Kamran Şahmərdan bu fikirdədir
   
   Kamran Şahmərdan 1972-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə İsveçin Stokholm şəhərində İncəsənət Akademiyasının rejissorluq fakültəsini bitirib. Bir müddət sonra İmatra şəhərində sinkretik janrlı «Ağ və Qara» teatrını yaradıb. 10 ildir ki, Azərbaycandan uzaqlarda, Finlandiyanın İmatra şəhərində yaşayıb-yaradır. Teatr sahəsində qazandığı uğurlar onu, nəinki yaşadığı məmləkətdə, eləcə də bütün dünyaya tanıdıb…
   Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, Azərbaycan teatr mühiti ilə əlaqəsi olduqca sıxdır. Çox qısa fasilələrlə ardıcıl olaraq üç teatrda (“İbrus” Teatrında («Tənha səs», A.Şaiq adına Dövlət Kukla Teatrında «Ağ və Qara», Rus Dram Teatrında «Torağay» - S.B.) uğurlu tamaşalar hazırlaması deyilənlərə sübutdur.
   Kamran Şahmərdanla Bakıda, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Jan Anuyun əsəri əsasında səhnələşdirilmiş «Torağay» tamaşasının premyerası ərəfəsində görüşdük.
   
   - Kamran, yaradıcılığınızla maraqlandıqda daha çox diqqətçəkən bir amil var - quruluş verdiyiniz tamaşaların, demək olar ki, hamısı Qərb dramaturgiyasının nümunələridir. Azərbaycan dramaturgiyasında diqqətinizi çəkən əsərlər yoxdur?
   
   - Haqlısınız, bəraət qazanmaq üçün deyə bilərəm ki, klassik Azərbaycan dramaturgiyasına Azərbaycanın bir çox teatrları tərəfindən müraciət edilir. Müasir əsərlərilə çox təəssüf ki, son illərdə tanış ola bilməmişəm. Ancaq bu niyyətimin olmamasına dəlalət etmir. İnşallah, bu ilin payız mövsümündə Azərbaycan müasir dramaturgiyasına müraciət edəcəyəm. Əsər bəlli olsa da, bu barədə ətraflı danışmaq hələlik tezdir. Qısaca deyə bilərəm ki, qara yumordur. İndiki zamanda Azərbaycan tamaşaçılarının gerçəkliyə baxışı və gülüşü çox vacibdir. Nə üçün məhz qara yumor? Çünki yüngül yumor və adi komediya primitiv vəziyyətlər üzərində, insanı mənasız yerə güldürür. Qara yumor isə ağrılı məqamları açır, gülüş, qorxu və ağrı hissləri tamaşaçıda eyni zamanda yaranır. Azacıq mistika qatdıqda bu səhnə əsəri xüsusilə baxımlı olur. Ümumiyyətlə, mən qara yumor janrını çox bəyənirəm.
   
   - Tamaşalarınızın mövzu obyektinin əsasən qadın problematikası, özəlliklə də qadın tənhalığı ilə bağlı olması da, yəqin, təsadüfi deyil.
   
   - Seçimim təsadüfi deyil. Buna görə də mən anama minnətdaram. Atamı çox erkən yaşımda itirdiyimdən tənha qalan anam məni tək böyüdüb. Məhəbbət və həyəcan hisslərini mən anamdan almışam. Anam bir dahi deyil, sadəcə olaraq gözəl insan, gözəl anadır. Çünki ailədə özəlliklə ananın məhəbbəti çox vacibdir. Belə olduqda kişi ömrü boyu razı qalır, hər qadından sevgi tələb etmir, özünə qarşı şübhə yerinə əminlik hissi yaranır. Uşaqlıqda anasından doyunca diqqət, qayğı, sevgi və məhəbbət görən kişi bütün həyatı boyu məhəbbətini paylaşır. Əks halda bu məhəbbət başqalarından umulacaq. Məhəbbət əksiklikyindən dolayı özündə şübhələr yaranır və o, bir şəxsiyyət, imi tam formalaşa bilmir. Çox xoşbəxtəm ki, anam mənə ömrüm boyu bəs edəcək məhəbbət bağışlayıb. Bu, qadın problematikasına, qadın tənhalığına marağımın birinci səbəbidir.
   İkinci səbəbə gəlincə... Qadınlardan gözəl mövzu varmı?! Həyatımın 37 ili ərzində mən prinsip etibarilə qadın məhəbbəti və yaradıcılıqdan başqa heç nə dərk edə bilməmişəm. Dərk etmədiyim və mənə təsir etməyən bir nəsnə barədə isə danışa bilmərəm. Qadın mövzusu bəşəri aktuallığını heç zaman itirmir. Qadınlardan maraqlı nə ola bilər axı? Əminəm ki, ömründə, heç olmasa, bir dəfə qadın gözəlliyini kəşf etmiş insan, qadının nə qədər dərin bir qüvvə olduğunu özlüyündə qəbul edir. Mən qadınları dəlicəsinə sevirəm, sevməklə bərabər həm acıyır, həm də onlardan qorxuram. Qadınlar çox həssas, çətin, maraqlı, cəlbedici, eyni zamanda çox güclüdürlər. Məni hətta məhəbbət yox, məhz qadınlar maraqlandırır. Qadın bir şəxsiyyət, dost, ana, sevgili, həyat yoldaşı, qız övladı kimi. Qadın dedikdə insanlar çox vaxt «əqrəbləri» məhəbbətə yönəldirlər. Bu kəlmənin mənasını belə anlamırlar. Nədir axı məhəbbət?! Bu, qadın məhəbbətdir. Biz artıq bu kəlmənin dəyərini itirmişik. Çünki sevməyi unutmuşuq. Biz hərdən əşyaları qadınlardan çox sevirik. Qadınlara əşya aldıqda belə o əşyaları məhz qadının üzərində sevirik, təəssüf ki...
   
   - 10 ilə yaxındır ki, Finlandiyanın İmatra şəhərində yaşayırsınız. Və orada sizin «Ağ və Qara» adlı teatrınız var...
   
   - «Ağ və Qara» - minlərlə çalar və spektrləri özündə birləşdirən iki rəng. Dram, pantomima və kukla teatrlarının sintezi olan sinkretik bir teatrdır. Bizim öz repertuarımız, öz simamız var. Teatrda bütün üsullar gözəldir, hər bir tamaşamda mən katarsis əhvalını yaratmağa can atıram. Düşünürəm ki, yalnız bu yolla tamaşaçı qəlbi mənim demək istədiyim fikri duyacaq, anlayacaq.
   Mütəmadi olaraq festivallarda, qastrollarda, yaradıcılıq səfərlərində oluruq. Hər il olduğu kimi, bu il də 6-cı Beynəlxalq «Ağ və Qara» Teatr Festivalı keçiriləcək. 27-31 may tarixləri arasında baş tutacaq teatr bayramında 30 ölkədən teatr kollektivləri iştirak edəcək. Bu, sərhədsiz bir festivaldır, il ərzində biz bütün ölkələrin teatr tamaşalarını seçib festivala dəvət edirik. Dörd gün ərzində tamaşaçılar dram, opera, klassik balet, pantomima, avanqard, plastika, sirk, hətta küçə klounadası da daxil olmaqla, ümumilikdə 21 teatrın atributlarını özündə cəmləyən bir tamaşayla tanış oldular.
   
   - Festivalınız müsabiqə xarakterlidir, yoxsa...
   
   - Əvvəlki illərdə festival müsabiqə xarakterli idi. Ancaq sonradan bunu ləğv etdim, qərara aldım ki, hər ölkənin teatr kollektivi səhnəyə çıxıb öz mükafatını almalıdır. İstər pul mükafatı, istər diplom qismində. Bu festivalın əsas məqsədi il ərzində hazırlanmış ən yaxşı tamaşaları nümayiş etdirməkdir.
   
   - Bildiyimə görə, Azərbaycandan heç bir teatr kollektivi bu il həmin festivalda iştirak etməyəcək.
   
   - Azərbaycan iki il ardıcıl olaraq bu festivala qatılıb - inişil Dövlət Pantomima Teatrı, ötən il isə Kukla Teatrı. Bu il, əfsuslar olsun ki, festivala dəvət etmək üçün Azərbaycanda maraqlı və diqqəti cəlb edən tamaşa seyr edə bilmədim. Ancaq düşünürəm ki, gələn il mütləq dəvət edəcəyəm.
   
   - Festivala dəvət edəcəyiniz tamaşaları şəxsən özünüz seçirsiniz?
   
   - Teatrımızda bədii şura var, onların da fikri rol oynayır, ancaq son rəy mənimdir.
   
   - Azərbaycan və Finlandiya teatrları arasında hər hansı bir yaradıcılıq mübadilə proqramı düşünülürmü?
   
   - Belə niyyətimiz var. Ancaq çox çətin və məsuliyyətli bir iş olduğundan buna zaman tələb olunur.
   
   - Azərbaycanın teatr həyatında nələri dəyişmək istərdiniz?
   
   - Bakıda olduğum müddətdə «Afinalı Timon», «Tartüf Ağaoğlu», «Kaktus gülü», habelə Pantomima Teatrında bir sıra tamaşalara baxdım. Çox bəyəndim. Ancaq belə premyeraların çox azdır. Mən özəlliklə festivalların çox keçirilməsinin tərəfdarıyam. Teatrın müxtəlif istiqamətlərində festivallar keçirmək, lazım gələrsə, hətta küçəyə çıxıb teatr nümayişləri düzənləməklə tamaşaçını teatra cəlb etmək lazımdır. Bizdə axı küçə teatrı mədəniyyəti var. Novruz bayramında Keçəl, Kosa kimi qəhrəmanların göstərdiyi səhnəciklər deyilənlərə misaldır. Tamaşaçılarla görüşmək, onları teatra çağırmaq, zövqünü yüksəltmək lazımdır. Özəlliklə bəsit komediyalara baxıb əl çalan seyrçilərdə düşünmək vərdişini aşılamaq lazımdır. Bununçünsə, tamaşaçı əvəzinə düşünmək yox, onlara baxmaq və düşünmək üçün məhsul, imkan vermək lazımdır. Təvazökarlıqdan uzaq olsa da deyim ki, sonuncu - «Torağay» tamaşam qavrayış üçün olduqca çətindir. Lakin buna rəğmən nəinki həftə sonu, hətta həftənin iş günləri belə seyrçi axını müşahidə olundu.
   
   - Yeri gəlmişkən, bir neçə gün öncə yerli qəzetlərin birində «Torağay» tamaşasının son səhnəsində dəyişikliklər edəcəyiniz barədə məlumat dərc edilmişdi...
   
   - Yanlış məlumatdır, mən tamaşada heç nəyi, özəlliklə də sonunu dəyişmək fikrim yoxdur, çünki tamaşanın məhz son səhnəsi çox gözəl alınıb.
   
   - Gəlin bir qədər də teatr tənqidi barədə danışaq. Azərbaycan və Finlandiya tənqidini fərqləndirən xüsusiyyətlər varmı?
   
   - Azərbaycan teatrının başlıca problemi peşəkar tənqidçilərin azlığıdır. Azərbaycanda 2-3 peşəkar teatr tənqidçisi var, bu da təbii ki, olduqca azdır. Tənqidçilərin sayı çox olmalıdır. Digər tərəfdən tənqid teatrdan çox, tamaşaçılara lazımdır. Tənqidçilər resenziyalarla çıxış etməli, tamaşaların zövqünü tərbiyə etməlidirlər. Finlandiyada bu baxımdan vəziyyət daha yaxşıdır. Tamaşa və tənqidçi arasında səmimi münasibət var, resenziyalar yazılır, oxunur, çıxışlar dinlənilir baxılır. Seyrçilərdə hər hansı bir tamaşa haqda müəyyən təsəvvür yaradılır. Tənqidçilər festivallarda da aktivlik nümayiş etdirirlər. Məsələn, «Ağ və Qara» Teatr Festivalının münsiflər heyətində 8 ölkədən teatr tənqidçiləri təmsil olunurdular. 8 ölkə - fərqli fikir, fərqli baxış deməkdir. Dəvətli tənqidçilər də tamaşalara baxır, müxtəlif rəylər yürüdürlər. Növbəti ildə biz ötən festival haqda xüsusi buraxılış nəşr etdiririk, harada ki, festival tamaşaları barədə konkret tənqidi yazılar, resenziyalar, fərqli fikirlər dərc olunur.
   
   - Bir müddət öncə siz Abdulla Şaiq adına Kukla Teatrında «Ağ və Qara» pritçasına quruluş verdiniz...
   
   - Bəli, bu tamaşa böyüklərə ünvanlanıb. Ümumiyyətlə, bütün dünyada kukla teatrı aparıcı teatrlardan biri sayılır və uşaqlarla bahəm böyüklərə də bu teatrı sevirlər. Azərbaycanda isə durum fərqlidir - Kukla Teatrının spesifikası uşaqlar üçün qurulduğundan indi teatr bu tamaşanı bilmir nə etsin. Ancaq bu belə olmamalıdır. Kukla teatrına uşaqlarla bahəm böyüklər də getməlidir.
   
   - İmatraya döndükdən sonra hansı əsərə quruluş vermək haqqında düşünürsünüz?
   
   - Frans Kafkanın «Qəsr»ini hazırlamağı planlaşdırıram...
   Bəli, səbəbinin özüm də bilmirəm, amma axirət dünyası, mistika, paradoks, psixologiyada, şüuraltındakı axtarışlar məni çox cəlb edir, maraqlandırır. Eyni zamanda bunun çətinliyini də dərk edirəm. Artıq dörd ildir ki, bu əsəri hazırlamaq istəyirəm. Görünür, indi özümü hazır bilirəm. Ancaq maraqlı və vizual cəhətdən baxımlı bir tamaşa olacağına ümid edirəm.
   
   Sevda Babayeva