Azərbaycan teatrını sevən, milli mədəniyyətimizin bu sferasının nəinki tarixini, həm də bu gününü yaxşı bilən, onun qayğıları ilə yaşayan hər kəs Teatr Xadimləri İttifaqının istər böyükmiqyaslı, istərsə də kiçik tədbirləri necə zövq və həvəslə qeyd etməyindən xəbərdardır.
   
   Bugünlərdə TXİ əməkdaşlarının təşəbbüsü ilə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Tamilla Bünyatovanın 60 illik yubileyi ilə bağlı tədbir keçirilmişdi. Aktrisa 60 illik ömrünün 35 ilini bu teatra həsr edib.
   Tamilla xanım tələbəlik illərindən teatra gəlib və 1976-cı ildən də bu teatrda çalışır. «Cırtdan» tamaşasında Arıq rolu ilə debüt edən aktrisanın indiyədək oynadığı rolların arasında Aytən («Cunquş»), Şəhrəbanu («Parisi dağıdanlar»), Qız bürcü və Nağılçı («Qızıl xoruz»), Tıq-Tıq xanım («Tıq-Tıq xanım»), Div xala («Od oğlan»), Şir («Dədə Qorqud»), Şah qadın («Madarın dastanı»), Hafizə xanım («Pəri Cadu») kimi maraqlı obrazlar var. Tamilla xanımın yaradıcılıq bioqrafiyasına bir çox beynəlxalq festivalların, xarici ölkələrə qastrol səfərlərinin iştirakçısı olmaq da yazılıb. Gələcəyin teatrsevər insanının sənətlə ilk tanışlıq məkanı sayılan Kukla Teatrı Tamilla xanım üçün çoxdan doğma ocağa çevrilib.
   TXİ-nin konfrans zalında toplaşan ittifaqın əməkdaşları, teatrşünas və jurnalistlər, aktrisanın sənət dostları Tamilla xanımın yaradıcılıq yolu barədə isti sözlər söylədilər.
   Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, xalq artisti Azərpaşa Nemətov, ittifaqın fəxri fərmanını Tamilla Bünyatovaya təqdim edərək, onu yubiley münasibətilə təbrik etdi. İllərdən bəri Tamilla Bünyatova ilə birlikdə çalışan rəssam Lətifə Quluzadə, aktyor Rəhman Rəhmanov da yubilyar barədə ürək sözlərini söylədilər.
   Professor Məryəm Əlizadə isə Teatr Xadimləri İttifaqının Azərbaycan teatrının inkişafında töhfəsi olan hər kəsi yadda saxladığını deyərək, hazırda milli teatr prosesində gedən müsbət dəyişikliklərdə bu yaradıcılıq qurumunun mühüm rolundan danışdı.
   Tədbirin gedişində o da məlum oldu ki, həmin gün Teatr Xadimləri İttifaqında çalışan, mədəniyyətdən yazan bütün jurnalistlərin yaxşı tanıdığı və hörmət bəslədiyi Sədaqət İsgəndərovanın da ad günüdür. Beləcə, təbriklər təbrikə qarışdı.
   
   Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar