Natalya Aşumova-Şarovskaya: «Bu obraz aktrisadan böyük mənəvi və fiziki hazırlıq tələb edir» 
   
   Bodler «Mənim çılpaq ürəyim» əsərində yazır: «Həmişə, uşaqlıqda da, indi də teatrda ən gözəl saydığım şey çilçıraq olub - heyrətamiz dərəcədə parlaq, bərq vuran, kristaltək təmiz, çoxtərəfli, dairəvi və simmetrik düzəldilmiş əşya...» Böyük fransız dramaturqu Jan Rasinin (1639-1699) «Fedra»sı teatr aləmində məhz həmin nəhəng və parlaq çilçıraq təsirini doğuran şedevrlərdəndir. «Fedra» adı yunancadan tərcümədə də elə «işıqlı» deməkdir. İlk dəfə hələ 1677-ci ildə səhnəyə qoyulan «Fedra» uzun illər Fransa və Avropa teatrının aparıcı tamaşalarından olub.
   
   Rasin süjetini Evripiddən aldığı faciənin adını ilkin variantda «Fedra və İppolit» qoymuşdu. «Fedra» adı isə ilk dəfə Rasinin 1687-ci ildə nəşr edilən əsərlərinin toplusunda meydana çıxıb. «Fedra» onun ən sevimli əsəridir. Yəqin ki, dramaturq Natalya Aşumova-Şarovskayanın Fedrasını görsəydi, razı qalardı. S.Vurğun adına Rus Dram Teatrının aktrisası, Xalq artisti Natalya Aşumova-Şarovskayanın 50 illik yubileyi münasibətilə teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi «Fedra» səhnə əsərini nəinki səbəbkara, həm böyük dramaturqun xatirəsinə, ən əsası, teatr mədəniyyətimizə layiqli töhfə, gözəl hədiyyə kimi qiymətləndirmək lazımdır. Quruluşçu rejissor və baş rolun ifaçısı bizimlə söhbətində tamaşanın hazırlıq prosesindən, yeni yozumdakı dəyişikliklərdən, ifaçı ilə Fedra obrazı arasındakı paralellərdən danışdılar.
   A.Şarovski: «Şəxsən mənim üçün «Fedra»ya aparan yol çox uzun olub. Çoxdan bu barədə düşünürdüm. Hazırlıq və məşqlər hardasa üç ay vaxt tələb etdi».
   N.Aşumova-Şarovskaya: «Fedra obrazı ilə mənim xarakterim, həyatım arasındakı paralel yalnız məhəbbət, sevməyi bacaran qadın təbiətidir. Cavabsız məhəbbət hissi mənə tanış olmadığı üçün bunu səhnədə canlandırmaq bir qədər artıq səy tələb edirdi. Ümumiyyətlə, Fedra çox mürəkkəb qadın obrazlarından biridir. Aktrisadan çox böyük mənəvi və fiziki hazırlıq tələb edir...»
   A. Şarovski: «Lap əvvəldən yaradıcı heyətin qarşısında məqsəd qoydum ki, qədim yunan teatrının ənənələrinə arxalanmalıyıq. Yəni nəzm parçalarının deklamasiyası, rəqslər, musiqi - hamısı bir lövhənin tərkib hissələri kimi vəhdət təşkil etməlidi. Bu isə aktyorlardan müvafiq istedad və bacarıq tələb edən işdir. Təbii ki, Natalya xanımın Fedranı ərsəyə gətirməsi çoxlu axtarışlardan keçən proses oldu».
   N.Aşumova-Şarovskaya obraza hansısa əlavələrini edib-etməməsi barədə sualımızın cavabında vurğuladı ki, əslində, klassik əsərlərin improvizələrə o qədər də ehtiyacı yoxdur, o özü isə rejissorun göstərişlərini və əsərin diktə etdiklərini qanun kimi qəbul edən aktrisalardandır.
   N.Aşumova-Şarovskayanın yaradıcılığına bələd olmağıma əsaslanaraq onu əlavə edim ki, bu aktrisa ən zəif rejissorla işləsə belə, tamaşanı səhnə əsəri səviyyəsinə yüksəldə bilən sənətkarlardandır. Onun bu xüsusiyyətləri səhnəmizə mükəmməl bir Fedranı qazandırdı.
   N.Aşumova-Şarovskayanın ifasında Fedranın vulkan kimi coşqun və qaynar, çeşmə kimi zərif və sakit təbiətinin bütün çalarları öz təbii həllini tapıb. Afina çarı Teseyin xanımı Fedra oğulluğu İppolitə vurulur. Hisslərinin nə dərəcədə yolverilməz olduğunu dərk etdiyi üçün ögey ana gənc oğlanı saraydan qovur. Rasinin Fedrası Seneka və Evripidin Fedrasından fərqli olaraq nifrət, hörmətsizlik doğuran cəhətlərdən tamamilə azaddır - öz sirrini açmaqdansa, ölməyi üstün tutur. Əgər antik müəlliflərin Fedrası İppoliti öz analığına sahib olmaqda ittiham edirsə, Rasinin «Fedra»sında İppolit Fedranın dayəsi Enonanın bu böhtanından boyun qaçırmayaraq edam olunmağı qəbul edir. Beləliklə, Fedranın ləyaqətini alçaltmaq istəmir.
   Rasin pyesinə «Ön söz»də qeyd edir ki, «heç bir əsərində xeyirxahlığı bu qədər qabarıq vəsf etməyib». «Fedra» faciə əsərinin qanunlarına tam cavab verərək, dəhşət və mərhəmət hisslərini oyadan pyesdir.
   Rus Dram Teatrının quruluşunda bu xüsusiyyət maksimum dərəcədə qorunub-saxlanıb. Əsərin poetik dilindən gələn musiqili ahəng irihəcmli pyesin gedişatında dəqiq yerləşdirilib. Quruluşçu rejissor və əsas rolun ifaçısından kütləvi səhnələrdə çıxış edən aktyorlaradək bütün yaradıcı heyət səhnə əsərinə çox böyük məsuliyyətlə yanaşıb. Bu teatrın «Fedra»sına tamaşa edərkən ilk ağla gələn fikirlərdən biri bu olur ki, səhnə əsərini ərsəyə gətirənlərin hər biri Rasinin yaradıcılığı və xüsusən bu pyesi ilə diqqətlə tanış olub. Şarovskinin əlavəsi yalnız xor ifası və Marina Svetayevanın Fedraya həsr etdiyi nəzm əsərini əlavə etməkdən ibarətdir. Tamaşanın quruluşçu rəssamı Tahir Tahirov həmişə olduğu kimi, bu dəfə də peşəkarlığını sübut etdi. Tamaşanın dekorasiyası, antik tərzə uyğun libaslar, qrimlər və saç düzümləri inandırıcı təsir bağışlayır.
   
   Samirə Behbudqızı