Son illər ölkədə aparılan tikinti-quruculuq işlərində mədəniyyət obyektləri də xüsusi yer tutur. Ölkə başçısının bu sahəyə olan diqqət və qayğısının nəticəsidir ki, istər paytaxt, istərsə də bölgələrdəki mədəniyyət ocaqlarının bir çoxu əsaslı təmir-bərpa olunur və ya yeni və müasir binalar tikilib istifadəyə verilir.
   
   Belə mədəni mərkəzlərdən biri də əsaslı təmir-bərpaya dayanmış Dövlət Gənc Tamaşaçılar Teatrıdır. Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev binada aparılan bərpa və yenidənqurma işləri ilə tanış oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə teatrın binasının bərpa və yenidənqurmaya qədərki və indiki görünüşünü, eləcə də bərpa işlərinin gedişini əks etdirən şəkillərə baxdılar.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin teatr tarixində özünəməxsus yeri olan Gənc Tamaşaçılar Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin noyabrında başlanıb, prezidentin 2007-ci il 19 fevral tarixli müvafiq sərəncamından sonra geniş vüsət alıb. Sərəncama uyğun olaraq yeni layihə, təklif və eskizlər hazırlanıb. Dövlətimizin başçısının 2007-ci il avqustun 15-də burada vəziyyətlə tanış olmasından sonra işlər xüsusilə sürətlənib.
   Binanın bütün elektrik və su xətləri, istilik və havalandırma sistemləri tamamilə yeniləşdirilib. 360 yerlik əsas tamaşa salonu tamamilə yeni görkəm almışdır. Teatrda əlavə 40 yerlik kiçik tamaşa salonu və 2 məşq salonu da yaradılıb. Təmir-bərpa işlərindən sonra teatrda eyni vaxtda 82 nəfərə xidmət edəcək 21 qrim otağı fəaliyyət göstərəcək. Bütün otaqlar İnternet, kompyuter şəbəkələri, telefon rabitəsi və digər kommunikasiya sistemi ilə təchiz edilib. Quraşdırılmış 4 kameradan ibarət videoçəkiliş sistemi tamaşaların lentə alınmasına və canlı yayımına imkan verəcək.
   Dövlət başçısına teatrda quraşdırılan avadanlığın imkanları nümayiş etdirildi. Səhnədəki monitorda Azərbaycanın turizm potensialını əks etdirən videokadrlar nümayiş olundu.
   Spayder sistemində xüsusi şüşə və metal konstruksiyadan yığılan altıncı mərtəbədə qış bağı, kafe və çayxana fəaliyyət göstərəcəkdir. Binanın baş fasadı da spayder sistemi əsasında qurulub.
   Yenidənqurma işləri zamanı ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Çexiya, Türkiyə, Rusiya və digər ölkələrin avadanlıq və sistemlərindən, ən son texnologiyalarından istifadə olunmuşdur.
   Bildirilmişdir ki, bu il 80 yaşı tamam olan Gənc Tamaşaçılar Teatrı cari ilin yayında Kazan şəhərində türkdilli xalqların beynəlxalq teatr festivalında Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə çıxış edəcəkdir. Cari mövsümdə teatr “Şeyx Sənan”, “Aydın”, “ Hekayəti-xırs quldurbasan” və sair tamaşaları, uşaqlar üçün “Yatmış gözəl” nağıl-tamaşasını göstərəcək.
   Prezident İlham Əliyev teatrın binasında paytaxtın mənzərəsini seyr etdi, yenidənqurma işlərini yüksək səviyyədə həyata keçirən inşaatçılarla görüşdü və onlara minnətdarlığını bildirdi.
   Məlumat üçün bildirək ki, teatr keçən əsrin 50-ci illərində tikilib və bakılı uşaqların ən çox xoşladığı yerlərdən biri idi. Binanın əsaslı təmiri ilk dəfə 80-ci illərdə həyata keçirilib. Hazırkı təmirdə şüşə və poladdan geniş istifadə olunub. Səhnənin texniki parametrləri və digər avadanlıqlar xeyli yaxşılaşdırılıb. Həmçinin teatrın 200-dən çox tamaşaçı yeri olan əsas zalının akustik və texniki göstəriciləri yaxşılaşdırılıb.
   Yeni binada iki kollektiv - Gənc Tamaşaçılar Teatrı və Dövlət Gənclər Teatrı birləşəcək. Bu barədə müvafiq sərəncam 2009-cu il martın 19-da Nazirlər Kabineti tərəfindən verilib.
   Aprelin 7-də teatrın direktoru vəzifəsinə əməkdar artist Mübariz Həmidov, baş rejissor vəzifəsinə isə xalq artisti Cənnət Səlimova təyin edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar