«Yay gecəsində yuxu»ya gedin
   
   Bir neçə gün əvvəldən vurulan afişalar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın premyerasının olacağından xəbər verirdi. Tamaşa V.Şeksprin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanıb. Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Rəhman Əlizadə, rəssamı isə Lətifə Quluzadədir. Maraqlısı odur ki, bu tamaşa Kukla Teatrında hazırlanmasına baxmayaraq, böyüklər üçün də nəzərdə tutulub.
   
   Elan olunduğu kimi, saat 16:00-da tamaşa başlayır. İşıqlı salon birdən qaranlıqlaşır.Təmirdən sonra yeni quraşdırılmış projektorlar səhnəni işlandırır. A.Motsartın musiqisi səslənməyə başlayır. İnsanı xəyallara daldıran musıqi sədaları altında aktyorlar səhnəyə daxil olurlar. Nə olduğunu anlamıram, elə bəlkə tamaşaçılar da. Hər kəsin üzündə bir təəccüb var. Nəhayət məlum olur ki, bunlar sarayda baş tutacaq toy üçün tamaşa hazırlayan aktyorlardır. Onların söhbətlərindən məlum olur ki, məşq üçün meşədə görüşəcəklər.
   Dekorasiya dəyişir və tamaşanın əsas hissəsi başlayır. Burada şah sarayı təsvir olunur və qəhrəmanlar görünür. O dövrün geyimlərini özündə əks etdirən kuklalar insanı keçmişə aparır. Elə bil sehrli xalat geyinib o dövrə qayıtmısan.
   
   İki sevən qəlbi ayırmaq olmaz,
   Xəyanət nə edər büllur sevgiyə?
   Sevgi ömürlükdür, dəyişməz, solmaz,
   Hər vaxt rövnəq verər təmiz ürəyə.
   
   Bu şeir parçasında tamaşanın qəhrəmanları Demetrey və Germiya arasındakı saf məhəbbət təsvir olunub. Qalan obrazlar isə sanki onların sevgilərinin kölgəsində qalıb. Onların sevgisinə qarşı çıxanlar Germiyanın Lizandrla evlənməyini istəyirlər. İki sevgili qərara gəlirlər ki, bir yerdə buranı tərk edib, başqa bir şəhərdə yaşasınlar. Əsas hadisədə elə bundan sonra başlayır. Yorulub, əldən düşən sevgililər bir yay gecəsində ağacın kölgəsində yuxuya gedirlər. Bu zaman yatan Demetreyə sehrli bir gül iylədirlər. Ayıldığı zaman o öz sevgilisinin Yelena olduğunu xatırlayır... Lakin sonda hər şey məlum olur və onların məhəbbəti qalib gəlir. Tamaşa nikbin sonluqla bitir.
   
   Günel