Samir Cəfərov: “Bu mərtəbəyə ümummilli lider Heydər Əliyevin xeyir-duasıyla çatmışam!
  
   Mədəniyyət və incəsənət xadimlərinə hörmətlə yanaşılan ölkəmizdə istedadlı gənclər həmişə diqqət mərkəzində olub. Respublikamızın hüdudlarından kənarda, daha geniş əlaqəli, zəngin təcrübəli, elmi-mədəni ənənələri olan elm ocaqlarında təhsil almağa imkan və şərait yaradılıb... Əsası ümummilli liderimiz tərəfindən ötən əsrin 70-80-ci illərində qoyulan bu ənənə Azərbaycan elminin, Azərbaycan gəncliyinin inkişafına yönələn addım, milli-mənəvi dəyər kimi bu gün də aktuallığını itirməmişdir. 2002-ci ildə Prezident Heydər Əliyevin xeyir-duası ilə Moskva şəhərində Qalina Vişnevskaya adına Opera Mərkəzində təhsil alan, hazırda Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Samir Cəfərov ötən illəri fəxrlə xatırlayır.
  
   Nəslimizdə, kökümüzdə gözəl səsli-avazlı qohumlar olub. Elə atam Qədirin də yaxşı səsi var. Deyim ki, bu sənətə gəlməyim, musiqiçi olmağım bir növ atamın arzusudur. Belə ki, o, özü vaxtilə çox istəyib oxusun, ali musiqi təhsili alsın. Ancaq arzusu baş tutmayıb. Çünki gənclik dövrü 1950-ci illərə təsadüf edib. Özünün dediyi kimi, o illər çox ağır və çətin keçib...
   1993-1997-ci illərdə indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakültəsində oxudum. Təhsilimi başa vurduqdan sonra bir ilə yaxın Rafiq Babayev adına studiyada çalışdım.
   1998-1999-cu illərdə Naxçıvan şəhərində hərbi xidmətdə oldum. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi qeyd olunacaqdı. Bayrama ciddi hazırlıq görülürdü. Mən də hərbi hissənin ansamblında çalışırdım. Bir gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov hərbi hissəyə gəldi. Bizimlə görüşdü, söhbət etdi. Onun diqqətindən qaçmadım... Bayram konsertində mən də çıxış etdim. Bir italyan və Azərbaycan romansı oxudum. Həmin vaxt ulu öndər Heydər Əliyev də konsertdə iştirak edirdi. Konsertdən sonra o, məni yanına çağırdı. Hiss etdim ki, çıxışım -oxumağım xoşuna gəlib... Göstəriş verdi... Sonra Musiqi Akademiyasına göndərildim. Musiqi Akademiyasının musiqişünaslıq fakültəsində, xalq artisti Fidan Qasımovanın sinfində (klassik vokal musiqisi - solo) oxudum...
   2001-ci il tarixdə Qazaxıstan Respublikasında vokal ifaçılarının Beynəlxalq müsabiqəsi keçirildi. Həmin müsabiqədə mən də iştirak etdim. Bu mənim xarici ölkədə keçirilən tədbirdə ilk iştirakım -çıxışım idi. Ikinci yer tutdum. Laureat oldum.
   2002-ci il idi. Yeni Azərbaycan Partiyasının 10 illik yubileyi qeyd olunurdu. Bu münasibətlə Heydər Əliyev Sarayında bayram konserti verilirdi. Konsertdə mən də çıxış etdim. Prezident Heydər Əliyev məni yanına çağırdı. Səmimi söhbət etdik. Sonra arzularımla maraqlandı. Bildirdim ki, “Koroğlu»nu oxumaq istəyirəm. Prezident Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadəyə dedi: - Harda oxumasını məsləhət görərdin? O da bildirdi ki, Moskvada Qalina Vişnevskaya adına Opera Mərkəzində... Beləliklə, 2002-2005 ci illərdə orada oxudum. Opera Mərkəzinin rəhbəri, dünya şöhrətli müğənni Qalina Vişnevskayadan və hörmətli müəllimim Badri Maysuradzedən vokal sənətinin sirrini, incəliklərini öyrəndim.
   Qalina Vişnevskaya bir neçə dəfə, “Arqumentı i Faktı” və “Kultura” qəzetlərinə verdiyi müsahibələrində istedadlı yetirmələri arasında mənim adımı çəkmişdir. Fəal tələbələri haqqında danışanda o, həmişə mənim adımı birinci çəkər və başqalarına nümunə göstərərdi.
   2009-cu ildən Dövlət Akademik Opera və Balet Teatrında çalışıram. Ancaq bu tarixə qədər də Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasında Alfred rolunu, yenə Verdinin “Riqoletto” operasında Duka rolunu, Ü.Hacıbəyovun “Koroğlu” operasında Koroğlu rolunu müvəffəqiyyətlə oynamışam. Milli Konservatoriyada mahnı və romansdan , Tofiq Quliyev adına Uşaq Musiqi Məktəbində vokaldan dərs deyirəm.
   Əməkdar artistəm. Üç ildir Prezident mükafatı alıram. Evlə təmin olunmuşam. Moskvada, Seulda, Parisdə və digər şəhərlərdə çıxışlarım olub. YUNESKO-nun xətti ilə keçirilən tədbirlərdə iştirak etmişəm və gələcəkdə də çıxış edəcəyəm.
   Və hər zaman bu mərtəbəyə yüksəlməyimdə xidməti olmuş insanı - Ulu Öndərimiz minnətdarlıqla xatırlayacağam.
  
   Söhbəti qələmə aldı:
   Savalan Fərəcov