Baharın gəlişi teatrlarımızda canlanma yaradıb. Yeni tamaşaların məşqlərinə başlayan truppaların əsər seçimini elə bəri başdan alqışlamaq olar. Məsələn, bu il 100 yaşını qeyd edən Ş.Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən bildirdilər ki, iki tamaşanın məşqlərinə başlanıb - libretto müəllifi Əliağa Kürçaylı, musiqi müəllifi Arif Məlikov olan «Ləpələr» və libretto müəllifi Marat Haqverdiyev, musiqi müəllifi Ramiz Mirişli olan «Amerikalı kürəkən». «Ləpələr» tamaşasının rejissoru İlham Namiq Kamal, «Amerikalı kürəkən»in quruluşçu müəllifi isə Namiq Ağayevdir. Hər iki librettoya Nazim Hacıəlibəyov dirijorluq edəcək. 

   Akademik Milli Dram Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, teatrın binasının təmiri müddətində ən azı üç tamaşanı - Jan Anuyun «Antiqona»sını Mərahim Fərzəlibəyovun, Afaq Məsudun «Yol üstə» əsərini Mehriban Ələkbərzadənin və Edardo de Filipponun «Oğru cənnətdə» pyesini Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu Xatirə Şirəliyevanın yozumunda seyr edə biləcəyik. Bu ay truppanın Dağıstana qastrolu da gözlənilir. «Azdrama» səfərdə «Dəlilər və ağıllılar» tamaşası ilə çıxış edəcək. İlyas Əfəndiyevin pyesi üzrə baş rejissor Mərahim Fərzəlibəyovun hazırladığı səhnə əsəri, artıq bir neçə ildir ki, repertuardadır.
   «Yuğ» Dövlət Teatrının direktoru Tərlan Rəsulzadədən isə öyrəndik ki, teatrın səhnəsində iki tamaşanın məşqləri gedir. Teatrın baş rejissoru Vaqif İbrahimoğlu Servantesin «Don Kixot»unu, Gümrah Ömər isə Kasaresin «Necə qəbir qazmaq» əsəri əsasında «Qəbirqazma» tamaşalarını hazırlayırlar. V.İbrahimoğlu «Don Kixot»a səhnə həyatı verməyi tələbələrinə etibar edib. «Qəbirqazma» tamaşasında isə Gülzar Qurbanova, Mətanət Abbaslı və Kamran Yunis iştirak edirlər.
   Bundan savayı, «Yuğ» teatrı aprelin 14-dən 24-dək Konyada keçiriləcək Türkdilli xalqların beynəlxalq teatr festivalına dəvətlidir. Truppa qardaş ölkədə ənənəvi olaraq baş tutan teatr bayramında «Mən - Məhəmməd Füzuli» layihəsinə daxil olan «Yar», «Rəhm» və «Yə Rəbb» səhnə əsərlərini təqdim edəcək. Səfər çərçivəsində teatrın baş rəssamı Rəşid Şerifin sərgisi, teatrın baş rejissoru və «Mən - Məhəmməd Füzuli» layihəsinin rəhbəri Vaqif İbrahimoğlunun isə «Yuğ» teatrının poetikasına həsr olunmuş seminarı da təşkil ediləcək.
   Dövlət Gənc Tamaşaçılar Teatrına gəlincə, burada kiçikyaşlı tamaşaçılar üçün sürpriz hazırlanır. Gənc rejissor Nicat Kazımov Blandi Marvininin məşhur «Yatmış gözəl» əsərinə quruluş vermək niyyətindədir. Tamaşada görəcəyimiz rəqsləri də o özü hazırlayacaq. Rolları isə Naibə Allahverdiyeva, Almaz Mustafayeva və teatrın digər aktyorları ifa edəcəklər.
   
   Samirə Behbudqızı