Dekabrın 18-də Teatr Xadimləri İttifaqında əməkdar artist, mərhum aktyor, opera müğənnisi, rəssam Əli Haqverdiyevin 70 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.
   Tədbir Ə.Haqverdiyevin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Aslan şahın ariyasının səsləndirilməsi ilə başlanıb.
   Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova və başqaları Ə.Haqverdiyevin həyat və yaradıcılığından danışıblar.
   Bildirilib ki, Ə.Haqverdiyev 1939-cu ildə Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin qrafika şöbəsində və Bakı Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Xalq artisti Şövkət Məmmədovadan və Q.Tartakovdan musiqi dərsi alan Ə.Haqverdiyev Leninqrad Malıy Opera Teatrında təcrübə keçib.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, xalq artisti Canəli Əkbərov sənətkarın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 30-dan artıq obraz yaratdığını, eyni zamanda Şubert, Şuman, Çaykovski və başqa bəstəkarların əsərlərindən ibarət solo-konsertlər də verdiyini söyləyiblər.
   Çıxışçıların dediyinə görə, Ə.Haqverdiyev uşaqlıqdan sevdiyi rəssamlıq sənəti ilə də məşğul olub, yüzlərlə qrafik işləri, peyzaj, portret, dostluq şarjları yaradıb. Onun rəsmləri Bakı, Kiyev, Sankt-Peterburq, Moskva şəhərlərində uğurla nümayiş etdirilib.
   Xalq artistləri Sevda İbrahimova, Rasim Balayev, Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev Ə.Haqverdiyevin hərtərəfli istedada malik bir insan olduğunu, aktyor kimi də “Uzun ömrün akkordları”, “Şir evdən getdi”, “Dədə Qorqud” filmlərində yaddaqalan obrazlar yaratdığını söyləyiblər.
   Tədbirdə vaxtilə sənətkarın ifa etdiyi Azərbaycan, rus və Qərb bəstəkarlarının operalarından ariyalar səsləndirilib.
   
   GÜNEL