Elçinin «Şekspir» tragikomediyası «Üns» Yaradıcılıq Səhnəsində
   
   Tamaşa başlayır. Hər birini bir ağxalatlının ağır-ağır dartdığı ikitaylı qapının hansı bir dünyaya açıldığı hələ səhnənin özü kimi qaranlıq, baş verə biləcək hadisələr isə böyük sual altındadır. İlk baxışdanca əla rejissor və rəssam işinin işartıları görünür. Tamaşaçı əvvəlcədən özünü qeyri-adi bir süjet üçün hazırlayır. Çünki əsərin adının özü də sualdır: - «Şekspir». Qapılar Ruhi Xəstəliklər Klinikasına açılır. Bura balaca bir dünyadır. Bu balaca dünyada isə böyük dünyamızın, bəşəriyyətin az qala yarandığı gündən üzləşdiyi problemlərin həlli axtarılır.
   
   Ruhi Xəstəliklər Klinikasında müalicə olunan (əslində burada kimin kimi müalicə etdiyi sonra məlum olacaq) insanların hər birinin öz dünyası var. İkihissəli tragikomediyada personajların sayı o qədər də çox deyil. Səkkiz nəfər aktyorun təqdim edib, yaratdıqları səhnə təəssüratı isə olduqca böyük, qoyulan problem isə bəşəri və əbədidir; İnsanın insana sevgisi və məhəbbəti, bir də onun inamı. Elə bu inamın nəticəsidir ki, özündə həm ər, həm arvad cütlüyünü gəzdirən, özünə xəyali bir ər uyduran (əməkdar artist Ayan Mirqasımova) Ər-Arvad axırda hamilə olur. Bioloji cəhətdən mümkün olmayan hadisə baş verir. Qadın heç bir əks cinslə münasibəti olmadığı halda, tamaşanın sonunda hamilə qalır. Bu, İNAMın qələbəsi idi. İNAM varsa, mümkün olmayan da mümkündür. Fəlsəfəsinin təntənəsi. «İnsanlar, bir-birinizə inanın» deyir, Ər-Arvad.
   Əsəri xalq yazıçısı, görkəmli dramaturq Elçinin yaradıcılığa başladığı vaxtdan bu günədək təkrar olunan uğurlarının böyük davamı kimi qiymətləndirmək olar.
   Müasirlik, millilik, tarixilik kimi yüksək amalların qabardıldığı Elçin yaradıcılığında bu dəfə bəşəriliyin daha da geniş şəkildə önə çəkildiyinin şahidi oluruq. Yer adlı planeti ölkələrə, şəhərlərə ayırıb, sərhədlər çəkməyin mənasız olduğunu deyən «13»ün Bangerprangür planetindən gələn bəni-insanın monoloqu dəlilərin ağıllılara dərsidir. Tamaşanın ən maraqlı surəti olan 13 obrazını əməkdar artist Firdovsi Atakişiyev məharətlə yaradır. O, hər dəfə səhnədə görünəndə tamaşaçı sanki özünü yeni bir ovqata kökləyir və ona diqqətlə qulaq kəsilir.
   Tamaşadakı ağıllılar (tibbi personal) da bu dəlidən doğru xəbər gözləyirlər.
   Veneralı (xalq artisti Raiq Əliyev) Yerə - insanlar arasına gəldiyindən sanki peşmandır. Onun bir obraz kimi nə alovlu monoloqu var, nə çılğın hərəkətləri . Gah mat-məəttəl oturub xəyallara dalır, gah da əllərini göyə qaldırıb, heykəlsayağı oraya-uzaq ulduzlara, Veneraya baxır. Hərəkətləri ilə «mən sizə doğru can atıram, sizsizəm , mən bu bəni-insanlar arasına niyə düşmüşəm» deyir.
   Tamaşadakı obrazlar öz tale və həyatlarının nəğməsini oxuyurlar. Amma hərə özünəməxsus. Stalin (əməkdar artist Cəfər Əhmədov) elə yenə də həmin Stalindir. Köhnə dünyası ilə yaşayır. Onun tez-tez «Yoldaş Sara Bernar!» deməsi bu gözəllik və sənət ilahəsini bezdirir. «Mənə «yoldaş» deməyin» deyə etiraz edir. Stalin isə «insan cəngəllik qanunları ilə idarə olunur» deyir. İllər, min illər keçir, insanlıq köhnədən təzəyə, xırdadan aliyə çox ləng bir sürətlə gedir. Bu problem əsərdə olduqca uğurlu qoyulub.
   Səhnə tərtibatı yorucu deyil. Fonda hər bir aparıcı hadisənin öz görüntüsünün təsviri yaradılır. Stalinin xəstəxana geyimindəki ağ şalvarı boyu uzanan qıpqırmızı lent tamaşaçıya haqsız axıdılan qan çaylarını xatırladır. Bu baxımdan əməkdar incəsənət xadimi, rəssam Nüsrət Hacıyevin verdiyi tərtibat modern bir təsir bağışlayır və Azərbaycan teatr səhnəsi üçün ənənəvi deyil.
   Ruhi xəstələr məhəbbətdən zövq ala bilirlər, xəyalən də olsa ülvi hisslər yaşayırlar. Ər-Arvadın heç nədən hamilə olması da bununla bağlıdır. Sara Bernar əsərin ən maraqlı, ovqat yaradan, müsbət emosiya verən, gözəlliyə, ülvililiyə, məhəbbətə səsləyən obrazıdır. Bu füsunkar səhnə və sənət ilahəsi Şekspiri, onun «Romeo və Cülyetta»sını bir qu nəğməsinə çevirir. Dramaturq, Şekspirin «Romeo və Cülyetta»sını əsərin aparıcı xəttinə çox ustalıqla çıxarmaqla, sənət və gözəlliyi ön xəttə çəkir. Tragikomediyanın əsas qayəsi budur: dünyanı sevgi və sənət, insanın insana inamı, gözəllik və məhəbbət xilas edəcək. Renessans dövrünün Şekspiri, əslində özündənəvvəlki və özündənsonrakı epoxaların sənət və məhəbbət, gözəllik və səadət güvəncidir. Əsərin adı da məhz buna görə «Şekspir»dir. Stalin əməllərinin qurbanı və ölüsü, Şekspir isə amallarının və sənətin əbədisidir. Stalinin tövbəsinin dəlilər tərəfindən qəbul edilməməsi də olduqca təbii görünür. Günahlar yuyulsa da, qanlar yuyulmur.
   Sara Bernar, 13, Ər-Arvad obrazları təkcə balaca mikroaləmi lərzəyə salmır. Əslində, bu, cahanı lərzəyə gətirəcək bir diktədir.
   Dəlilər ali hisslərdən, müqəddəs amallardan danışdıqları halda, ağıllılar, (onlar tamaşada tibbi personaldan ibarətdir) xırda hisslərlə yaşayır, qeybət qırır, baş həkimin üzünə gülüb, dalınca danışırlar. Həkimin, tibb işçisinin gözləri ruhi xəstələrin əllərindədir. Hətta, zavallı insanların sosiska, yumurta payından oğurlayıb evlərinə aparıb, ailələrinə yedizdirirlər.Dramaturq burda publisistik bir tonda danışır. 13-ün üsyanı belələrinə qarşıdır. Elə buna görə də tragikomediya həm də sosial dramdır.
   Xırda hisslərlə yaşayan bu insanların başçıları - baş həkim də xırdaçılığa qapılıb tibb işçisinin gündə oğurladığı 3-4 sosiskanın hesabını aparır. Nə üçün baş həkim vəzifəsini tutduğuna cavab tapa bilməyən bu insan, bu dünyada niyə yaşadığına da cavab tapa bilmir.
   Baş həkim (xalq artisti Məbud Məhərrəmov ) on yeddi ildir bu vəzifədə çalışır. Burada da tamah və mənfəət beyinləri korlamaqdadır. Sıravi həkimin isə (əməkdar artist Sənubər İsgəndərova) ayrı amalı yoxdur, gözü baş həkimin yerində, bir də göydəndüşmə bir məhəbbət axtarmaqdadır. Fərqi yoxdur, o necə olur-olsun. Bircə kişilik funksiyasını yerinə yetirə bilsin. Sara Bernarı isə yad planetin ülvi insanı daha çox cəlb edir.
   Bir tərəfdə ali, bəşəri hisslər, gözəllik, məhəbbət və sənət, o biri qütbdə xırda məişət qayğıları, dedi-qodu, qeybət, başqasının tikəsinə göz dikmək, varlanmaq, var-dövlət hərsliyi...
   Dəlilər tədricən ağıllıları dəyişdirib kamilləşdirə bilirlər. Baş həkim getdikcə saflaşır, müalicə etdiyi insanların dünyasına qovuşur. Əslində onda sağalma gedir. Buradakı dəlilər Servantesin dəliləri kimi sərsəm danışmırlar. Əgər «Don Kixot»dakı dəli «Pərt olmayın mənim ağam, bu dəlinin sözlərinə də baş qoşmayın, çünki əgər o, Yupiter olub sizə yağış yağdırmasa, mən də sular allahı Neptunam, mən nə qədər lazım olsa və nə vaxt istəsəm yağış yağdıraram».
   «Şekspir»dəki dəlilər isə mehriban və səmimidilər.Bir-birlərinə dərin hörmət və məhəbbətləri var. Tamaşadakı ağıllılar isə, təəssüf ki, bu keyfiyyətlərdən uzaqdırlar. Buradakı dəlilər nə oğrudurlar, (əməkdar artist Fuad Osmanov) nə də kimsənin payına göz dikirlər. Tibb işçisi «Mən bir də xəstələrin yeməklərindən oğramayacağam» deyir. Durulma və xarakter dəyişkənliyi baş tutur. Tamaşanın bədii rəhbəri, professor Nərgiz Paşayevanın, rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun, xalq yazıçısı, görkəmli dramaturq Elçinin qarşıya qoyduqları istək uğurla öz həllini tapır. Amma bu hamısı deyil. «Bəşəriyyət gözəlliyə, sevgiyə, sənətə vurğunluqla qayıtmasa, faciə ilə qarşılaşacaq» deyir, bu gözəl tamaşanı «Üns» Yaradıcılıq Səhnəsində ərsəyə gətirənlər. Finala yaxın bütün iştirakçıların «Sara, Sara, Sara Bernar!» deyə səsləndikləri anın sevinci isə sonsuz və əbədi bir təsir bağışlayır. Fəlsəfi-psixoloji ovqat tamaşaçını xeyli müddət düşündürür.
   Sonda klinikanın açılan qapıları bağlanır. Tamaşa bitir. Amma belə bir bəşəri mövzunun uğurlu qoyuluşu və problemin yüksək sənətkarlıqla həlli «Şekspir» üçün dünya teatr səhnəsinin açılacağı bir ümiddən xəbər verir.
   
   Taleh Həmid