“Teatrın eşidilməyən üçüncü zəngləri” silsiləsindən…
   
   Hamlet - V.Şekspir “Hamlet” faciəsi. Müdrik gənc…
   Fuad Poladov- Hamleti geyinən adam…(xalq artisti) İstedadlı gənc…
   Zaur - Anar “Təhminə və Zaur”. Sevən gənc…
   Ziyad Quluzadə - “Mənfi”və “müsbət” arasında laqeyd, neytral gənc…
   Aktyorlar. Onlar hər yeni obrazın rəngini, ruhunu, kədərini və sevincini, günahını və savabını öz varlığında buqələmun kimi bulunduğu mövcudiyyətə uyğunlaşdıran sadə adamlardılar. Həddindən artıq, sadə. Lap elə, Fuad kimi…
   Beləcə…
   Onun ömürlüyü… Axtarıb İnternetdən tapdım ki, xalq artistidir. Fəqət, məni heç vaxt maraqlandırmadığı kimi. İndi də maraqlandırmır. O qədər xalq artisti var ki…
   Ancaq… Nə bilim… Sonra qarşıma uzun bir filmoqrafiyası çıxdı… 37 filmdə iştirak edib… Bunlar gözəl işlərdi, ancaq yenə maraqlanmadım… Mən ki, Fuad Poladovun filmlərini axtarmırdım… Bəs, mən axtaran hardadır?! Bəlkə, heç yoxdur?..
   Fəqət…
   Birdən Uran planeti ilə əlaqəli olan astroloji qatımda mənə nə isə qəribə peyğəmvari bir xəbər gəldi. Mən Fuad Poladovu yox… Onun oynadığı üç obrazı çılğın, müdrik HAMLETİ, məsuliyyətsiz, bütün qadağalara tüpürüb sevən və klişelərə ilişib qalan ZAURU, aktyorluğun “ilahi qat”ında korifey kimi gəzinən adamın FUAD Poladovdan süzülüb gələn bəşəri faciəsindən yazmaq, onda məhrəm sirləri axtarmaq qərarına gəldim…
   Yəni…
   Mənim yazmaq istədiyim, içinə girib ilmə-ilmə axtardığım SİRLƏR var. Bunlardan birincisi FUAD POLADOV+HAMLET məxfiliyinin, gizliliyinin faş olunması, üzə çıxmasıdır.
   Virtual məkanın dərinliyində gizlənmiş “vikipedia” adlı ensiklopediyada Fuadın Hamleti barəsində belə bir sətir gedir. “Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə akademik teatrda Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb”.
   HAMLET kimdir? Hərdən fikirləşirəm ki, bəlkə də, həqiqəti dərk etmək, bu dünyanın saxta pərdələrini cırmaq hamımıza nəsib olan deyil… Bu pərdələrin ardındakı həqiqəti anlamaq, neçə illərdir içində yaşadığın gərçəklikdən imtina etmək boşluqda hardansa yapışmağa yer axtarmağa bənzəyir. Hamletin həqiqəti bir az da o boşluğun içindəki, dayaqların, süni yapışmaq yerlərinin parçalanması, yoxa çıxmasıdır. Doğrudanmı? Ziqmund Freydin “EDİP KOMPLEKSİ” mənim bu biçarə “Hamlet”imin kral əlbisəsinin boynundan yapışıb buraxmır. Məgər bu qədər faciəni yaşamaq üçün, atanın əzablı yuxulu, alatoran xəyal kimi özünü hansısa o dünya adını verdiyimiz məkandan “Hamlet”in düşüncəsinəmi atmalı idi.
   Və hələ də tapa bilmədiyim növbəti sual. Hamlet Ofelyanı monastıra yollayarkən orda onun paklanacağına doğrudanmı inanırdı?!. Mən inanmırdım. Heç indi də inanmırm.
   FƏQƏT…
   Fuad Poladovun Hamleti bütün əzəməti ilə, lənətlənmiş suallarla dolu tarixi ilə modern mifdir. Miflər “vinzip” olunmuş sənədlər toplusudur. Fuad özündə Hamletin bəşəri faciəsi ilə birlikdə insanlığın qadağan olunmuş suallarımı da belə «vinzip» etdi, sıxdı… İndi bizə xalq artistimizin öz düşüncəsinin, dünyanı qavrama biçiminin köməyi ilə yaradılmış “HAMLET”i açmaq düşürdü.
   Amma…
   Yox… Məgər bütün qadağan olunmuş gizli sualların cavabları da qadağan olunmayıbmı?!. Elə isə bu sirr olaraq qalacaq. Kimsə SİRRləri, qadağaları aşa bilirsə, bax o “NİTŞE” olur, O, “FÖVQƏLİNSAN” olur… Fuad Poladovun “Fövqəl insan” iddia etmirəm. Çünki o “fövqəl insan” olsa idi, insan sürüsü onu çoxdan daşqalaq eləmişdi… Ancaq Hamletin məhrəmliyinə bu qədər girib onu beləcə faş etmək, bəlkə, elə fövqəl insan olmağa doğru atılmış ilk addımdır?!. Bəlkə də… Kim bilir?
   ANAR+FUAD POLADOV = ZAUR…
   İndi isə EŞQdən danışaq. Bu yerdə adam qəlbindən yunan miflərində ən sevdiyim tanrılardan biri olan EROSu çağırmaq istəyi keçir. “Ağ liman”dan başlamış, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nə qədər gedib çıxan Təhminə və Zaurun məhəbbəti və bu məhəbbətdə Zaurun əzabları… Zaur mənə yazıq, çarəsiz, ancaq bütün varlığı ilə sevən bir gənci xatırlatdı. Gəlin Zauru evdəki maddi təminatdan asılılıq və digər xırda söhbətlərə bulamadan, sadəcə Təhminəni sevməsinə nəzər salaq. Onun Təhminəsi azad yaşayan qadın kimi küçə fahişəliyinə çıxsaydı belə, yenə Zaur onu sevəcəkdi… Ancaq Zaur sonda bütün tabulara qarşı mübarizə apara bilmədiyini və Şərqlə Qərbin arasında Şərqi seçməli olduğuna görə məni təəssüfləndirdi… kədərləndirdi və ağlatdı…
   Və əlbəttə ki, Zaurun içində bir Anar kriptosu yatır ki, o da əbədi “vinzip olunmuş” modern mifdir. Sirdir… və niyəsə bu SİRRin içində Anarın əzablarını, aça bilmədiyim məhrəm iztirablarını görürdüm…
   Fuad Poladovun Zauru 24 yaşlı Fuaddır. Burda nə sirr axtarmaq lazımdı, nə naməlum, gizli bir qat.
   Anarın gənclik, sevgi və EROS tanrısına olan münasibətinin toqquşmasının üstünə Fuadın məşhur və yaraşıqlı aktyorun sevgi macəraları gəlincə bu biçarə Zaur, yəqin ki, Təhminəni Afrodita kimi görürmüş… Bəlkə də, Zaur sadəcə sevirdi… Nə ilahi, gizli qatlar, nə də “Eros” tanrısına olan sevgi, sadə,normal bir azərbaycanlı oğlanın bəsit sevgisi idi. Ancaq bu bəsitliyi sizə versiya kimi verirəm. Mən isə Fuad Poladovun və Anarın məhəbbətə, EROS tanrısına olan münasibətlərinin toplandığı bu qəhrəmanın eşqini bəsit yox, ilahi gizlinlərlə dolu bir kəhkəşan kimi görürəm…
   Nəhayət, mən… Mən “mənfi” ilə “müsbət”in arasında neytral olduğuma baxmayaraq Anarın Zaurunda müsbət, V.Şekspirin “Hamlet”ində isə mənfin nəsnələri neytrala qarışdırmış hansısa elementəm…
   TİTRLƏR…
   Əziz oxucular! Sonda “Təhminə və Zaur”a görə ANAR, “Hamlet” faciəsinə (əslində bu faciə deyil, insanlığın ən biabırçı komediyasıdır) görə V.ŞEKSPİR, Zaurun və Hamletin ruhlarını geyindiyinə görə FUAD POLADOVA təşəkkürlər…
   
   Ziyad Quluzadə
   
oozeworld@hotmail.com