Azərpaşa Nemət: «Beynəlxalq teatr festivalı keçirmək istəyirik»
   
   Xəbər verdiyiymiz kimi, Teatr Xadimləri İttifaqının «Teatr baharı» adlı tamaşalara baxış aksiyası aprel ayının 22-dən başlayıb. İlk dəfə keçirilən bu aksiyanın iki ay davam etməsi nəzərdə tutulur. Aksiyaya Şuşa Dövlət Musiqili Dram Teatrı («Ağ qayıq»), Sumqayıt teatrı («Qarağaclar altında məhəbbət»), İrəvan Dövlət Dram Teatrı («Xilaskar»), Dövlət Akademik Milli Dram Teatrı («Xəcalət», «Varlı qadın»), Şəki Dövlət Dram Teatrı və Bakı Kamera Teatrı qatılır.
   
   «Teatr baharı» - teatrlara yardım aksiyasıdır... Bilirik ki, dünyada gedən iqtisadi böhran istər-istəməz müəyyən problemlər yaradır. Xüsusən, binası olmayan və ya təmirdə olan teatrların müvəqqəti də olsa müəyyən çətinlikləri var. Bu, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin təşəbbüsüdür. Teatrların aksiyada ən yaxşı tamaşalarını göstərə bilmələri üçün şərait yaradılacaq.
   Müsahibimiz Teatr Xadimləri İttifaqının sədri, rejissor, xalq artisti Azərpaşa Nemətdir.
   
    - Nəzərə alsaq ki, teatrların bir çoxu təmirdədir və bəzi teatrlarımızın binası yoxdur. Sizin başladığınız “Teatr baharı” aksiyasının əsas məqsədi məkanı olmayan teatrlara səhnə verməkdir. Teatrlarda hələ təmir işləri gedir və bu hələ bir müddət davam edəcək. Bəzi teatrlarınsa hələ şəraitləri yoxdur. Sizin aksiyanız hər teatrda yalnız bir tamaşa ilə yekunlaşacaq, yoxsa problem ortadan qalxana kimi tamaşalar göstəriləcək?..
   
   - Şuşa teatrının binası yoxdur. Hazırda o başqa bir yerdə məskunlaşır. Biz təmənnasız olaraq onlara yer veririk. Adətən, biz bu teatrlardan tamaşalarını nümayiş etdirmələri üçün icarəpulu alırıq... Ancaq bu dəfə heç bir teatrdan icarəpulu alınmır və binası olmayan teatrlara dövlət şərait yaradır... Eyni zamanda hardasa oynamaqdan ötrü icarəpulu da ayrılır. Buna baxmayaraq biz icarəpulu almırıq. Bu şərtlə ki, onlar ən yaxşı tamaşalarını oynamalıdır. Tamaşaların biletlərini özləri satırlar. Ordan gələn gəlir teatrların özlərinə qalır.
   İlk olaraq Şuşa teatrının repertuarında olan E.Abdullayevanın "Ağ qayıq" tamaşası nümayiş etdirilib. Çox isti bir açılış oldu. Mən də orada çıxış etdim, bu aksiyani niyə keçirdiyimizi açıqladım...
   
   - İttifaq gələcəkdə hansısa festivalların keçirilməsini nəzərdə tutur?
   
   - Festivallara neçə illərdi, yəni rəhmətlik Həsənağa Turabovun vaxtından başlamışdıq. Sonra da bu festivallar silsiləsini davam etdirdik. “Boş məkanın dolğunluğu”, “Yaşıl teatr” və s. kimi festivallar son dövrlərdə TXİ-nin həyata keçirdiyi ən uğurlu layihələrdəndir.
   Əlbəttə ki, indi daha geniş festivala ehtiyac var. Əvvəla, nə üçün? Çünki teatr binaları, yenicə təmirdən çıxıb və onlar yüksək səviyyəli texniki avadanlıqlarla təchiz olunublar. Bu isə öz növbəsində geniş yaradıcılıq imkanları verir...
    Eyni zamanda, tamaşaçılarda da yeni binaları görmək marağı var...
   
    - Ümumiyyətlə, təmir prosesi bitdikdən sonra, heç şübhəsiz ki, yaradıcılıq üçün daha münbit şərait yaranacaq... TXİ Azərbaycan teatrını dünya teatr prosesinə nə dərəcədə qoşa bilir və bu istiqamətdə hansı işlər görülür?
   
   - Onu deyə bilərəm ki, Azərbaycan Teatr Xadimləri İttifaqı iki beynəlxalq qurumun üzvüdür. Bu üzvlüklər dünya teatr prosesindən xəbərdarlıq, bilik və onlarla əlaqənin sıxlaşması deməkdir. Biz Bakıda beynəlxalq teatr festivalı keçirmək istəyirik... Bunun üçün beynəlxalq qurumlarla bir yerdə çalışırıq... Bu festivalı Teatr Xadimləri İttifaqının keçirməsi maliyyə baxımından mümkün deyil. Mədəniyyət və Turizm Nazirliyi ilə bu işi müzakirə edirik. Bu saat dünyada teatr festivalları çoxdur... Və o festivalların çoxu deyərdim ki, böhran keçirirlər... Bunların arasında çox yüksək nüfuz sahibi olan “Avinyon”, “Edinburq” və s. var. Dünyanın ən yaxşı festivalı Çexov festivalı sayılır. Ora çox güclü vəsait ayrılır... Oranın yaxşı sponsorları da var. Biz o festivalın bir qolunu Azərbaycana gətirmək istəyirik. Festivalın bir hissəsinin Azərbaycanda keçirilməsi çox böyük bir hadisə olardı. Layihəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin özünün də böyük marağı var...
   Teatr Xadimləri İttifaqı Moskvada olanda Çexov festivalının 2010-cu ildə Bakıda keçirilməsi barədə danışıqlar aparıb. Festivalın digər özəlliyi Çexovun 150 illiyinin beynəlxalq səviyyədə qeyd olunması ərəfəsinə düşməsi ilə bağlıdır. Və bu festival İtaliyada, Fransada, İngiltərədə, Çexiyada, Almaniyada keçiriləcək və eyni zamanda Bakıda da Çexovun yazdığı əsərlərə tamaşa ediləcək... 

   Aişə