İyunun 8-də və 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Sevən qadın» pyesi əsasında rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşanın premyerası keçiriləcək.
   
   “Sevən qadın” sadə və sürətlə inkişaf edən süjetli bir oyundur. Məşhur aktrisanın həyatında qəfil dəyişiklik baş verir: ailəsi, bir oğlu, sədaqətli əri, yaxşı aktyor karyerası olan Elminanın həyatına uğurlu biznes adamı Qalib daxil olur. Qalibin tərəddüdə yer qoymayan qətiyyəti, özünə hədsiz inamı və təbii ki, böyük məbləğdə pulları qadını bütün varlığı ilə “işğal” edir. Elmina qeyd-şərtsiz təslim olur, ona itaətdən, onun “əlavə”sinə çevrilməkdən həzz alır, amma bilmir ki, Qalibin məhəbbəti insanı nəcibləşdirən, zənginləşdirən məhəbbət deyil, bu məhəbbət dağıdıcıdır, şəxsiyyəti heçə endirən, məhv edən naxoş bir hissdir, ehtirasdır.
   Qadının dramatik hissləri məntiqi sonuna yetişir - Qalib qəfil gəldiyi kimi, qəfil də gedir. Elmina özünə qəsd etmək dərəcəsinə çatan sarsıntı keçirir, amma bu komediyadır, burada ölümə yer yoxdur. Elə bu yerdə komediyanın ikinci hissəsi başlayır. Populyar aktrisanın həyatındakı dramatik olaylar daim sensasiya axtarışında olan mətbuatın maraq dairəsindədir. Beləliklə, səhnədə komediyanın yeni qəhrəmanı - Elminanı və tamaşaçıları gözlənilməz replikaları, fikirləri, hərəkətləri ilə çaşdıran, özünü gülüş, təəssüf, istehza, mərhəmət, bəzən də həqarət hədəfinə çevirən müxbir peyda olur. Məhrumiyyətlər içərisində boğulan uğursuz jurnalistə özünü, xəstə anasını, tələbə bacısını xilas etmək üçün sensasion bir material, manşetə çıxası bir məqalə lazımdır. O, bu materialı bütün mətbuatdan, real aləmdən üz çevirmiş Elminadan hazırlamaq qərarına gəlir, əslində bu onun üçün ölüm-dirim savaşıdır. Beləliklə, aktrisanın ikinci kişi ilə duet-dueli, daha doğrusu, komediyası başlayır.
   Tamaşa açıq finalla bitir, əsərin yaradıcıları son nöqtəni qoymaq fikrində deyillər. Məqsəd ilk baxışda göründüyü kimi, qadının iki məhəbbət arasından hansını seçməsində deyil, məqsəd daha dərində, cəmiyyətin özündədir və xeyli mürəkkəbdir.
   Tamaşada əsas rollarda xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər Sənubər İsgəndərova, Füzuli Hüseynov, Mehriban Xanlarova çıxış edəcəklər.
   Tamaşanın premyerası Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində olacaq.
   
   “Mədəniyyət”