Azərbaycan Dövlət Gənclər Teatrı 20 ildir ki, fəaliyyət göstərir. Teatrı istedadlı rejissor, əməkdar incəsənət xadimi mərhum Hüseynağa Atakişiyev yaratmışdır. Bu illər uzunu mən teatrın bir çox tamaşalarına baxmışam. Rejissorluq fəaliyyəti ilə hələ Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqi Dram Teatrında tanış olduğum Ağalar İdrisoğlunun, Dövlət Gənclər Teatrında işlədiyindən xəbərdar oldum. Ağalar İdrisoğlu Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bədii rəhbər və direktor olduğu illər Bakının teatr xadimlərinin və tamaşaçılarının hüsnü-rəğbətini qazanmışdı.
   
   Ömrümün əlli ilindən çoxunu teatr sənəti ilə məşğul olan bir mütəxəssis kimi inamla deyə bilərəm ki, Ağalar İdrisoğlu istedadlı rejissordur. O, nəinki öz dram əsərlərində, həm də tamaşaya hazırladığı pyeslərin struktur quruluşunu, kompozisiyasını, obrazların xarakteriskasının mükəmməl təqdimatına müvəffəqiyyətlə nail ola bilir. A.İdrisoğlu hətta fəlsəfi baxımdan yazılmış, dövrümüzün, zamanın problemlərini özündə əks etdirən məqalələrində belə öz imzasının altında yazıçı-rejissor sözlərini yazır. Bu da görünür Ağalar üçün həm yazıçılığın, həm də rejissorluğun nə qədər əziz olduğuna dəlalət edir. Rejissor kimi fəaliyyət göstərdiyi otuz üç il müddətində o, doxsan üç pyesə, teatrlaşdırılmış konsert - tamaşalara quruluş verib. Bu qeydlərimdə mən, A.İdrisoğlunun yalnız rejissorluq fəaliyyəti haqqında fikrimi söyləmək istərdim.
   Son iki ildə Dövlət Gənclər Teatrında onun üç əsərə verdiyi quruluşlarla tanış olmuşam. İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Aleksandr Suxovo-Kobilinin “Tarelkinin ölümü” və Hidayətin “Məhəbbət yaşayır hələ ...” lirik pyesinə tamaşa etmişəm.
   Biri-birindən fərqlənən bu üç əsərin səhnə həllinə rejissor professionalcasına yanaşmış, hər əsərin mövzusunu, ideyasını, janrını düzgün həll etmişdir.
   Dramaturgiyası həmişə müasir səslənən İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” lirik dramı rejissorun etirafına görə (tamaşanın proqramında belə yazılmışdı) psixoloji faciə kimi həll olunmasına cəhd göstərilmişdir. Lakin çox mənalı rejissor həllinə , aktyor ifalarına baxmayaraq tamaşa psixoloji faciədən çox lirik, dramatik vəziyyətə qədər çata bilmişdir.
   Gördüyüm ikinci tamaşa A.Suxovo-Kobilinin “Tarelkinin ölümü”dür. A.İdrisoğlu müəllifin “Kreçinskinin toyu” və “İş” pyeslərindən ayrı-ayrı epizodları, “Tarelkinin ölümü” satirik komediyasına birləşdirib, bu adla tamaşaçılara təqdim etmişdir. Hər üç əsəri Elmlər Akademiyasının müxbir üzvü, görkəmli teatr tarixçisi və tənqidçisi İnqilab Kərimov tərcümə etmişdir. Əsər Azərbaycan dilində o qədər səlist və inandırıcı səslənir ki, onun tərcümə olunduğuna fikir vermirsən. Doğrusu, İnqilab Kərimov bu üç əsəri hündür binalar kimi rus bünövrəsindən uçurdub Azərbaycan özülündə yenidən tikmişdir. Tamaşanın canlılığı və müasirliyi məhz bundadır.
   “Tarelkinin ölümü”ndə müəllifin ondan əvvəl yazdığı iki əsərindən lazımi əlavələr edildiyinə baxmayaraq, tamaşaçının kompozisiya xəttində və baş məqsədində bir anlaşılmazlıq yoxdur. Tamaşaçıların gözü önündən bir-bir gəlib keçən məmurlar, mülkədarlar və dövrünə xidmət edən aferistlər rejissor tərəfindən çox dolğun şərh edilmişdir.
   Hidayətin “Məhəbbət yaşayır hələ...” lirik pyesi isə sonuncu baxdığım tamaşadır. A.İdrisoğlu bu əsərə böyük hörmət və incə bir məramla yanaşmışdır. Bu əsərlə rejissor özü hiss elədiyi, duyduğu bir aləmi canlandırmağa çalışmışdır. Ona görə də bəzi obrazların sözlərində, bəzi dialoqların quruluşunda rejissor qısaltmalar və dəyişmələr apardığından tamaşanın ümumi ideyası qismən yarımçıq görünür. Buna baxmayaraq tamaşa, tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanır və demək olar ki, hər epizod tamaşaçı alqışı qazanır.
    Xoşbəxtdir o rejissor ki, tamaşa hazırlayarkən onun şəraiti, maddi bazası lazımi səviyyədə olmayanda belə, kollektivdə onu sevən, inanan, onunla bu çətinliklərə sinə gərməyə hazır olan həmfikirləri var. Dövlət Gənclər Teatrında Rəzzaq Məmmədov, Məhərrəm Musayev, Natiq Aslan, Ədalət Əbdülsəmədov, Hüsniyyə Əhmədova,Eldar İmanov, Rəşad Səfərov, Gülbəniz Mustafayeva, Elşən Hacıbabayev, Nurlan Rzayev kimi Ağalar İdrisoğlunu sevən dostları, həmfikirləri var. Bura əməkdar artistlər Qəmər Məmmədovanı və Ayşad Məmmədovu da əlavə etsək, Ağalar İdrisoğlunun Dövlət Gənclər Teatrında kimlərə arxalandığını aydın görərik.
    Onun yaradıcılıq ideyasını bölüşən kollektivlə bundan sonra da sənətdə daha yüksək zirvələr fəth edəcəklərinə əminik.
   Oxuculara bir xoş xəbər də bildirmək istəyirəm ki, bu gün Ağalar İdrisoğlunun ad günüdür. Əlli doqquz yaşı tamam olur. Deməli, o, teatr təşkilatçısı və rejissor kimi ömrünün müdriklik illərinə bir pilləkən də yaxınlaşır. Çünki rejissor yaşlaşdıqca, həyatı daha dərindən dərk edir və həyatda gördüklərini daha dolğun formada səhnədə əks etdirir. Əgər teatr cəmiyyətin kiçildilmiş modelidirsə, bu modelin yaradıcısı isə rejissordur. Rejissor həm də yazıçı olanda, bu model daha da uğurlu işlər görə bilir.
   
   Ağakişi Kazımov,
   Xalq artisti, professor







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar