Dövlət Akademik Milli Dram Teatrı 137-ci teatr mövsümünü görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı «Xurşidbanu Natəvan» tamaşası ilə yekunlaşdırıb. Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Sabir Məmmədov, Cəfər Namiq Kamal, Sadıq İbrahimov, Kazım Abdullayev, Mehriban Xanlarova, Əsgər Məmmədoğlu, Pərviz Bağırov, Firuz Xudaverdiyev, Kazım Həsənquliyev, Tofiq Hüseynov və başqaları canlandırıblar. «Xurşidbanu Natəvan» tamaşası Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində göstərilib.
   Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı isə 89-cu mövsümünü “Ər almaq istəyirəm” (“Xoçu kupit muja”) tamaşası ilə başa vurub. Görkəmli rus satiriki Mixail Zadornovun bu ikihissəli musiqili lirik komediyası teatrın baş rejissoru Aleksandr Şarovskinin təşəbbüsü ilə Bakı tamaşaçılarına ilk dəfə 1992-ci ildə göstərilib. Baş rolları Duxovnaya, Yagizarov və Spitsına ifa ediblər. Tamaşadan əvvəl quruluşçu rejissor, Xalq artisti A.Şarovski tamaşaya musiqi yazmış bəstəkar Leonid Vaynşteynin xatirəsini yad edərək vurğulayıb ki, əgər ömür vəfa etsəydi, onun bu il 65 yaşı tamam olacaqdı.
   Yeni quruluşdakı tamaşada Natalya Şarovskaya, Fuad Osmanov və Anaida Rastovskayanın oyunu tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Tamaşada Boris Posternakın, Anna Axmatovanın, Marina Svetayevanın, Zinaida Qippiusun, Nikolay Dobronravovun şeirlərindən istifadə olunub. Səhnə əsərinin xoreoqrafı Ayan Mirqasımovadır.