Aprelin 22-dən başlayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı paytaxtda və ondan kənarda yerləşən teatrların fəaliyyətinə dəstək məqsədi ilə «Teatr baharı» adlı kampaniyaya başlayıb. Qurumun mətbuat əlaqələndiricisinin məlumatına görə, kampaniya çərçivəsində bir sıra teatrların tamaşaları Teatr Xadimləri İttifaqında nümayiş etdiriləcək. Qeyd edək ki, bu dəstək xüsusilə təmirdə olan teatrlara şamil edilib. İlk tamaşa aprelin 22-23-də Şuşa Dövlət Musiqili Dram Teatrında nümayiş etdirilib. Tamaşaçılar E.Abdullayevin «Ağ qayıq» tamaşasını izləyiblər. Növbəti tamaşa aprelin 26-a nəzərdə tutulub. Həmin gün Sumqayıt Dövlət Musiqili Dram Teatrının «Qarağaclar altında məhəbbət» tamaşası təqdim olunacaq. Aprelin 28-də İrəvan Dövlət Dram Teatrının repertuarına yenicə daxil edilən «Xilaskar» tamaşasına daxili baxış keçiriləcək. Tamaşanın ictimaiyyət üçün təqdimatı isə mayın 3-4-ə nəzərdə tutulub. Hazırda təmirdə olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının «Xəcalət» tamaşası aprelin 30-a nəzərdə tutulub. Mayın 1-də isə həmin teatrın «Varlı qadın» tamaşası izləniləcək. Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən «Zəfər» teatr studiyasının repertuarında olan «Afinalı timon» V.Şekspir tamaşasının nümayişi isə mayın 2-nə planlaşdırılıb.