiyyət verir. Teatr rejissora əsaslanır. Sonra aktyor gəlir, daha sonra rəssam gəlir... Məncə, teatr rəssamı heç vaxt teatrda birinciliyə iddia etməməlidir. Rəssam bu prosesə kömək edəndir.
   - Bir çox teatrlarımızda rəssamın işi ya fon yaratmaq, ya atmosfer ötürmək, ya da hansısa məşhur görüntünü səhnədə qurmaqdır. Bunlar rəssam işinə və rəssamın öz işinə etinasızlığından irəli gəlir. Rəssam olaraq sizin də rejissorlarla problemləriniz olurmu? Ən çox nədə?
   - Bizim rejissorlar sadəcə hələ də rəssamla davranmağı, onunla işləməyi özləri üçün problem olaraq həll etməyiblər. Bəlkə, bu sahədə hansısa etika çatmır. Mən həmişə rejissora deyirəm ki, mən sənin liderliyini qəbul edirəm. Amma mənə tamaşada işləmək üçün lazımi məlumatı ver. Əgər məlumat varsa, rejissorun maraqlı fikri varsa rəssam rahat işləyəcək. Artıq yarım ildən çoxdur ki, tamaşada işləmirəm. Məhz dediyim səbəblərdən. Rejissor var ki, rəssama deyir; mən belə dekorasiya istəyirəm. Adam az qalır desin ki, hər şeyi özün bilirsənsə, bəs mən sənin nəyinə lazımam?
   Amma rejissor da var ki, nə istədiyini bilir. Hansı səhnədən nə istədiyini başa salır. Məsələn, bu səhnədə sərtlik lazımdır, burada isti bir atmosfer olmalıdır, ya hakimiyyət, güc atmosferi, ruhi vəziyyətini göstərmək və s. O zaman artıq bunu necə edəcəyin vacib deyil, bu, sadəcə, vasitədir.
   - Təki, bu yaradıcılıq mübahisələri olsun. Başqa nə problemlər var teatr rəssamlığı sahəsində?
   - Bizim teatrımızın texniki bazası rəssama öz potensialını, fikirlərini ifadə etməyə imkan vermir. Mən MXAT-da (Moskva Bədaye Teatrı) bir tamaşa görmüşdüm: elə real təsvir yaramışdılar ki... Səhnədə əsl su effekti yaratmışdılar. Aktyor çıxırdı və ayaqları yaş idi... Bunu necə etmişdilər? Bu, teatrın yaratdığı texniki bazanın sayəsindədir. Azərbaycanda bir teatrın da belə texniki imkanları yoxdur.
   - Rəssamlıqdakı konseptualizm istiqamətinin teatra nə qədər dəxli var? Bundan teatrlar yararlanırlarmı?
   - Əlbəttə, dəxli var. Teatr mövcud olandan bəri təsviri sənətdə olan bütün mərhələ və janrlar teatr rəssamlığına da təsir göstərib. Qədim yunan teatrının öz estetikası vardı, intibah dövrünün teatrı, barokko və rokoko teatrın bir başqa mərhələsidir və s. Təsviri sənət hansı mərhələləri keçibsə teatrt da o mərhələləri keçib. Konseptual sənət bizə gəlməmişdən çox-çox əvvəl yaranıb. Bizə o, ötən əsrin sonu, bu əsrin əvvəlində gəlib çıxırsa, dünyada o hələ ötən əsrin əvvəllərində - 20-ci illərində məşhur idi. 90-cı illərin ortalarında bizdə tək-tük belə səhnəqrafiya işləri oldu. Əslində bütün sənətlər konseptual sənətlərdir.
   Postmodernizm mərhələsi hələ bizim səhnəqrafiyamızda, teatrımıza ayaq açmayıb. Rəssamlıqda bəzi cəhdlər olub, amma bunu mərhələyə yozmaq olmaz. Hərçənd Rusiya artıq bu mərhələni keçib və ənənəvi səhnəqrafiyaya, ənənəvi teatra qayıdıb. Burada da texniki effektlər vacibdir. Necə deyərlər, düzgün qurulan işıq teatrda hər şeyi həll edir.
   - Mustafa, səhv etmirəmsə, filmdə də işləmisiniz?
   - Bəli, Alina Abdullayevanın «Çalış nəfəs alma» filmində, Xəyyamın «Nəfəs» filmində işləmişəm. Böyük tammetrajlı filmdən isə özüm yarıdan getdim. İndi teatrda işləməyə meyilliyəm.
   Ola bilər ki, indi durğunluq dövrüdür. Amma bu daima çəkməyəcək. Daha doğrusu, bu nə qədər uzun çəksə, nəticə o qədər güclü olacaq. Qumilyovun passionarlıq barədə nəzəriyyəsinə inansaq belədi.
   - Mustafa, sizi cəmiyyətdə narahat edən nədir? Nə sevindirir sizi, nə qorxudur?
   - Kasıblıq. Mənəvi kasıblıq. Bu məni qorxudur. Adamların sanki içi boşdur. Mən yaşayışımı təmin etmək üçün həm də interyer dizaynı işi ilə məşğul oluram. Adamlar var ki, onlar evlərində isti bir ab-hava yaratmağımı istəyirlər. Mən bacardığımı edirəm. Amma onlar başa düşmür ki, içləri dolu deyilsə, mənən zəngin deyillərsə, bu mümkün olmayacaq. Bilirsiniz, bu, sosial vəziyyətdən, maddi yoxsulluqdan asılı deyil. Fransa inqilabından əvvəl orada adamlar çox yoxsul vəziyyətdə yaşayırdılar. Amma mənən kasıblamamışdılar. Ona görə də Fransa impressionizmdən əvvəl xeyli böyük rəssam yetişdirdi. Onlar hamısı kasıb adamlar idilər. Bizdəsə vurnuxub çörək qazanmağı düşünürlər. Amma insan doğuluşdan mənən boş, ölü ola bilməz. Adamlar sonra «kasıblayırlar». Sosiumda baş verən ən dəhşətli şeylər rasional həyatın yaratdığı problemlərdir. Axın insan necə hər şeyi rasional şəkildə planlaşdıra bilər? Evlənməyi? Uşaq dünyaya gətirməyi? Yeməyi? İçməyi?
   Əgər adam Allahın ona verdiyi böyük bir üstünlüyü-hissiyyatını öldürürsə, bu, məni qorxudur. Mən bu cür adamlarla qarşılaşmamaq üçün onlarla ünsiyyətdə olmamağa çalışıram. Sifarişi qəbul edir, eskizi göndərirəm. Bu cür günlərlə evdə otura bilərəm. Bu, mənim qapalı bir sahəmdir. Ünsiyyətdən qaçıram, çünki bu şeyləri pis keçirirəm. Standart olan hər şey məni qorxudur. Adamların mənəvi boşluğu məni qorxudur. Mən ətrafda adamların deqradasiyaya uğradığını görmək istəmirəm. Mənim evim mənim qalamdır. Ailə mənim üçün ən böyük dəyərdir. Həm də bizim ailəmiz yaradıcı adamlardan ibarətdir (qeyd edək ki, Mustafanın qardaşı rejissor, həyat yoldaşı isə vokalçıdır) və evdə həm də yaradıcı şəxsiyyət kimi bir-birimizə hörmət var.
   - Bəlkə sizi qorxudan məqamlar intellekt böhranından irəli gəlir? Yeri gəlmişkən, kimləri mütaliə edirsiniz?
   - Sonuncu dəfə Xaruki Murakamini oxumuşam. «Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu», «Qoç ovu» əla əsərlərdir. Onun əsərlərində də bu mənəvi boşluq problemi qoyulur. Çingiz Aytmatovun «Edam yeri» əsərini də oxudum. Çox maraqlıdır ki, onun əsərində də bu problem var. Demək bu problem çoxdan dünyada varmış. Kuelodan «Kimyagər»i oxudum, amma xoşuma gəlmədi. Heminquey isə ən sevimli yazıçımdır.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar