Dövlət Pantomima Teatrında «Mən və mən» mono tamaşası təqdim olundu
   
   Əslində, bu da bir maskalanmaq idi - aynanın qarşısında durub «sən elə bilirsən, biz maskanın əsiriyik, xeyr. O, bizdən canını nə vaxt qurtaracağı günü gözləyir» deməsi... 
     
   Dövlət Pantomima Teatrında yeni tamaşanın premyerası baş tutdu. Teatrın gənc nəslinə mənsub aktyorlarından biri - Ceyhun Dadaşovun müəllifi, rejissoru və ifaçısı olduğu «Mən və mən» mono pantomimasının qəhrəmanı, sözdə belə desə də, gerçək əməldə acizliyinə qalib gələ bilmir. Daha doğrusu, bu, heç mümkün də deyil - axı, o, maskalanmağı dünyaya gəldiyi ilk dəqiqələrdə tibb bacısının yanına vurduğu şapalaqdan ağlamağa başlayanda öyrənib. Amma bu onun finalda edəcəyi xatirə-etirafdır. Ona qədər isə tamaşaçı ağıllı, istedadlı, güclü görünməkdən ötrü maska taxmağı həyat tərzinə çevirmiş mim-təlxək, ya da adi bir insanın və deməli, bu və ya digər dərəcədə özünün həyat həqiqətləri ilə tanış olur.
   Ceyhun Dadaşov bir pritçanı çox sevdiyini deyir. «Bir nəfər həkimin yanına gəlib gülə bilməməyindən şikayətlənir. Həkim ona məsləhət görür ki, qonşu məhəllədəki təlxəyin oyunlarına tamaşa etsin. Pasiyent cavab verir ki, həmin təlxək elə o özüdür...»
   «Mən və mən» tamaşası başlamazdan əvvəl biz aktyorun güzgü qarşısında oturub üzünü necə qrim elədiyini müşahidə etdik. Bu, teatrın şəraitsizliyinin diqqətə çatdırılması kimi yox, maskalanmaq, ondan istifadə etməyin incəlikləri kimi qavranmalıdır. Axı, aktyorlar tamaşanın başlama vaxtı deyil, ondan yarım saat əvvəl qrimlərini tamamlayırlar.
   Birpərdəli «Mən və mən» tamaşasının əvvəli birdən-birə şəxsiyyətsizliyini aşkar edən personajın sırf pantomim tərzində oyunu ilə keçdi. Ümidsizliyin zirvə nöqtəsinə çatmış insanın monoloqu ilə bu oyun tamamlanırdı.
   Təlxək-mimin etiraflarından bir məktəbli dövrü ilə bağlıdır. Dərsdən sonra futbol oynamaq istəyən yeniyetmə oğlanlardan biri olan dostunun topu xəlvətcə götürməsi, səhərisi kiminsə onu satması və məktəbdən qovulması, tamaşanın qəhrəmanının isə onun hərəkətlərini təkrarlamaqla diqqət mərkəzində olmağa çalışmasından bəhs edən xatirə-etiraf...
   Zənnimcə, bu tamaşanın ən uğurlu yeridir. Çünki gənc aktyor personajının dililə dostunu satanı alçaq, şərəfsiz adlandıranda söhbətin onun özündan getdiyi şübhəsi yaranmadı. Maskalı insan özü bunu etiraf etməyənə qədər.
   İnsanlar maskalanmağa, oynamağa, cildə girməyə məhkumdurlar. Hər halda, dahi dramaturq «həyatın bir səhnə, insanların isə aktyor» olduğunu deyəndə bəşəriyyət qarşısında onun müstəsna dramaturji istedadından əsrlər boyunca zövq almaq üçün öhdəlik qoymaq məqsədi güdmürmüş.
   
   Samirə Behbudqızı