Musiqili Komediya Teatrında “Amerikalı kürəkən”
  
 
   Mayın 29-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində “Amerikalı kürəkən” musiqili komediyasının premyerası olacaq. Tamaşanın son məşqləri ilə tanış olmaq üçün yolumuzu bu teatrdan saldıq. Yazıçı-dramaturq Marat Haqverdiyevin “Amerikalı kürəkən” əsərinin quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamal, musiqi müəllifi isə Xalq artisti Ramiz Mirişlidir. Məşqin başlamasına hələ vardı deyə, əvvəlcə rejissoru axtardıq. Yox, əslində rejissor zaldaymış, sadəcə, yanğınsöndürən geyimində əvvəlcə onu tanıya bilmədik. “Tamaşada mən də yanğınsöndürmə idarəsinin rəisi rolunu oynayıram, ona görə bu geyimdəyəm” - deyən İlham müəllim tamaşa barədə fikirlərini bölüşdü.
   
   Müasir mövzuda əsər teatrın qəlbidir
   
   - “Amerikalı kürəkən” Musiqili Komediya Teatrında mənim quruluş verdiyim ikinci əsərdir. Birinci əsər yazıçı Aqşin Babayev və bəstəkar Oqtay Rəcəbovun “Şeytanın yubileyi” tamaşası olub.
   - Maraqlıdır, niyə məhz bu əsərə müraciət etdiniz?
   - “Amerikalı kürəkən” müasir həyatımızdan bəhs edən bir əsərdir. Müasir mövzuda əsər isə teatrın qəlbi, ürəyidir. Çünki gənclər, yeniyetmələr özlərini hadisələrin içində görmək istəyir. Tamaşada müxtəlif nəsilləri təmsil edən obrazlar var və hər bir obraz özünəməxsus xarakteri ilə seçilir.
   Baş qəhrəmanı - Kamran rolunu gənc aktyor Ramil Qasımov, Reyhan rolunu isə gənc aktrisa Gültac Həsənova oyanyır. Xanım Qafarova , Gülnarə Əzizova, Gülcöhrə Abdullayeva, Əməkdar artist Əkbər Əlizadə, xalq artistləri Arif Quliyev, Fatma Mahmudova və başqa aktyorlarımız da tamaşada maraqlı obrazlar yaradıblar. Tamaşanın son məşqləri gedir, tamaşa necə alınıb, bu barədə son sözü yəqin ki, tamaşaçılar deyəcəklər.
   
   Səhnədən tamahkar insanlara mesaj
   
    Məşq başlamaq üzrədir. İlham müəllim səhnəyə tələsir. Bu məqamda əsərin müəllifi Marat Haqverdiyevin fikirlərini öyrənməyə çalışırıq.
   - İlk dəfə Musiqili Komediya Teatrına “Qısqanc ürəklər” əsəri ilə müraciət etmişdim. Bu əsər tamaşaya qoyuldu, uğur qazandı, teatrın rəhbərliyi belə qərara gəldi ki, “Amerikalı kürəkən” əsərini də tamaşaya qoysunlar. Hər iki tamaşanın musiqisini bəstəkar Ramiz Mirişli yazıb.
   - Əsərləriniz bir çox teatr səhnələrində tamaşaya qoyulub. Musiqili Komediya Teatrının səhnəsi başqa səhnələrdən nə ilə fərqlənir?
   - Bu teatrın xüsusiyyətləri bütün teatrlardan fərqlənir. Musiqili Komediya Teatrının səhnəsində tamaşa çox böyük zəhmət hesabına başa gəlir. Başqa səhnələrdən fərqli olaraq burada aktyor həm oynamalı, həm oxumalı, həm də rəqs etməlidir. Musiqili komediya səhnəsi aktyordan daha çox diqqət, istedad və bacarıq tələb edir.
   - Əsərin ideyası necə yarandı?
   - Əsərin ideyası həyatdan, zəmanədən götürülüb. İndi belə hallara tez-tez rast gəlirik ki, bəzi analar qızlarının xoşbəxtliyini varlı kürəkən tapmaqda görürlər. Belə bəsit düşüncə sahiblərinə «saf məhəbbət vardan, puldan, sərvətdən daha qiymətlidir» mesajını göndərmək istəmişəm. Hadisələr komik planda, komik vəziyyətlərdə baş verir. Çalışmışam ki, əsər tamaşaçıların ürəyincə olsun.
   - Əsərin səhnə həlli müəllif kimi sizi qane edirmi?
   - İlham Namiq Kamalın sənətinə böyük hörmətim var. Əsəri böyük məmnuniyyətlə ona həvalə etdim, ona görə ki, geniş fantaziyalı, yüksək zövqlü insandır. Tamaşanın uğur qazanacağına əminəm.
   
   Müqəddəs yalan
   
   Musiqi səsi zala çökən sükutu bir anda pozur. Pərdələr açılır, səhnədə həyatımızın bir parçası ilə qarşılaşırıq. Sadə və olduqca canlı səhnə tərtibatının fonunda şəhərimizin parklarının birində gəzişən insanlarla qarşılaşırıq. Həyat gözəldir, hər kəs öz dünyasındadır. İngilis dili müəllimi Kamran və onun sevgilisi Reyhan da bu dünyanın adamlarıdır. Qayğısız insanlardan fərqli olaraq, onlar narahat görünür, saf məhəbbətlərini qorumaq üçün yollar axtarırlar. Axı Reyhanın anası qızını varlı bir adama ərə vermək istəyir. Yalan pis şey olsa da, həyatın elə məqamları var ki, müqəddəs yalan köməyə gəlir. Sevgililər də müqəddəs sevgilərini qorumaq üçün müqəddəs yalana əl atmalı olurlar. Necə? Yox, bu barədə danışmayacağıq.
   Ancaq tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baletmeysterlər Yelena və Zakir Ağayevlər, quruluşçu rəssam Nabat Səmədovanın yüksək səviyyəli işlərindən danışmağa dəyər. Xoş musiqi, dinamik hadisələr, maraqlı rəqslər bitkin şəkildə bir-birini əvəz edir. Sanki məşqə yox, elə tamaşaya baxırıq. Birinci hissə başa çatır.
   Dinamik musiqinin əks-sədası qulağımızdan getməmiş bəstəkar Ramiz Mirişliyə yaxınlaşdıq.
   - “Amerikalı kürəkən” mənim Musiqili Komediya Teatrında musiqi tərtibatı verdiyim dördüncü əsərdir. “Qaçırılmış qız”, “Gəl qohum olaq”, “Qısqanc ürəklər” və bu gün məşqinə baxdığımız əsər. Ssenarini dərhal bəyəndim. Xalq şairi Fikrət Qocadan xahiş elədik musiqiyə şeirlər yazsın. Qısa bir vaxtda operetta hazır oldu. Operettanın öz qayda-qanunları var. Burada həm ansambl nömrələri, həm duet, həm ariya, həm də üvertüra var. Çalışmışam ki, tamaşaçıların zövqünü oxşayım.
   - Obraz paltar kimidir, aktyor özünü obrazda rahat da hiss edə bilər, narahat da. Görəsən yeni obrazda aktyorlarımız, aktrisalarımız özlərini necə hiss edirlər?
   Tamaşada əsas obrazlardan birini oynayan Əməkdar artist Xanım Qafarova:
   - Tamaşada Reyhanın anası Tünzalə xanım obrazını oynayıram. Mənim oynadığım obrazlardan tamamilə fərqli, xarakterik bir roldur. Tünzalə xanım qızını sevən, onun gələcəyini düşünən və həm də bir az pulgir, tamahkar bir qadındır. O düşünür ki, qızı yalnız varlı adamla xoşbəxt ola bilər. Amma sonda yenə də saf məhəbbət qalib gəlir. İnanıram ki, tamaşaçılar gəlib bu əsərdən böyük zövq alacaqlar.
   Musiqili Komediya Teatrının aparıcı solisti, gənc aktyor Ramil Qasımov:
   - Mənim oyandığım Kamran obrazı gənc, sevən bir aşiqdir. Sadə həyatı var, ancaq sevdiyi qızın anası var-dövlət hərisidir. Çıxılmaz vəziyyətə düşən Kamran sevgisini qorumaq üçün oyun qurur, özünü amerikalı kürəkən kimi qələmə verir.
   - Eşitdiyimizə görə, bu obrazı daha mükəmməl oynamaq üçün ingilis dili kurslarına getmisiniz.
   - Bəli. Bu rola görə ingilis dili kurslarına getdim, indi də qarşıma məqsəd qoymuşam ki, ingilis dilini peşəkarcasına öyrənim. Artıq amerikalı kürəkən kimi özümü səhnədə sərbəst hiss edirəm.
   Reyhan obrazını yaradan Gültac Həsənova:
    - Bu əsər real həyatımızla səsləşən bir əsərdir. Bir növ gənclərə örnəkdir. Reyhan obrazı yəqin ki, sevdiyim obrazlardan biri olacaq.
   İkinci hissədə gərginləşmiş hadisələr get-gedə açılır, bulanıq sular durulur, həqiqət üzə çıxır. Arif Quliyevin, Fatma Mahmudovanın və İlham Namiq Kamalın oyunları tamaşaya xüsusi rəng qatır.
   Tamaşa barədə ilk təəssüratlarımı sizinlə bölüşdüm. Deyirlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. “Amerikalı kürəkən”i görmək istəyənləri Musiqili Komediya Teatrına dəvət edirik.
   
   Təranə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar