Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ədəbi yaradıcılıqla məşğul olan müəlliflərin yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik dram əsərlərini dəyərləndirmək, istedadlı dramaturqların daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq, ən yaxşı əsərləri müvafiq teatrların repertuarına daxil etmək məqsədilə 2009-cu ilin oktyabrından elan edilmiş “Ən yaxşı dram əsərləri” müsabiqəsinə əsərlərin qəbulu başa çatıb.
   Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsindən aldığımız məlumata görə, müsabiqəyə 34 dram əsəri qəbul olunub. Əsərlər qiymətləndirmə üçün münsiflər heyətinə təqdim edilib.
   Müsabiqənin nəticələri may ayının əvvəllərində “Mədəniyyət” qəzeti və Nazirliyin rəsmi internet saytında açıqlanacaq. Qalib gələn 3 əsər (birinci, ikinci, üçüncü yerlər) Nazirlik tərəfindən alınaraq müvafiq teatrlarda tamaşaya qoyulacaq. Xatırladaq ki, ildə bir dəfə elan olunması nəzərdə tutulan “Ən yaxşı dram əsərləri” müsabiqəsi bu il böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunub.