Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Krım Muxtar Respublikasının (Ukrayna) Simferopol şəhərində keçirilən «Bosporskie aqonı» XII Beynəlxalq Antik İncəsənət Festivalında iştirak edib.
   
   Teatr festival çərçivəsində Braziliya dramaturqu Qilyermo Fiqeyredonun əsəri əsasında səhnəyə qoyulmuş «Ezop» tamaşası (rejissor C.Səlimova, Xalq artisti, professor) ilə çıxış edib. Səhnə əsəri festival komitəsinin, teatr müsabiqəsi münsiflər heyətinin üzvləri, teatrşünaslar, soydaşlarımız və yerli tamaşaçılar tərəfindən ayaq üstə, gurultulu alqışlarla qarşılanıb. Tamaşada əməkdar artistlərdən İlqar Cahangirov (Ezop), Nofəl Vəliyev (Ksanf), Gülər Nəbiyeva (Kleya), artistlər İradə Rəşidova (Melita), Vüsal Mehrəliyev (Efiop), Rövşən Abbasov (Kapitan) rol alıb. Əsəri rus dilinə teatrın redaktoru Səriyyə İsmayılova tərcümə edib.
   Festivalın bağlanış mərasimində Krım Muxtar Vilayəti Nazirlər Sovetinin sədr müavini, Festivalın təşkilat komitəsinin sədri T.Omrixina, «Bospor» Fondunun direktor müavini Y.Kremenko, münsiflər heyətinin sədri L.N.Kadırova və başqaları çıxış edərək festivalın uğurlarını qeyd ediblər. Ən yaxşı antik tamaşaya görə «Bosporskaya Nika» mükafatı və diplom Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına verildi. Bu teatrın beynəlxalq teatr festivalında növbəti uğurudur.