Dekabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunub. Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın Karmen obrazını oynadığı tamaşanın nümayişi anşlaqla keçib. Tamaşada Don Xoseni Fərid Əliyev, Mikaelanı İnarə Babayeva, Moralesi Tural Ağayev, Zaniqanı əməkdar artist Əli Əsgərov canlandırıblar. Tamaşanın dirijoru Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərov, quruluşu rejissoru əməkdar artist Hüseyn Əliyev, quruluşçu rəssam İvan Sevastyanov, xormeyster Sevil Hacıyeva, baletmeyster Tamilla Məmmədovadır. Çox sevindirici haldır ki, operanı yerli tamaşaçılarla yanaşı, xarici tamaşaçılar da izləyib. Tamaşaçılar arasında xanımı ilə birgə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç da olub. 4 pərdəli opera tamaşaçıların böyük marağı ilə qarşılanıb və ifaçılar çıxışlarını sürəkli alqışlar altında ediblər. Fidan Hacıyevanın səhnəyə çıxışı isə tamaşaçılara ayrıca sevinc bəxş edib. Belə ki, Karmen obrazını oynayan xanım vokalçı üçün çox darıxdıqlarını ona ünvanladıqları alqışlarla nümayiş etdiriblər.
   Tamaşadan sonra əməkdar artist Fidan Hacıyeva bu obrazı yenidən oynadığı üçün özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb. Vokalçı qeyd edib ki, Karmen kimi hər səhnəyə çıxışı onun üçün bayramdır: “Hər çıxışımda Karmenə olan sevgimi bildirirəm. Bu sevgi mən də ömürlük olacaq və bir dəqiqə belə azalmayacaq. Bu operanı oynamaq böyük məsuliyyətdir və bugünkü tamaşaçı kütləsi bu məsuliyyətin öhdəsindən şərəflə gəldiyimi göstərdi. Bu gün mənimlə olan hər bir tamaşaçıya minnətdarlığımı bildirirəm”. 

   “Mədəniyyət”