Bölgə teatrlarının monitorinqi hələlik bu prosesin qənaətbəxş olmadığını göstərir
   
   
   Aprelin 15-də Azərbaycan Media Mərkəzində ölkəmizin bölgələrində fəaliyyət göstərən teatrların vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirildi.

   
   Tədbirin təşkilatçısı, İnsan Hüquqları üzrə Regional Media Mərkəzinin rəhbəri Xalid Kazımov Gəncə, Şəki, Mingəçevir və Qax şəhərlərinin dövlət dram və kukla teatrlarında aparılmış monitorinq barədə məlumat verdi. Məlum oldu ki, bu bölgələrin hər birində teatr binalarının texniki təchizatı qənaətbəxş deyil. Buna baxmayaraq teatrların hər biri ildə 6-7 tamaşa ilə teatrsevərlər qarşısında çıxış edir. Respublikanın digər bölgələrinə qastrol səfərlərinə getmək üçün Gəncə və Şəki teatrlarının kollektivləri avtobusla təmin ediliblər. Şəki teatrı ənənəsinə sadiq qalaraq əcnəbi ölkələrə də qastrollara çıxır. Mingəçevir Dövlət Dram Teatrının binasında isə əsaslı təmir aparılır və işlər yayda başa çatacaq.
   X. Kazımov vurğuladı ki, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri arasında keçirdikləri sorğu nəticəsində məlum olub ki, gənclər arasında teatr fədaisi olmaq istəyən yoxdur. Sabahın aktyor və rejissorları paytaxtda karyera və daha təminatlı həyat qurmağa üstünlük verirlər. Bu gün bölgələrdə mövcud olan çətin yaşayış və perspektivsiz fəaliyyət isə onları cəlb etmir.
   «Dəyirmi masa» formatında təşkil edilmiş görüşdə Milli Məclisin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, pedaqoji fəaliyyətlə məşğul olan teatr rəhbərləri, aktyor və rejissorlar da iştirak edirdilər. Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova, Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun əməkdaşı Vəfa Novruzova çıxış etdilər.
   Millət vəkili J.Əliyeva vurğuladı ki, dövlət teatr sahəsinin inkişafının daha çox zahiri tərəfini təmin edərək teatr binalarını təmir-təchizinə vəsait ayıra və istedadlı gəncləri xarici ölkələrdə təcrübə keçməyə göndərə bilər. Lakin yeni-yeni istedadların yetişməsi və hadisəyə çevriləcək səhnə əsərlərinin ərsəyə gəlməsi teatrların sırf özündən asılı olan bir məsələdir.
   Xalq artisti A. Pənahova qeyd etdi ki, Akademik Milli Dram Teatrının truppasının formalaşmasında Gəncə, Şəki teatrlarının potensialı əvəzsiz rol oynayıb: «Təəssüf ki son illər bu mübadilə yox dərəcəsinə çatıb».
   Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi V.Novruzova son illər teatr sahəsində mühüm islahatların həyata keçirildiyini bildirdi. “Teatr haqqında” qanunun qəbul edilməsini, teatr sənətinin inkişafı haqqında xüsusi sərəncam imzalanmasını və 2009-2019-cu illərdə teatrların fəaliyyəti ilə bağlı Dövlət Proqramının təsdiq olunmasını bu sahənin inkişafı üçün böyük hadisə kimi dəyərləndirdi. O, region teatrlarının inkişafında festivalların əhəmiyyətini qeyd edərək, bu ilin iyununda Qaxda kukla teatrları həftəsinin təşkilinin nəzərdə tutulduğunu dedi. Elə nazirliyin xəttilə fevral ayında başlayıb noyabradək davam edəcək Milli Teatr Festivalına respublikada fəaliyyət göstərən 27 teatrın cəlb edilməsi, bu il təşkil ediləcək qiraət ustalarının 4-cü respublika müsabiqəsinin təşkili də bu məqsədə xidmət edir. Bölgə teatrlarının maddi-texniki təchizatı barədə danışan nazirlik təmsilçisi Lənkəran Dövlət Dram Teatrının binasının da əsaslı təmirdən sonra fəaliyyətinin məhsuldar şəkil aldığını vurğuladı.
   Bölgə teatrlarının çətin şəraitə rəğmən peşəkar fəaliyyətə sadiq olduqlarının sübutu kimi onu deyək ki, Qax Dövlət Kukla Teatrı iyun ayında Estoniyanın paytaxtı Tallinn şəhərində keçiriləcək Kukla Teatrları Festivalında iştirak etməyə hazırlaşır.
   
   Samirə Behbudqızı