Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Milli Teatr Festivalında 3 tamaşa ilə çıxış edəcək. Kollektiv mayın 2-də dahi bəstəkar Qara Qarayevin 2008-ci ildə yeni quruluşda səhnəyə qoyulmuş ölməz “Yeddi gözəl” baletini təqdim edəcək. Əsas rolları Əməkdar artistlər İslam İslamov, Kamilla Hüseynova, Yelena Skomoroşenko, Alsu Qimadiyeva, Samir Səmədov və başqaları oynayacaqlar. Tamaşanı Xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Mayın 7-də isə Ü. Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Əsas partiyaları gənc solistlər Vüsalə Musayeva və İlkin Əhmədov ifa edəcək. Tamaşanın dirijoru, Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Yaradıcı kollektiv mayın 25-də Sumqayıta yollanacaq və şəhər sakinlərinə “Leyli və Məcnun”u təqdim edəcək.