Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı bu il də tamaşaçılarını bir-birindən maraqlı əsərlərlə sevindirəcək. Hazırda teatrda bir neçə yeni tamaşanın məşqləri gedir.Teatrın builki repertuarında həm klassik, həm də müasir əsərlər yer alıb. Teatrın direktorunun fikrincə, düzgün repertuar seçimi uğurun yarısıdır. Çünki seçimin düzgünlüyü aktyorların inkişafına, püxtələşməsinə xidmət edir.
   Teatrın direktoru İslam Həsənov builki repertuarda Şekspirin ”Kral Lir” pyesinə müraciət olunduğunu bildirdi: “Bu ilin 4-cü rübündə teatrsevərlərə təqdim edəcəyik. Qriqori Qorinin “Herostratı unudun” pyesi də öz səhnə həllini tapacaq. Kamran Nəzərlinin “Şeytanın işığı” tamaşasını Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq. Çalışırıq ki, həm müasir, həm də klassik əsərlərlə repertuarımızı zənginləşdirək".
   Hazırda teatrda qırğız yazıçısı Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında “Manqurt” tamaşasının məşqləri gedir. Əsərə quruluşu Sumqayıt teatrının baş rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmov verir. Rejissorun fikrincə bu bəşəri əsər bütün dövrlərlə səsləşir. Tamaşanın rejissoru Firudin Məhərrəmov burada əsasən “Manqurt” hissəsinin önə çəkildiyini bildirdi: “Keçmiş və indiki gün baxımından aktual mövzudur. Ona görə “Manqurt” bölümünü götürdük. Qeyd edim ki, Ç.Aytmatovun əsərləri çox çətin səhnəyə gəlir. Mənə elə gəlir ki, teatr kollektivi ilə maraqlı işimiz alınar”.
   Qeyd edək ki, tamaşanın musiqi tərtibatçısı bəstəkar Sərdar Fərəcov, rəssamı Mustafa Mustafayevdir. Əsas rolları Təvəkkül Əliyev, Qızılgül Quliyeva,Əlibala Əsgərov ifa edirlər.
   Teatrda N.B.Vəzirovun “Kərim xan Ərdəbili” əsəri də tamaşaya qoyulub. Teatrın baş rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayev bildirib ki, klasik dövrə müraciət olduqca vacibdir. Çünkü təkcə müasir dövrü oynamaqla hərtərəfli aktyor kimi yetişmək mümkün deyil. Qeyd edək ki,baş rejissor bu əsərdə bütün rolları teatrın nəzdində fəaliyyət göstərən teatr studiyasının gənclərinə həvalə edib. Məqsəd həm də teatr üçün perspektivli aktyor nəsli yetişdirməkdir.
   Bu yaxınlarda teatrın direktoru İslam Həsənov Kutaisi Gənclər Teatrının 160 illiyində iştirak edib və teatrın səhnəsində Mikloş Xubayinin “Şeytanın oyunları” tamaşasına gürcü rejissorla birgə quruluş verib. Kutaisi teatrı respublikaya dəvət alıb. Onlar Bakı və Lənkəran səhnəsində çıxış edəcəklər. Öz növbəsində Lənkəran teatrı da qardaş Türkiyəyə dəvət alıb. Teatr mart ayında Bakıda keçiriləcək teatr festivalına da qatılacaq.
   
   Turan