Naxçıvan Dövlət Uşaq Teatrı yeni tamaşa səhnələşdirir. Mədəniyyət müəssisəsinin direktoru, Azərbaycanın əməkdar artisti Elmira Kərimovanın verdiyi məlumata görə, teatr Ağaxan Salmanlının “İgidlik imtahanı” əsərinə müraciət edib.
   Tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev, quruluşçu rəssamı Naxçıvan MR-in əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Zaur Kərimovdur. Tərbiyəvi mövzusu ilə seçilən tamaşada vətənpərvərlik hissləri aşılanır, tamah hisslərinə qarşı mübarizə təbliğ olunur. Rolları 7-17 yaş arası məktəblilər ifa edirlər. Səhnə əsəri yaxın günlərdə teatrsevərlərə təqdim olunacaq.