Ötən cümə Gənc Tamaşaçılar Teatrında yəhudi yazıçıları, Şolom Aleyxom və Mark Şaqalın əsərlərinin motivləri əsasında “Mavi yuxular” birhissəli tragikomediyasının premyerası keçirildi. Əsərin tərcüməçisi İlqar Fəhmidir. Tamaşanın quruluşçu rejissoru, səhnələşdirmə və musiqi tərtibatçısı Xalq artisti İrina Perlovadır.    

   Tragikomediyanın sadə ideya və mövzusu var. Əsərin qəhrəmanı Motl adlı rəsm çəkməyi çox sevən bir gəncdir. Tamaşa Motlun gənc rəssam kimi formalaşmasından bəhs edir. Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur. Tamaşada insanın yetişdiyi mühitdən və uşaq vaxtı yaşadığı məqamlardan söhbət gedir. Əsərdəki hadisələr balaca Motlun gələcək həyatını həll edir.
   Motl obrazını Əməkdar artist Şövqü Hüseynov məharətlə canlandırıb. Motl ailənin kiçik uşağıdır, özündən böyük Elya adlı bir qardaşı var. Elya rolunu Əməkdar artist Nofəl Vəliyev ifa edir. Onların atası ölümcül xəstə olur və vəfat edir. Ana obrazı isə (Əməkdar artist Leyli Vəliyeva) çox kədərli və çarəsiz qadın təsiri bağışlayır.
   Ailə başçısının vəfatından sonra böyük qardaş məsuliyyəti öz üzərinə götürür. O həm də Motla müəllimlik edir, yazıb oxumaq öyrədir, amma Motl bir şagird kimi tənbəldir. Elya ailəni alverlə dolandırmaq istəsə də işi uğursuz olur. Ailə evlərini satıb Amerikaya köçməyə məcbur olur. Sonda Motl məşhur bir rəssam olur.
   Tamaşa insanın həyatının onun seçimlərinin nəticəsi olduğunu anladır. Qeyd edək ki, tamaşanın baş rəssamı Əməkdar rəssam Tahir Tahirov, ədəbi hissə müdiri Rafiq Rəhimli, redaktoru Səriyyə İsmayılova, musiqi hissə müdiri Ülvi Cəfərovdur. Quruluşçu rejissor İrina Perlova tamaşanı faşizmlə mübarizə aparan insanlara həsr etdiyini deyir: "Tamaşanın ideyası odur ki, dünyaya gələn insan sevgi ilə də, nifrətlə də qarşılaşa bilər».
   
   Nuray