Növbəti teatr mövsümünün bağlanması ilə əlaqədar düşüncələr
   
   Respublikamızın bütün teatrları növbəti mövsümü yekunlaşdırıblar. Müəyyən səfər və tədbirlər nəzərə alınmazsa, kollektivlər yay tətilinə çıxıblar. Truppalar bir də avqustun sonlarında məzuniyyətdən qayıdacaqlar.
   
   Bəlkə də belə bir vaxtda teatrlar, onların durumlarının nəzərəçarpan qüsurları barədə danışmaq yerinə düşməz? Amma yanaşmamın məqsədini çözələyəndə fikirləşirəm: deyəsən düşər... Çünki elə məsələlər var ki, onların islahına çox geciksək də, aradan qaldırılması yollarını arayıb-axtarmağa elə məhz bu isti yay aylarından başlamaq lazımdır.
   Bəri başdan bir məsələyə aydınlıq gətirim. Oxucular və teatr xadimlərimiz yazımı oxuyandan sonra soruşa bilərlər ki, nə üçün yalnız tənqiddən söz açıram? Məgər uğurlarımız olmayıb?
   Əlbəttə olub. Olub və istər fərdi, istər kollektiv uğurlar barədə kifayət qədər danışılıb, deyilib, yazılıb və göstərilib. Nailiyyətlərə mən də sevinirəm və məhz bunların daha çox, daha əzəmətli, daha möhtəşəm olmaları üçün yalnız tənqidi fikirlərimi və iradlarımı bildirməyə üstünlük verirəm. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə atdığı cəsarətli addımları dəstəkləyirəm və nazirliyin teatrla bağı həyata keçirməyi planlaşdırdığı səmərəli tədbirlərindən az-çox xəbərdar olduğum üçün uğurlara inamım böyükdür.
   
   * * *
   Əvvəlcə bəzi faktları oxucularla birlikdə xatırlayaq.
   Akademik Milli Dram Teatrı növbəti mövsümü ilk dəfə tamamilə yenidən qurulmuş, çox çağdaş texniki və texnoloji təchizatlı binada açacaq. (Xatırladıram: bina 1960-cı ildə istifadəyə verilib və bir dəfə də əsaslı təmir edilməyib).
   Dövlət Gənclər Teatrının və Bakı Kamera Teatrının kollektivi ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinə birləşdirilib. Teatr 2009 - 2010-cu il teatr mövsümünü əsaslı təmirdən yenicə çıxmış binada başladı.
   Dövlət Kukla Teatrı ikinci ildir ki, mövsümü işıq, istilik-soyutma sistemləri yeniləşmiş, texniki imkanları tam təzə təchizatlı binasında açır və bağlayır.
   Rus Dram Teatrı növbəti yeni mövsümü də təzə binada açacaq.
   Ölkə prezidenti «Azərbaycan teatrı 2009 - 2019-cu illərdə» Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» sərəncam imzalayıb.
   Hər il olduğu kimi, bu il də may ayında respublika prezidentinin sərəncamı ilə bir qrup teatr işçisi prezident təqaüdünə və prezident mükafatına layiq görülüblər...
   Bunlar son dərəcə fərəh və qürur doğuran faktlardır. Deməli, teatr sənətimizin tərəqqisinin və təkamülünün fəaliyyət perspektivləri açıq və genişdir, yaradıcılıq zəmini münbitdir. Lakin bu o demək deyil ki, teatr işçilərinin maaşlarını artırmağa ehtiyac yoxdur. Var və bu, mütləqdir. Yaxud teatrların yaradıcı heyətlərinin tərkibində, fəaliyyət prinsiplərində islahatların bitdiyini söyləmək düzgün deyil. Həqiqət odur ki, bu istiqamətdə fundamental islahatlar və yeniləşmə prosesi gedir.
   Mən də teatr sahəsinə maraq göstərən bir qələm sahibi kimi dövlətin milli səhnə sənətinə diqqət və qayğısından məmnunluq duyuram. Ancaq eyni zamanda bu ilin sentyabr-oktyabr aylarında başlanacaq 2010 - 2011-ci il teatr mövsümü qarşısında müəyyən rahatsızlıqlar keçirirəm. Təbii ki, rahatsızlığım və nigarançılığım sırf fərdi və subyektiv düşüncələrimdən doğur. Lakin ümid edirəm və inanmaq istəyirəm ki, söyləyəcəklərim müəyyən məsələlərə daha prinsipial və daha yaradıcı münasibətlərlə yanaşmaq üçün təkan verə bilər.
   
   * * *
   Bir qisim sənətkarlarımızın adları builki prezident mükafatı siyahısında olmadı. Narazılıqlar... etirazlar... küskünlük... açıq müstəviyə keçdi. Kimlərinsə giley-güzarını mətbuatdan da oxuduq. Onların arasında xalq artistləri də var, əməkdar artistlər də. Nəyəsə etiraz etmək, nə ilə isə barışmamaq, hansısa haqqını qorumaq hər yaradıcı fərdin öz şəxsi işidir.
   Məni başqa məsələ düşündürür.
   Nə üçün bu səhnə işçiləri unudurlar ki, prezidentin mükafatı fəxri adlara görə deyil, ilin sənət uğurlarına görə verilir? Halbuki həmin aktyor və aktrisaların böyük əksəriyyəti son üç-dörd teatr mövsümündə prezident mükafatını hər ay alıb bir dəfə də təzə rolda səhnədə görünməyəndə heç səsləri də çıxmırdı. Xatırladıram ki, prezident mükafatları vaxtilə görülmüş işlərə görə deyil, son ilin yaradıcılıq uğurlarına görə verilir. Çox-çox təəssüflər olsun ki, həm teatr rəhbərləri, həm də aktyor və aktrisalarımız bu tələb və meyarı unudurlar. Unudurlar ki, lap elə son beş ildə hər mövsümdə mükafat alan heç bir aktyorun hadisəyə çevrilən və sorağı məmləkətimizin hüdudlarını adlayan sənət nailiyyəti olmayıb. Təbii ki, bunun da bir çox səbəbləri var və çalışacam ki, onlardan bəzilərinə çıraq tutum. Amma ilkin qənaətim və tövsiyəm odur ki, bir qisim aktyorlar dövlətdən «aldıqlarının» əvəzində sənətə «verdiklərini» də haqq-hesaba vursunlar, mizan-tərəziyə qoysunlar... Onda obyektiv həqiqət daha qabarıq və daha aydın görünər.
   Bəri başdan onu qətiyyətlə etiraf edirəm ki, Azərbaycanın teatr məkanında kifayət qədər istedadlı aktyor və rejissor var. Lakin kollektiv yaradıcılıq növü olan (dramaturq, rejissor, aktyor, rəssam, bəstəkar...) teatrlarımızda eyni amalla, eyni coşqunluqla, ehtiraslı yaratmaq eşqi ilə işləmək vərdişi öləziyib. Bəzi kollektivlərdə isə bu vacib şərt tamamilə itib. Hətta vəziyyət o yerə çatıb ki, məşqlərdə hər aktyor özünün səhnələrini başa vurandan sonra salonda oturub hadisələri izləmək əvəzinə məşqi tərk edir. Buna görə də əksəriyyətinin bütöv, tam tamaşa barədə məlumatları olmur. Bəla burasındadır ki, əksər teatrlarımızda onlara irad tutub elementar sənət qanunlarına riayət etməyə çağıran iş prinsipi mövcud deyil.
   Dediyim estetik yaradıcılıq şərtinin öləziməsinin və itməsinin səbəbləri çoxdur. Ancaq mənim fikrimcə, bunun əsas səbəbi kollektivi arxasınca apara biləcək baş rejissorların son dərəcə azlığıdır. Bu gün öz estetikası olan baş rejissor deyəndə Dövlət Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadə və «Yuğ» Dövlət Teatrının bədii rəhbəiri Vaqif İbrahimoğlu yada düşür. Digər teatrlarda, dostlarım məndən inciməsinlər, baş rejissor (və ya bədii rəhbər) adını şərəflə, yaradıcılıq uğurları ilə daşıyan baş rejissorlarımız yox dərəcəsindədir. Daha doğrusu, istedadlı rejissorlarımız var, amma onların baş rejissor kürsüsündəki yaradıcılıqları və gördükləri işlərin nəticəsi daha çox ümidsizlik və rahatsızlıq doğurur. Halbuki Azərbaycan teatrında özlərinin poetika göstəriciləri, estetik sənət prinsipləri formalaşmış Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, İsmayıl Hidayətzadə, Soltan Dadaşov, Məhərrəm Haşımov, Zəfər Nemətov, Şəmsi Bədəlbəyli, İbrahim Həmzəyev, Vəli Babayev, Hüseynağa Atakişiyev (Şəki teatrındakı dövrü)... kimi baş rejissorlarımız olublar.
   Təəccüb doğurur ki, Azər Paşa Nemət kimi ölkəmizdən kənarda da tanınan bir rejissor bu gün hansısa sənət kollektivinə rəhbərlik etmir. Hətta heç bir məntiqə sığmır ki, Akademik Milli Dram Teatrında bu zövqlü rejissorun son işi səkkiz ilə əvvəl olub («Hamlet», Vilyam Şekspir).
   Niyə?..
   Nə üçün?..
   Mən bu suallara aydın və ifadəli cavab tapa bilmirəm. Amma əvəzində başqa bir həqiqətin qənaətindəyəm. Fikrimcə, teatrlarda baş rejissorların yerində olmamaları ucbatından «pulla rol almaq», «hədiyyə ilə əsər hazırlamaq», «bəxşişin dərəcəsinə görə baş rola yiyələnmək» və bu kim ifadələr teatr ictimaiyyətində ağızdan-ağıza dolanır. Məsələ kiminsə bu faktla bağlı istintaq təhqiqatı aparmasında, kimlərisə cəzalandırmasında deyil. Məsələnin göynərtili tərəfi odur ki, bu acı reallığa meydan açılıb. Belə meydan mütləq tamaşaçıları teatrdan soyudur, onların hansısa sənətkara rəğbət və ehtiramına, pərəstiş və sevgisinə kölgə salır.
   Son illər Azərbaycan teatrlarında nizam-intizamdan da çox danışılır. Mənim qənaətim odur ki, teatrlarımızda sənət etikası və yaradıcılıq nizam-intizamı çox zəifləyib.
   Sübut?
   Mən elə buradaca kifayət qədər aktyor adı çəkə bilərəm ki, son üç, dörd... hətta on ildə bir dənə də təzə rol oynamayıb.
   Mən kifayət qədər aktyor adı çəkə bilərəm ki, işlədiyi teatrın qapısını yalnız maaşdan maaşa açır. Ona görə də həm repertuardan, həm də kollektivin daxilindəki proseslərdən xəbərdar deyil.
   Mən kifayət qədər aktyor adı çəkə bilərəm ki, heç truppalarındakı aktyorların adlarını tam bilmirlər.
   Mən son beş ildə görməmişəm, şahidi olmamışam ki, hansısa teatrın yeni tamaşasında, yəni premyerasında, başqa sözlə, sənət bayramında kollektivin tamaşada məşğul olmayan üzlərinin hamısı iştirak etsin. Sual edirəm: məgər teatr üçün premyeranın təqdimindən də müqəddəs gün varmı?
   Bu məqamlarda daha çox iradım mənə son dərəcə doğma kollektiv olan Akademik Milli Dram Teatrınadır. Soruşa bilərsiniz ki, niyə? Çünki birmənalı şəkildə bu sənət ocağı milli teatrımızın flaqmanıdır. Deməli, hamıya örnək olmalı, əyani nümunələr göstərməlidir. Hamı dərk etməlidir ki, kollektivin rəhbərliyi ilə «isti» münasibət heç bir aktrisaya böyük yaradıcılıq ənənəsi olan kollektivdə meydan sulamağa haqq vermir. Müdirlə bir qismət çörək kəsibən də hikkəylə, çığır-bağırla, açıq və ya gizlin riyakarlıqlarla gənclərin və ya digər həmkarlarının axtarışlarının qarşısını «kəsmək» səlahiyyəti heç kimə verilməyib.
   Sənət ciddiliyi, sənətkarların qarşılıqlı ehtiram prinsipləri o dərəcədə pozulub ki, bəzi yaşlı aktyorlar «sənət mənimlə bitdi» deyirlər, teatrın sabahını «görmədiklərini» söyləyirlər. Təəssüflər olsun ki, televiziya əməkdaşları belə müsahibələri redaktə etmədən efirə verməklə kollektiv daxilində intriqaya zəmin yaradırlar.
   Yaxud bəzi gənclər səhnəyə çıxmaqla səhnədə yaratmağı qarışıq salırlar. Unudurlar ki, lap əlli il də səhnəyə çıxmaq, amma yaradıcılıq uğuru qazanmamaq olar. Yaxud da elə iki-üç rolla istedadı sübuta yetirmək mümkündür. Məsələ ondadır ki, sənət meyarları kobudcasına pozulmasın, sənətkarlıq şərtləri hoqqabazlıqla tay-dəyişik salınmasın, qiymətvermə ölçüləri urvatdan düşməsin.
   Belə xoşagəlməz hallardan çox misal çəkə bilərəm. Məsələ burasındadır ki, son vaxtlar Milli Dram Teatrının inzibati rəhbərliyində dəyişikliklər olub. Bəzi sərt, ancaq çox vacib islahatlar da aparılacaq. Mən də sevinirəm, mən də ümidliyəm, mən də sabaha inamla baxıram. Xatırladıram: vaxtilə bu teatrda Ədil İsgəndərovun bədii rəhbər kimi dəmir intizamı (1938 - 1960), Tofiq Kazımovun baş rejissor kimi (1964 - 1980) son dərcə çağdaş və çevik, dinamik və coşqun yaradıcılıq axtarışları olub. Onların hər ikisi qabaqcıl sovet teatrlarıının yaradıcılıq iqlimləri ilə uzlaşa bilən teatr prosesinə nail olmuşdular. İstərdim ki, təzə mövsümdə bu iki nəhəngin iki vacib rəhbərlik cəhətini (ciddi nizam-intizamını və qanadlı, coşqun axtarışlar ehtirasını) bir yaradıcılıq məramında görüm...
   Açığı, buna ümidliyəm...
   Ümid edirəm ki, Akademik Milli Dram Teatrı, nəhayət, vahid yaradıcılıq üslubu istiqamətində əsaslı və qətiyyətli axtarışlara başlayacaq. Rejissorlar illərlə işsiz qalmayacaqlar. Ayrı-ayrı rejissorların fərdi sənət konsepsiyaları ilk növbədə teatrın vahid və aparıcı üslubunun fəlsəfi-estetik əsaslarına söykənəcək. Bununla da müxtəlif tamaşalardakı çox müxtəlif «üslub» qarışıqlığına son qoyulacaq. Yeri gəlmişkən, zənnimcə, Milli Dram Teatrında ştatda olan quruluşçu rejissorların say tərkibinə də yeni prinsiplərlə yanaşılmalıdır.
   Son illərdə teatrlarımızda səhnədə səs yarışına çıxmaq dəb halını alıb. Yüksək diapazonlu, qəltənlı, şaqraq səs, lirik-dramatik, lirik-poetik səhnə danışığı, sözlərə xarakterik və koloritli çalarla «don biçmək», təbii ki, teatrın yaraşığıdır. Bu istiqamətdə mən səslərini səhnədə çox məharətlə tənzimləyən Abbasmirzə Şərifzadənin, Sidqi Ruhullanın, Ələsgər Ələkbərovun, Ağadadaş Qurbanovun, Yusif Vəliyevin, Ağasadıq Gəraybəylinin, Əliağa Ağayevin, Məlik Dadaşovun, Həsən Turabovun, Səməndər Rzayevin, Mərziyə Davudovanın, Barat Şəkinskayanın, Hökümə Qurbanovanın, Nəcibə Məlikovanın, Firəngiz Şərifovanın... adlarını çəkə bilərəm. Lakin təəssüflər olsun ki, aktyorlarımız teatrın bufetində, qeybət məqamlarında vərdiş etdikləri danışıq ahəngini daha kobud şəkildə səhnəyə gətiriblər.
   Aktyorun hansısa tamaşada səs tellərinin, boğaz damarlarının partlamaq həddinə gəlib çıxması yaradıcılıq uğuru deyil. İstedadın gücsüzlüyüdür. Elə buradaca demək istəyirəm ki, həm istedadsız peşəkarlar, həm də peşəkarlığa yiyələnməyən istedadlar ali sənət üçün həmişə təhlükəlidirlər.
   Azərbaycan teatrlarında şərti olaraq son beş ildə oynanılan tərcümə əsərlərini, xüsusən dünya klassiklərinin irsinə müraciəti nəzərdən keçirsək, siyahı kifayət qədər əlvan və sanballı görünər. Gəlin, baxaq görək, həmin əsərlərin hansı birinin tamaşası parlaq sənət hadisəsinə çevrilib?..
   Susmaq və ya tərəddüd keçirmək məcburiyyətində qalırıq. Bu sahədə də çox zərərli vərdiş (ənənə də demək olar) yaranıb. Rejissorlarımız repertuar seçimində kollektivin yaradıcılıq potensialına arxalanmaqdan, uğur naminə axtarışlara başlamaqdan, hansısa istedadın yeni yaradıcılıq keyfiyyətini üzə çıxarmaqdan uzaqdırlar. Əslində onlar daha çox özlərinin sənət bioqrafiyalarının siyahı sırasına «işləyirlər». Deməli, repertuarı deyil, bioqrafiyalarında hazırladıqları tamaşaların siyahısını «zənginləşdirirlər».
   Görünür, belə zərərli halların getdikcə geniş meydan almasının nəticəsidir ki, bəzi teatrlarımızın repertuarında janrı, üslubu, fikri, estetikası... məlum olmayan «həftəbecər şoular» meydan sulayır.
   Görünür, yüksək sənət meyarlarının itməsinin nəticəsidir ki, zəif əsərlərin repertuardan düşməyə taqəti qalmayıb.
   Görünür, Mədəniyyət və Turizm Nazirliyi teatrlara orijinal pyes qəbulunun yeni və daha obyektiv, daha faydalı, daha səmərəverici prinsiplərini işləyib hazırlamalıdır.
   Görünür, sənət prinsipiallığının yoxa çıxmasının nəticəsidir ki, tamaşa salonlarında onlarla boş kürsülərdə əyləşmiş nəzarətçilər işsizlikdən mürgü vururlar. Dahi Jül Renarın ifadəsini xatırlayıram: aktyor səhnədə pəncəsi üstə gəzirdi ki, bəlkə salondakı alqış səsini eşidə bildi...
   Görünür, müəlliflərə qarşı teatrların tələbkarlığının lazımi həddə olmamasıdır ki, hətta yaradıcılıq qabiliyyətlərinə, istedadlarına güvəndyimiz müəlliflərin də bəzən «çiy» əsərləri teatr qazanına düşür. Çağdaş müəllifə ehtiram və qayğı, mənəvi dayaq və yardım mütləqdir. Çünki bu, teatr sənətinin vacib etik tələblərindəndir. Teatr bir də ona görə müasirdir ki, istedadlı çağdaş dramaturqları öz ətrafında cəmləyə bilir. Ancaq heç bir halda ehtiram «ehtiyatla», qayğı «məddahlıqla», dramaturqa mənəvi dayaq «özünə dayaq axtarmaqla», yaradıcı yardım «yaltaqlıqla» əvəzlənməməlidir.
   Görünür, bir neçə ildir müəyyən xidmətləri olmuş aktyorların yalnız fəxri adlarının «kölgələrində» gün keçirmək «xəstəliyinə» tutulmaqlarının nəticəsidir ki, artıq ləhcə xəstəliyi səhnələrdə meydan sulayır. Azərbaycanın bədii dil qanunlarına uyğun olan, səhnə danışığının elmi əsaslarından şirələnən təravət, ləzzət, həzz... itir.
   Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının binasında Akademik Milli Dram Teatrının hələlik son işi olan «Oğru cənnətdə və yaxud Vinçenso de Pretore» (Eduardo de Filippo) tamaşasına baxırdım. Sağımda-solumda peşəkar teatr xadimləri əyləşmişdilər. Səhnədəki aktyorların böyük əksəriyyətinin danışıqlarında tələffüz aydın deyildi. Fikirləşdim ki, yəqin mənə elə gəlir. Ya da vacib səhnə tələblərinin ciddiliyi itib. Həmkarlarıma baxanda və onların da acı dodaq büzmələrini görəndə ikinci fikrimdə yanılmadığımı duydum.
    Yuxarıda qeyd etdim ki, Dövlət Gənclər Teatrının və Bakı Kamera Teatrının truppaları Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətilə birləşdirilib. Gənc Tamaşaçılar Teatrının də rus bölməsi Rus Dram Teatrına verilib. Fikrimcə, qətiyyətli və lazımlı addımdır. Ancaq teatrın repertuarına nəzər salsaq görərik ki, kollektiv bu birləşmənin məram və məqsədini, mahiyyətini və bədii qayəsini bir qədər unudub. Kamera Teatrında hazırlanmış və o kollektivin sənət estetikasına cavab verən «Məkkəyə yol» (Cəlil Məmmədquluzadə), «Otello» (Vilyam Şekspir), «Şeyx Sənan» (Hüseyn Cavid), «Hekayəti xırs quldurbasan» (Mirzə Fətəli Axundzadə), «Aydın» (Cəfər Cabbarlı) tamaşaları Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edilib. Halbuki indiki təqdimatda həmin səhnə əsərləri Gənc Tamaşaçılar Teatrının yaradıcılıq konsepsiyasına uyğun gəlmir.
   Respublikamızda, o cümlədən Bakıda, Gəncədə, Naxçıvanda, Salyanda, Qaxda kukla teatrları fəaliyyət göstərir. Fakt özlüyündə mədəniyyət göstəricisi kimi son dərəcə ürəkaçan və fərəhlidir. Arzu edərdim ki, həmin kollektivlərin repertuarlarındakı təkrarçılıq imkan daxilində aradan qaldırılsın. Ayra-ayrı truppaların heyətlərinin peşəkarlığına diqqət artırılsın, bəbəklərin (kuklaların) hazırlanmasında zəriflik gücləndirilsin.
   Respublikamızda iki sənət ocağı «musiqili dram teatrı» adlanır. Bunun biri Naxçıvanda, digəri isə Sumqayıtda fəaliyyət göstərir. Vaxtilə Naxçıvan teatrında Üzeyir bəy Hacıbəyovun muğam operaları, operettaları, Səid Rüstəmovun, Süleyman Ələsgərovun, Fikrət Əmirovun... musiqili komediyaları oynanılıb. Sumqayıt teatrında isə bir neçə əsərin zəif tamaşasının adını çəkməklə siyahını tamamlaya bilərəm. Faktdır və sənət ciddiliyi də bunu tələb edir ki, bu xarakterli teatrların mütləq öz orkestr kollektivi olmalıdır. Yalnız bu zaman muğam operalarının və musiqili komediyaların yüksək peşəkarlıqla tamaşaçılara təqdim edilməsinə nail olmaq mümkündür. Zənnimcə, Mədəniyyət və Turizm Nazirliyi özünün vaxtaşırı apardığı səmərəli struktur islahatlarında bu məsələnin də obyektiv həllini tapacaq.
   
   * * *
   ...Teatrlarda pərdələr bağlıdır.
   Ancaq Mədəniyyət və Turizm Nazirliyində və bir sıra teatrların rəhbər işçiləri arasında növbəti mövsümün uğurlu başlanğıcı üçün tədbirlər görülür.
   Teatrda pərdələr bağlıdır...
   Lakin arzumuz budur ki, onlar açılanda tamaşaçılara sənətin ecazkar aləmini, səhnənin füsunkar sehrini, teatrın ülviyyət cazibəsini bəxş edəydi...