Keçmiş sovet məkanının, hazırda isə Rusiyanın ən nüfuzlu teatrlarından olan «Bolşoy Teatr»ın repertuarında Azərbaycan akademik incəsənəti də yer ayrılıb. 2011-ci il fevralında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası artistlərinin ifasında Qara Qarayevin «Yeddi gözəl» baleti məhz «Bolşoy Teatr»ın səhnəsində təqdim ediləcək. Bu barədə «Mədəniyyət» qəzetinə məlumat Opera və Balet Teatrının mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilir ki, bugünlərdə teatrın direktoru Akif Məlikovun ünvanına teatrın direktoru Anatoli Gennadiyeviç İksanovun imzası ilə dəvət məktubu daxil olub. Qeyd edək ki, postsovet dövründə balet artistlərimizin Moskva səhnəsində çıxışı artıq ikinci dəfədir baş tutur - 2001-ci ilin dekabrında Qara Qarayevin «Don Kixot» və «Leyli və Məcnun» baletləri bu teatrda böyük uğurla nümayiş olunub. Şübhə etmirik ki, balet artistlərimizin budəfəki qastrol səfəri də Rusiya ilə Azərbaycan arasında bir neçə on ildən bəri davam edən mədəni əməkdaşlıq sahəsində önəmli hadisələr sırasını zənginləşdirəcək.