Bu, nə ilə bağlıdır?
   
   Azərbaycan teatrı son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni tamaşalar, festivallar bir-birini əvəz edir. Teatrlarımızda müxtəlif mövzularda və formalarda sənət əsərləri təqdim olunur. Biz isə bu dəfə milli yazarların əsərlərinin az tamaşaya qoyulması və klassikaya üstünlük verilməsinin səbəblərini araşdırdıq.
   
   Vaqif İbrahimoğlu -
   “Yuğ” Teatrının baş rejissoru:

   - Məndə belə bir təəssürrat yoxdur ki, milli dram əsərləri kənarda qalıb. Klassik əsərlərin səhnələşdirilməsinə gəlincə bunun nəyi pisdir? Klassik sözünün etimoloji mənası “örnək” deməkdir. İngilis və ya fransız yazarının əsəri əgər mükəmməldirsə, onun milləti olmur. Müasir olmayan odur ki, bu gün gərəkli olmasın.
   Əli Əmirli, Firuz Mustafa, Elçin Əfəndiyev, Rəhman Əlizadə, Elçin Hüseynbəyli və b. göstərmək olar ki, onların çoxlu dram əsərləri var. Müasir dram əsərlərinin yaranması bilavasitə yaradıcılıqla bağlı olduğu üçün planla, tapşırıqla yetişdirilmir. Bu xüsusi metod, yazmaq üslubu tələb edir. Yaradılan əsərin ideyası olmalıdır ki, özünü realizə edə bilsin.
   Dünya teatrına nəzər salsaq, Avropa teatrında 70-ci illərdə heç bir klassik əsər nümayiş olunmayıb. Belə ki, modern yazarlar yetişdi və yeni əsərlər səhnələşdirildi. Ümumiyyətlə, əsərlərin yaranması özgür bir prosesdir. Onun əsasları və səbəbləri var. Bu məsələyə həssas yanaşmalı və zaman prizmasından baxmalıyıq.
   Milli yazarlarımızdan Elçinin “Cəhənnəmin kirayənişinləri”, gənc yazar Saleh Sabatın “Biz”, Mehman Musabəylinin “Divin oğul dərdi” əsərləri bu gün üçün aktualdır. Bu əsərləri səhnələşdirmək barədə düşünürük.
   
   Mərahim Fərzəlibəyov -
   Akademik Milli Dram Teatrının baş rejissoru:
   - Dramaturgiya ədəbiyyatın ən çətin janrıdır. Dram əsəri yazmaq da hər yazıçıya qismət olmur.
   Müasir yazarların yetişməsi vacibdir. Onların teatrlara müraciəti çox zəifdir. Sovet zamanında yazmağın çətin olması söylənilirdi. Amma indi söz azadlığıdır. Lakin dram əsərlərinin yazılmasında inkişaf yoxdur.
   Klassikaya qayıdış isə mütəmadi olmalıdır. Bu aktyorlar, rejissorlar və tamaşaçılar üçün vacib komponentdir. Teatrın vəzifələrindən biri klassikaya müraciət etməkdir. Bununla yanaşı, müasir əsərlərə də yer verilməlidir. İki klassik əsər qoyanda üçüncüsü milli əsər olmalıdır. Əsərlər səhnələşdirildikdə onu dövrümüzə uyğunlaşdırmaq lazımdır. Teatrın repertuar siyasəti dünya klassikası, Azərbaycan klassikası və müasir milli əsərlərin axtarışında olmaqla tənzimlənir.
   Rejissor kimi məni son zamanlar N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri düşündürür. Bu əsər cəmiyyətimizdə gedən bəzi proseslərə cavab verə bilir. İkinci üzərində işlədiyim əsər C.Məmmədquluzadənin “Ər” komediyasıdır. Bu əsərin əlyazmasını Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli tapmışdı və mənə səhnələşdirməyi məsləhət görmüşdü. Bu tragikomik əsər heç vaxt səhnəyə qoyulmayıb. Düşünürəm ki, çox maraqlı və yeni tamaşa olacaq.
   
   İftixar Piriyev -
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru:
   - Milli əsərlərin teatrlarda az tamaşaya qoyulmasının səbəbini dramaturq qıtlığında görürəm. Sovet dövründə müəyyən ideologiyaya əsaslanan ədəbiyyat vardı. Bu ənənədə yetişən dramaturqlar əsərlərini teatrlara təqdim edirdilər. Əsərlərə ideoloji nöqteyi-nəzərdən yanaşıldığına görə, teatrlara yol açmaq çətinliyi olmurdu. İndi isə boşluq dövrünün sonlarını yaşayırıq. 60-cı illər dramaturgiyasını çıxmaq şərti ilə müasir dövrdə bir neçə yazardan başqa bu janrda özünü sınayan yoxdur. Təbii ki, söhbət professional əsərlərdən gedir.
   Bu işdə yazarlarla bərabər, teatrların da maraqlı olması vacibdir. Müəlliflərlə əlaqələr yaradılmalı, müsabiqələr təşkil olunmalı, mövzular təklif edilməlidir.
   Dünya ədəbiyyatının teatrlarımızda ön planda olması onun potensialından asılıdır. Lakin dünya klassikasına da müasir gözlə baxılmalıdır. Yaxşı təqdim olunan istər müasir, istərsə də klassik əsərlə uğur qazanmaq olar. Amma milli əsərlərimizin daha çox səhnələşdirilməsinin tərəfdarıyam.
   
    Günel QƏHRƏMANOVA