Musiqili Komediya Teatrının 100 illik yubiley ilində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın simfonik orkestri üçün yeni musiqi alətləri alınıb. Teatrın direktoru Əliqismət Lalayev bu hədiyyə üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib: “Teatrın simfonik orkestri üçün son dəfə musiqi alətlərinin nə vaxt alındığını burada heç kəs xatırlamır. Odur ki, orkestrdə yeni musiqi alətlərinə çox ciddi ehtiyac duyulurdu. Teatrımızın daha da inkişafı naminə, həm də böyük yubiley ilində ona göstərilən bu diqqət və qayğı hamıda fərəh hissi doğurur. Əlbəttə, bunlar teatrda yaradıcı prosesə stimul verən şərtlərdir”.
   Qeyd edək ki, musiqi alətləri ölkə prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq alınıb.